Yaponiyada hökumət "Beni-koji" pəhriz əlavələri istehsal edən zavodları xəstəlik və ölümə səbəb olmaqda şübhəli bilinərək yoxlayıb.
Hafta.az-ın yazdığına görə, bildirilib ki, Səhiyyə, Əmək və Rifah Nazirliyi Osakadakı “Kobayashi Pharmaceutical Co” şirkətinin tərkibində qırmızı düyü mayası olan “Beni-koji” istehsal edən müəssisəsinə baxış keçirib. Qeyd olunub ki, Osaka ilə yanaşı, şirkətin Vakayama əyalətindəki zavodunda da yoxlama aparılacaq.
Zavod yoxlamaları ilə yanaşı, nazirliyin yaxın vaxtlarda şirkətin fəaliyyəti və istehsal prosesi ilə bağlı araşdırmalara başlayacağı bildirilib.
Araşdırma ilə bağlı şirkət rəsmilərindən Yamaşita Kenji, "Şirkətimiz tam əməkdaşlıq edəcək və səmimi cavablar verəcək. Narahatlığa səbəb olduğumuz üçün üzr istəyirik" deyib.
Nazirlik tərəfindən aparılan araşdırmalar zamanı tərkibində qırmızı mayalı düyü olan “Beni-koji” məhsullarında arzuolunmaz maddə hesab edilən “puberul turşusu”nun olması təsdiqlənib.
Bildirilib ki, “mavi kifdən hazırlanmış təbii birləşmə” kimi təyin edilən arzuolunmaz maddənin təsbit müddəti ölüm və xəstəlik yaradır.
Yapon istehsalçısının prezidenti Kobayaşi Akihiro mətbuat konfransında məsuliyyəti öz üzərinə götürdüklərini və ictimaiyyətdən üzr istədiklərini bildirib. Kobayaşi, "Səbəbi müəyyən etmək və hadisənin təkrarlanmasının qarşısını almaq borcumuzdur. Şirkətin prezidenti olaraq bunun həyata keçirilməsini təmin edəcəyəm" deyib.
Arzuolunmaz maddənin “kimyəvi quruluşunu hələ də müəyyən edə bilmədiklərini” qeyd edən Kobayaşi, bu prosesin uzanması səbəbindən ictimaiyyətə aydınlıq gətirilməsinin gecikdiyini bildirib.
Şirkətin həftə içi son açıqlamasına görə, "Beni-koji" pəhriz əlavəsi ilə bağlı ölümlərin sayı 5-ə yüksəlib. Həyatını itirənlərin 70-90 yaşlarında olduğu və "ölüm səbəblərini müəyyənləşdirmək" üçün araşdırmaların davam etdiyi açıqlanıb.
Bildirilib ki, “Beni-koji” qəbul edən ümumilikdə 114 nəfər hazırda xəstəxanalarda müalicə alır. Onlar daha çox böyrək xəstəliyindən şikayətlənirlər.
Məlumat verilib ki, şirkət 2023-cü ildə 18,5 ton “Beni-koji” tərkibli məhsul istehsal edib və bunun 16,1 tonunu 50-dən çox şirkətə satıb.
1919-cu ildə qurulan Kobayashi Pharmaceutical Co. dərman və əczaçılıq şirkəti çox sayda sağlamlıq, gigiyena və qida əlavələri məhsullarını reseptsiz satır.