Rəsmi Bakının Azərbaycan ərazisində kompakt yaşayan ermənilərə verdiyi və verməyə hazır olduğu hüquqlar vətəndaşlıq hüquqlarıdır və dövlətimiz öz siyasətini də bu istiqamətdə həyata keçirir. Və demək olar ki, bu fikir artıq Rusiyada da mövcuddur. Çünki Putinin, Lavrovun “status sonrakı məsələdir” deməsi onu göstərir ki, əsas məsələ Qarabağda həyatın normallaşması və belə deyək, əlaqələrin, kommunikasiyaların bərpasıdır.
Bu fikirləri hafta.az-a politoloq Tofiq Zülfüqarov deyib. Onun sözlərinə görə, bu, təxminən ona oxşayır ki, Azərbaycan deyir ki, biz burada reinteqrasiya prosesləri aparırıq:
"Və bu cür siyasət istiqamətində il ərzində Bakıdan İrəvana belə siqnallar gedirdi ki, gəlin sülhü seçək, sülh hamıya fayda gətirir və gətirəcəkdir və s. Belə çağırışlar qardaş Türkiyə ilə Şuşa bəyannaməsi imzalananda da həm Bakı, həm Ankara tərəfindən səslənib. Amma təəssüf ki, qarşı tərəfdən məqbul reaksiya görmürük. Biz Ermənistanı dəvət edirdik ki, siz bu prosesdə müsbət şəkildə iştirak etsəniz, Qarabağda erməni əhalinin qalması üçün şərait yaradarıq. Yox, əgər konfrontasiya yolunu seçsəniz, sizin heç bir şansınız yoxdur. Nəyə görə? Çünki birincisi Azərbaycanın, Türkiyənin demoqrafik, iqtisadi, hərbi potensialı Ermənistanın potensialını qat-qat üstələyir. İkincisi, beynəlxalq şərait də Ermənistanın xeyrinə deyil. Yəni hansısa xarici ölkə, güc gəlib ermənilərin əvəzinə silah alıb vuruşmağa hazır deyil. Rusiyanın mövqeyi bunu göstərir. Hətta Fransanın da... Guya Fransa qoşun göndərib Ermənistanın tərəfində vuruşacaq? Təbii ki, yox. Bunun üçün onun nə marağı var, nə də imkanı... Yəni bu baxımdan, təkrar edirəm, Azərbaycan Ermənistana bir şans verib ki, gəlin bu şansdan yararlanın, heç olmasa, Qarabağda qalan 20-25 min erməni Azərbaycan vətəndaşlığını alıb digər vətəndaşlarımız kimi yaşasınlar və siz də bu prosesdə bizə yardımçı olun. Amma əgər siz qarşıdurma yolunu seçsəniz, heç həmin 25 minin də Azərbaycan torpağında qalıb yaşama şansı olmayacaq. Yəni balans bizim xeyrimizədir. Və təəssüflər olsun ki, ötən bir ildən çox müddətdə ermənilər Azərbaycanın verdiyi şansı dəyərləndirmədilər. İndi, bu günlərdə də Paşinyanın verdiyi açıqlamalar onu sübut edir ki, Ermənistan köhnə mövqeyində qalıb. Yəni demək istəyir ki, biz Qarabağın Azərbaycandan ayrılması siyasətini davam etdirəcəyik. Başqa sözlə, bundan sonra da rəsmi İrəvan tərəfindən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qəsd siyasəti aparılacaq. Paşinyanın sonuncu mətbuat konfransında Qarabağla, sərhədlərlə, Zəngəzur dəhlizi və s. ilə bağlı söylədikləri məhz bunu göstərir. Və sonda belə bir mövqe Azərbaycan üçün müəyyən problemlər yaratsa da, Ermənistanı tamamilə fəlakətə aparıb çıxardacaq. Çünki həmin gözlənilən fəlakət barəsində ermənilərə Azərbaycan da, Türkiyə də, hətta Rusiya da dəfələrlə xəbərdarlıq edib".