Bakıda Səudiyyə Ərəbistanı Krallığının milli bayramı - Krallıq elan olunması günü münasibətilə rəsmi qəbul təşkil edilib.
Hafta.az-ın yazdığına görə, dövlət və hökumət təmsilçilərinin, diplomatik korpusun, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədirdə əvvəlcə hər iki ölkənin dövlət Himnləri səsləndirildi.

Tədbirdə çıxış edən Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli bildirib ki, Səudiyyə Ərəbistanı - Azərbaycan münasibətlərinin əsası 1991-ci ildə qurulub. Hazırda müxtəlif sahələrdə mühüm inkişaflar var. “Biz Səudiyyə-Azərbaycan hökumətlərarası Müştərək Komissiyası və Birgə İşgüzar Şurası vasitəsilə ticarət dövriyyəsi həcminin artırılması üzərində çalışırıq. İki ölkə qısa zamanda ticarət dövriyyəsinin həcmini dəfələrlə artıracaq bir çox ortaq imkanlara malikdir”, - deyə səfir qeyd edib.
O, yaxın gələcəkdə Bakıda keçiriləcək COP29-un təşkilinə görə Azərbaycan tərəfinə uğurlar arzulayıb.

Daha sonra Azərbaycan hökuməti adından çıxış edən maliyyə naziri Samir Şərifov Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığı ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini deyib. Bildirib ki, ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən səmərəli əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf etməkdədir. Xüsusilə ölkə rəhbərlərinin səyləri nəticəsində əlaqələrimiz həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam etməkdədir.
“Azərbaycan hökuməti olaraq, BMT və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində qətnamələrin qəbuluna görə ölkəmizin mövqeyini daim dəstəklədiyinə, ərəb və İslam ölkələrində ictimai rəyin formalaşmasına güclü təsir göstərdiyinə görə Səudiyyə Ərəbistanı Krallığına minnətdarlığımızı bildiririk. Azərbaycan və Səudiyyə Ərəbistanı hökumətlərinin yaratdığı əməkdaşlıq üzrə Müştərək Komissiya ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın dərinləşməsində müstəsna rol oynamaqdadır. Birgə İqtisadi komissiyalar, siyasi məsləhətləşmələr ikitərəfli münasibətləri nəzərdən keçirmək və inkişaf etdirmək üçün effektiv mexanizmlərdir. Ümid edirik ki, komissiyanın növbəti, 8-ci iclasını və siyasi məsləhətləşmələri çox yaxın vaxtlarda keçirəcəyik”, - deyə nazir vurğulayıb.

Samir Şərifov əlavə edib ki, Azərbaycan hökuməti olaraq, Səudiyyə Ərəbistanı Krallığına COP29-a verdiyi dəstəyə görə təşəkkür edirik: "COP29-a ev sahibliyi edən ölkə kimi, Azərbaycan dövləti iqlim dəyişikliyinin mənfi fəsadları ilə mübarizədə öz töhfəsini ortaya qoyur, dünya ölkələrini bu həyati vacib amala səfərbər etmək səylərini nümayiş etdirir. Səudiyyə Ərəbistanı Krallığının yaşıl enerjiyə keçidlə bağlı zəngin təcrübəsini nəzərə alaraq, biz Azərbaycanın COP29-a sədrliyi dövründə birgə təşəbbüslər həyata keçirməyi təklif edirik".
Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.
Tədbirin sonunda Flynas aviaşirkəti tərəfindən qonaqların iştirakı ilə keçirilmiş lotareya oyununda qaliblərdən biri “Həftə içi” qəzetinin redaktoru olub.