Bakıda ilk dəfə “Avropa Ədəbiyyatı Gecəsi” təşkil olunub

21:07 26.09.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün Bakıda ilk dəfə olaraq Latviya və Çexiyanın ölkəmizdəki səfirliklərinin Avropa İttifaqının Bakıdakı Nümayəndəliyi ilə birgə təşkil etdiyi “Avropa Ədəbiyyatı Gecəsi” adlı tədbir keçirilib.

Hafta.az-ın yazdığına görə, tədbir Avropa və Azərbaycan mədəniyyətlərini yaxınlaşdırmaq məqsədilə 2020-ci ilin fevral ayında yaradılmış Avropa İttifaqı Ölkələrinin Mədəniyyət İnstitutları İttifaqı (EUNIC) və Azərbaycan klasteri tərəfindən təşkil olunub.

Bu arada qeyd edək ki, Avropa Dilləri Günü hər il sentyabrın 26-da qeyd olunur. Bu tədbirin əsas məqsədi həm məktəblərdə, həm də ondan kənarda müxtəlif Avropa dillərinin öyrənilməsini və inkişafını təşviq etməkdir.

Tədbirin açılışında çıxış edən Latviya səfirinin müavini xanım Viya Busa “Avropa Ədəbiyyat Gecəsi”nin əhəmiyyətindən, keçirilmənin məqsədindən söz açıb. Bildirib ki, Avropa Şurası 26 sentyabr tarixini Avropa dilləri Günü elan edib və ona görə də tədbiri məhz bu tarixdə Bakıda keçirməyə qərar veriblər. “Latviyalı klassik yazarlardan birinin dediyi kimi, dilini sevirsənsə və tanıtmaq istəyirsənsə, ona və digər bütün dillərə hörmət elə” deyən xanım V.Buşa bildirib ki, hazırda qeyd etdiyimiz tədbir Bakıda keçirilən ilk “Avropa Ədəbiyyatı Gecəsi”dir.

Çexiya səfirinin müavini Daniel Putik də çıxış edərək hazırda qeyd etdiyimiz tədbirin Avropada böyük maraq yaratdığını bildirib. “1936-cı ildə böyük çex şairi yazırdı ki, böyük dillər böyük diplomatiyadan da üstündür. O qeyd edirdi ki, hər kəsin dili milli dil olsa da, həm də universaldır” deyən cənab Putikin sözlərinə görə, bu gün ilk dəfə qeyd olunan Avropa Ədəbiyyat Günü və Ədəbiyyat Gecəsi məhz Çex formatında keçirilir. Çex formatı o deməkdir ki, Çexiyanın Ədəbiyyat İnstitutu bu tədbiri Praqada neçə illərdir keçirir, hətta Avropanın bir çox yerində qeyd olunur. Onun sözlərinə görə, əgər azərbaycanlı tamaşıçalın tədbirə marağı böyük olarsa, o zaman bu layihəni genişləndiirb, inkişaf etdirəcəklər.

Çıxış edən Avropa İttifaqının ölkəmizdəki səfiri Peter Mixalko Avropa Dilləri Günü və Avropa Ədəbiyyatı Gecəsinin mahiyyəti, insanlara müsbət təsirindən söz açıb, təşkilatçılara işlərində uğurlar arzulayıb. Diplomat qeyd edib ki, sitat: bizi birləşdirən sülh, insan ləyaqəti, tolerantlığa layiq istənilən dillərdə danışırıq və bununla fəxr edirik.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam etdirilib. Latış və Çex yazarların, şairlərin əsərləri orijinal və Azərbaycan dillərində səsləndirilib, böyük Nizami Gəncəvinin məşhur “Leyli və Məcnun” əsərindən parçalar əvvəl azərbaycanca, daha sonra isə latış, çex, ingilis, fransız, ispan və sair Avropanın fərqli dillərində tamaşaçılara təqdim olunub. Eləcə də, Rəsul Rzanın “Rənglər” şeiri Azərbaycan və latış dillərində məhz xanım Viya Buşanın ifasında səsləndirilib. Çexiyalı yazar Ludviq Aşkenazi tərəfindən qələmə alınmış qısa hekayələr də Azərbaycan dilində tamaşaçılara təqdim olunub.

Oxunma sayı 1223