Beynəlxalq Qüds Günü və ya Fələstin xalqı ilə həmrəylik

18:30 05.05.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hər il olduğu kimi, bu il də Ramazan ayının sonuncu cümə günü bir çox müsəlman ölkəsində Beynəlxalq Qüds günü qeyd olunur. İran İslam Respublikasının mərhum ali rəhbəri Ayətullah Xomeyni tərəfindən əsası qoyulan və 1982-ci ildən etibarən qüyd edilən Beynəlxalq Qüds Gününün məqsədi dünya ictimaiyyətinin diqqətini yetmiş ildən çoxdur davam edən Fələstin probleminin həllinə çəkməkdir.

İran səfirliyindən Hafta.az-a daxil olan məqalədə deyilir ki, 1948-ci ildən evlərindən qovulan, 70 ildən çoxdur hüquqları uğrunda mübarizə aparan fələstinlilər bu yolda minlərlə şəhid veriblər. Bu yerdə sual yaranır ki, niyə bu uzun müddətdə münaqişə həllini tapmayıb? Dünyada hər cür münaqişəni həll etmək və sabitlik yaratmaq üçün birbaşa cavabdeh olan beynəlxalq təşkilatlar indiyədək bu məsələnin həlli üçün niyə bir yol tapmayıblar? Fakt budur ki, Fələstin məsələsi son yetmiş ilin ən mürəkkəb qlobal böhranı olaraq qalır. İsrailin genişlənmə siyasətinin davam etməsi nəticəsində Fələstin xalqı təbii hüquqlarından məhrum edilib və yaşayış şərtləri gündən-günə pisləşib.

Yeri gəlmişkən, bu yazını hazırlayarkən məlum oldu ki, İsrail məhkəməsi Qüdsün Şeyx Cərrah məhəlləsində yaşayan fələstinli ailələrin neçə nəsildir yaşadıqları halal evlərindən köçürülməsi haqda qərar verib.

Bu siyasət və hərəkətlər BMT Nizamnaməsinin məqsəd və prinsiplərini, beynəlxalq hüquq normalarını, xüsusən beynəlxalq humanitar və insan hüquqlarını pozur. Beynəlxalq ictimaiyyətin Fələstin məsələsini həll etmək üçün ciddi praktik addımlar ata bilməməsi səbəbindən getdikcə sistematik bir proses yaşanıb. Fələstin xalqı öz hüquqlarını, xüsusən öz müqəddəratını təyin etmək və qanuni müdafiə hüquqlarını həyata keçirmək üçün torpaqlarının qanunsuz işğalına mübarizə aparıb. Lakin Fələstin məsələsi tarixi həqiqətlərə və köklərə uyğun hərtərəfli, praktik bir təşəbbüs və ya plan olmadığından çözülməmiş qalıb.

İran dövləti, Fələstin torpaqlarının davamlı işğalı və bu torpaqdakı insanların didərgin düşməsinin fəlakətli nəticələrini, fələstinlilər üçün mövcud çətin vəziyyəti, nəticədə regional və beynəlxalq təhlükəsizliyə təhdidləri, həmçinin təklif olunan planların Fələstin məsələsi üçün effektivliyinin olmaması nəzərə alaraq, inanır ki, yeganə həll yolu müsəlman, xristian və yəhudilər daxil olmaqla, bütün fələstinlilərin iştirakı ilə referendum keçirilməsidir. Ona görə də İran 2019-cu ildə "Fələstində Milli Referendum" adlı planını BMT-yə təqdim edib. Planda referendumun tarixi faktlar, demokratiya və İnsan Haqları Ümumdünya Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda təsbit edilmiş əsas və toxunulmaz hüquqlar prinsiplərinə uyğun olaraq aparılmalı olduğu vurğulanıb. Belə bir referendum Fələstin məsələsinin həlli üçün möhkəm əsas ola bilər. Planın bir hissəsində Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnun, işğal olunmuş Fələstin torpaqlarında işğalla əlaqədar olaraq həyata keçirilmədiyi bildirilir. Mülki və Siyasi Hüquqlar Müqaviləsinin 1-ci maddəsinə və İqtisadi, Sosial və Mədəni Hüquqlar Müqaviləsinə əsasən, bütün insanların öz siyasi müqəddəratlarını təyin etmə hüququ var. Həmçinin Birləşmiş Millətlər Təşkilatının Yerli xalqların öz müqəddəratlarını təyinetmə hüququ bəyannaməsinin 1-ci və 3-cü maddələrinə görə, bir ölkənin yerli xalqları bu hüquqa tam sahibidirlər. Beynəlxalq Ədalət Məhkəməsi, 9 İyul 2004-cü il tarixli "İşğal olunmuş Fələstin Bölgələrində divar inşa edilməsinin hüquqi nəticələri" ilə bağlı məsləhətçi rəyində, Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququna və Sionist rejimin ona hörmət və riayət etmə öhdəliklərinə hörmətlə yanaşmağın zəruriliyi açıq şəkildə vurğulanır.

BMT Baş Assambleyasının 194 (1948) saylı Fələstinli qaçqınların öz vətənlərinə qayıtmaq haqqındakı "A/RES 194 (III)" qərarına əsasən, plan bütün həqiqi fələstinliləri əhatə edir. Buna görə ədalətli və əhatəli bir referendumun keçirilməsi millətlərin öz müqəddəratını təyinetmə hüququna çatması üçün ən əsas mexanizmdir.

İranın BMT-yə təqdim etdiyi referendum planı dörd mərhələdən ibarət idi:

1 Fələstinli qaçqınların tarixi vətənlərinə qayıtmaq hüququnun tətbiqi; 2 Balfour Bəyannaməsindən əvvəl Fələstində yaşayan fələstinlilər arasında milli referendumun keçirilməsi. Bu, siyasi sistemin taleyini və növünü təyin etmək üçün bütün dinlərin ardıcıllarını əhatə edir; 3 Fələstin xalqının əksəriyyətinin istədiyi siyasi sistemin formalaşması; 4 Yerli olmayan Fələstinlilərin statusunun seçilmiş siyasi sistem tərəfindən verilməsi.

Ancaq bu plan Qərb ölkələri tərəfindən qəbul edilmədi, problem fələstinlilərin can və ruhlarını hər gün dünənkindən daha həssas hala gətirdi. Bu, müasir dünyada beynəlxalq qaydaların gücə tabe olmağa davam etdiyini göstərir. Bunlar haqsız hədəflərini cəmiyyətlərin üzərinə yükləməyə çalışan zalım ölkələrdir. Nəhayət, Amerika əsrin müqaviləsi planını təqdim etdi ki, bu dəfə fələstinlilərin əsl kimliyi bəzi müsəlman ölkələri vasitəsilə aradan qaldırılır.

Əlbəttə ki, Fələstin xalqının müqavimət və fədakarlıq ruhu göstərdi ki, onlar müqəddəs hədəflərini həyata keçirməkdə ciddidirlər.

Qüds Günü, dünyada hələ də zülmün hökm sürdüyünü və oyanmış insan vicdanlarının bu həqiqətə qarşı mövqe tutması və hərəkətə keçməsi lazım olduğunu ifadə edən acı gerçəkliyin ifadəsidir. Zülm və haqsızlıq harda olur-olsun, pislənir. İşğal hansı ölkədə olursa-olsun, qınanır. İnsan vicdanına, beynəlxalq qaydalara və müqəddəs İslam dininə əsasən, hər hansı ərazinin istənilən adla işğalı zülmdür və buna qarşı mübarizə aparılmalıdır.

Oxunma sayı 870