X sosial platformasında yazdığı xəbərdə Baykar şirkətinin rəhbəri Haluk Bayraktar bu günün tarixi gün olduğunu və Albaniyada NATO-nun ilk Taktik Hava Bazasının açıldığını bildirib.
Hafta.az-ın yazdığına görə, Küçova Hava Bazasının açılışının Balkanlar və Avropanın təhlükəsizliyi üçün yeni bir dövrün başlanğıcı olduğunu vurğulayan Bayraktar "Bu mərasimlə “Bayraktar TB2” PUA-lar Albaniya ordusunun inventarına daxil oldu. Beləliklə, ilk dəfə olaraq, Albaniya ordusunun inventarına NATO standartlarına uyğun bir təyyarə əlavə edildi. Hörmətli Baş nazir Edi Ramanın uzaqgörən rəhbərliyi və hörmətli müdafiə naziri Niko Peleşinin güclü əməkdaşlığı ilə “Bayraktar TB2”lər Albaniya səmasında ilk uçuşlarını uğurla həyata keçirdi" deyə qeyd edib.
Haluk Bayraktar, "Bayraktar TB2” PUA-larımızın bu strateji nöqtədə yerləşdirilməsi Albaniyanın və qardaş Balkan coğrafiyasının təhlükəsizliyinə verdiyimiz töhfənin mühüm göstəricisidir" deyib. O, Baykar firması olaraq innovativ texnologiyaları ilə regional və qlobal təhlükəsizliyə töhfə verməyə davam edəcəklərini bildirib.
Digər tərəfdən, Albaniyanın Baş naziri Edi Rama və Albaniyanın müdafiə naziri Niko Peleşi də sosial media hesablarında “Bayraktar TB2”lərin inventara daxil olmasının görüntülərinin yer aldığı videonu paylaşıblar.