Bütöv bir bəşəriyyəti qaranlığa sürükləyən narkomaniya bəlası təəssüflər olsun ki, ölkəmizin də qlobal problemlərindəndir. Statistikaya əsasən, 2000-2005-ci illər arasında bu bəladan əziyyət çəkənlərin sayı 14 min civarında idisə, son beş ildə 20 mindən yuxarı olub, hətta 2017-ci ildə 30 min 131, 2018-ci ildə isə 31 min 432 nəfər müalicə-profilaktika müəssisələrində qeydiyyata alınıb. Rəsmi şəkildə qeydiyyatda olmayan narkotik vasitə istifadəçilərini də hesaba alsaq onda vəziyyət daha da pisləşir.
Son zamanlar gənclərin, xüsusən də azyaşlıların yaxasından yapışan növü isə “metamfetamin” başqa adla desək “patı”dır. Təhlükə evimizə, hətta ovuclarımızın içinə qədər yaxınlaşıb. Belə ki, “şüşə”, “kakos” kimi adlar verilən narkotik maddənin istifadəsi və satışı sosial şəbəkələrdə açıq şəkildə təbliğ edilirdi. Təbii ki, rəsmi qurumlar məsələyə əl qoyana qədər. Bəs görəsən yaş meyarının azalması, vəziyyətin bu qədər pisləşməsinə əsas səbəb nədir?
Məsələ ilə bağlı hafta.az-a danışan kriminalist Teymur Baloğlanovun sözlərinə görə, sirr deyil ki, Azərbaycana daxil olan narkotik maddələrin əsas kütləsi cənub sərhədlərimiz vasitəsilə gətirilir. Narkotik maddələrin başqa ölkələrdə əkilib becərilib ölkəmizə gətirilməsi və burdan da başqa ölkələrə daşınması ölkələr arası cinayət qruplarının birliyindən xəbər verir:
“İndi tək narkomaniyanın yox, elə digər sahələrdə də yaşın aşağı düşməsinin şahidi oluruq. Bu da yəqin ki daha erkən oyanmanın baş verməsi ilə bağlıdır. İnternet amilini də burada gözdən qaçırmaq olmaz. Təəssüflər olsun ki bəzən azyaşlıların nəinki narkotik istifadəsinə, hətta satışına belə cəlb olduqlarına şahidlik edirik. Səbəb isə qanunvericilikdə azyaşlılara qarşı tətbiq olunan cəzaların daha mülayim olmasıdır. Başqa bir səbəb isə, aildən və cəmiyyətdən gələn yanlış tərbiyə amilidir. Narkomaniyaya qarşı mübarizəni tək inzibati tədbirlər görməklə aparmaq kifayət etmir. Elə cinayətkarların günü-gündən çoxalması buna başlıca misaldır. Yaxşı olardı ki, həm cəzanın sərtləşdirilməsi, həm də maarifləndirmə baxımdan daha ciddi tədbirlər görülsün”.
Kriminalist sözügedən narkotik maddənin xüsusilə gənclər arasında yayılmasına əsas səbəb kimi, emalının asan başa gəlməsini görür:
“Metamfetamin təbiətdə mövcud olmayan və emal yolu ilə hazırlanan narkotik vasitədir. Onun istehsalı ucuz başa gəldiyindən yayılması daha sürətlidir”.
Teymur Baloğlanov narkotik istifadəçilərinin cinayət məsuliyyətinə deyil, müalicəyə cəlb olunmasını indiki məqamda daha məqsədə uyğun hesab edir:
“Bəzən görürük ki, narkotik satan deyil ondan istifadə edən həbs edilir. Əslində isə yaxşı olardı ki, istifadəçilər müalicəyə, satıcılar məsuliyyətə cəlb edilsinlər. Bax onda məsələnin həllində ciddi addımlar atılmış olar”.
Ardınca isə narkomaniya üzrə ekspert Emil Maqalov bu narkotik maddənin orqanizmə verdiyi saysız ziyanların bir neçəsini sadaladı:
“Metamfetamin istifadə edən adam hər şeydən öncə çürüməyə başlayır. Bu zaman damarlar, dişlər, dəri və daxili orqanlar gözlə görülə biləcək şəkildə çürüyür. Həmçinin ondan istifadə edən adamlar intihara da meyilli olurlar. Baxırıq ki, narkotik maddə istifadəçisi 2-3 saatdır kitab oxuyur, yaxınlaşanda görürük sən demə kitabı tərsinə tutubmuş. Başqa biri isə bağlı televizorda heyvanlar aləminə baxdığını iddia edir”.
Müsahibimiz onu da vurğuladı ki, ölkəmizə gətirilən narkotikləri tək İranın boynuna atmaq heç də düzgün deyil: “Araşdırmalarıma əsasən deyə bilərəm ki, bu bizə ilk dəfə Türkiyədən gəlib. İndi həm Türkiyədən, həm Rusiyadan həm də İrandan ölkəmizə təbii narkotik gətirilir. Elə burda da istehsal oluna bilər. Lakin bu tək bizim yox elə bütün dünyanın baş bəlasıdır. İndi dünyanın demək olar ki hər yerində vəziyyət oxşardır”.
E.Maqalov kimyəvi narkotikin sürətli yayılmasına başlıca səbəb kimi pandemiyanı misal çəkdi:
“Narkotik qurbanlarının aşağı yaş qruplarına qədər düşməsinin bir səbəbi də pandemiya oldu. Uzun müddət bağlı olan yollar birdən-birə açıldı. Təbii narkotikin istifadəsi təxmini 1-2 dəqiqə çəkir. Lakin, metamfetaminin istifadəsi çox asandır. Ona görə də adi siqaret çəkən şəxs də ondan istifadə edə bilir”.
Ekspert “Deyirlər ki, metamfetamin istifadəçilərinin cəmi 3-4 il ömrü olur” sualını da yanıtsız qoymadı. O, bildirdi ki, normal adamın psixilogiyası tamamilə pozulduqda özünə hər cürə ziyanı vura bilər. Yəni, istifadəçi çürüyərək ölməsə belə əvvəl-axır özünə ağır ziyanlar vuracaq.
Heç kəs ailə və yaxınlarını bu bəladan sığortalaya bilməz, hələ ki belə bir zamanda. Ona görə də narkotikə qarşı əl birliyi ilə aparmalıyıq. Sağlam həyat və gələcək, güclü Azərbaycan üçün qətiyyətli olmaq lazımdır.