Bu gün dünyanın ikinci ən qələbəlik, qarışıq millətlərin və dinlərin var olduğu Hindistanda hökuməti Bharatiya Janata Partiyası idarə edir. Hansı ki, bu partiyanın qatı hind millətçi idealogiya üzərində qurulduğu deyilir. Əgər belədirsə, niyə bu ölkədə millətlərarası və ya dinlərarası – təsadüfi fərdi hallar istisna olunmaqla - geniş problemlər yaşanmır? Bəlkə ünvanına millətçi damğası vurulan Bharatiya Janata Partiyası millətin deyil, dövlətin millətçisidir? Bəlkə Hindistan adı altında bütün millətlərin və dinlərin qüdrətlənməsini hədəf seçdiyi üçün millətçidir? Qəribədir, hər zaman Milli Konqres Partiyasının mövcud olduğunu eşitdiyimiz bu əfsanəvi ölkədə niyə iqtidara gəlməyincə, Bharatiya Janatanın adı xarici cəmiyyətlərdə məşhur olmayıb?
Bu və digər məqamlara Hafta.az-a eksklüziv müsahibəsində Hindistanın hakim partiyası Bharatiya Janatanın sözçüsü cənab Sudeş Verma, partiyanın hind cəmiyyətində özünəməxsusluğunu şərh etməklə aydınlıq gətirir.
- Bharatiya Janata bu günümüzü formalaşdırmaq üçün ölkənin zəngin tarixindən və mədəniyyətindən ilham almağa çalışan millətin ilk ideologiya partiyasıdır. Partiya Vasudhayava Kutumbakamın (Dünya bir ailədir) ideologiyasından ilhamlanır, burada hər bir fərd öz çağırışına əməl etməli və həyatında ən yüksək uğurlara nail olmaq üçün azadlığını qazanmalıdır. Burada hökumət sadəcə vasitəçilik rolunu oynayır. Bharatiya Janata hesab edir ki, hər kəs dharmanı rəhbər tutmalıdır. Bu, düzgün kurs və hərəkət deməkdir. Çünki bütün dinlər əsasən insan həyatını mümkün edən dharmanın davamıdır. Partiyanın rolu verə biləcəyini maksimum sayda çatdırmaq üçün hakimiyyətə gəlməkdir və təbii ki, hökumət küçədəki sonuncu adama da baxmalıdır. BJP Ram Rayya haqqında söz açarkən, güclülərin zəifləri əzmədiyi, ədalətin sürətlə təmin edildiyi və insanların gündəlik iş kimi qanunlara tabe olduğu mənəvi nizamla idarə olunan bir ölkədən danışır. Partiya öz fəlsəfəsini əsas ideoloqu Din Dayal Upadhyaya tərəfindən müdafiə olunan İnteqral Humanizm kimi ifadə edir.

- Şəxsən məndən soruşsanız Hindistanda hansı siyasi təşkilatları tanıyırsınız, cavab verərdim ki, Milli Konqresi Partiyasını. Çünki hər zaman onun haqqında eşitmişəm. Niyə partiyanız keçmişdə birinci olmayıb?
- Partiyamız yalnız 1980-ci ildə rəsm statusunu alıb. BJP-nin əvvəlki təcəssümü 1951-ci ildə qurulan Bharatiya Jan Sangh (BJS) şəklində idi. Əsas fəlsəfə bugünkü BJP-nin fəlsəfəsi ilə eyni idi. Nə vaxt ümummilli bir iş vardısa, BJS heç bir söz demədən milli dava üçün ayağa qalxıb. Onun qurucusu Şyama Prasad Mukherci Cammu və Kəşmirdə vahid Hindistan uğrunda mübarizə apararkən ölüb. O, 370-ci maddəyə qarşı çıxmışdı. Xalqımız Konqresin Hindistanda fövqəladə vəziyyət tətbiq etmək qərarına gələrək bir çox cəbhələrdə insanların azadlığını əlindən alan sərt addımlar atırdı ki, bu zaman partiyamız indiki və daha mütəşəkkil Bharatiya Janata Partiyasına çevrildi. BJP kütlələrin fikirlərini oxuya və rəğbətini qazana bildi , dəyişiklik və inkişaf vəd edən hakimiyyətə gəldi. BJP-nin milli həyatda öz rolunu oynamadığını söyləmək düzgün olmazdı. Əgər müstəqillik hərəkatında iştirakdan danışırsınızsa, Konqres fərqlərdən asılı olmayaraq, bütün liderlərin iştirak etdiyi hərəkat idi.
- Hindistanın hakim partiyası Bharatiya Janata ilə Azərbaycanın iqtidar partiyası olan Yeni Azərbaycan Partiyası arasında hər hansı əlaqə varmı? Lütfən, partiyanızın Azərbaycanın hakim partiyası və ümumiyyətlə, Azərbaycan cəmiyyəti ilə əlaqələri barədə məlumat verin...
- Şəxsən mənim Bharatiya Janatanın Azərbaycanın iqtidar partiyası ilə hər hansı ikitərəfli əlaqələrinin olub-olmamasından xəbərim yoxdur. Biz insanların daha sürətli inkişafı, onların həyatını yaxşılaşdırmaq üçün gündəmə gələn hər bir partiyanı dəstəkləyirik. İnanırıq ki, Hindistanın əsas maraqları bütün dünyada insanların həyatını yaxşılaşdırmaq prinsipi üzərində işləyən seçilmiş hökumət vasitəsilə təmin edilir. Bu heç kimə sir deyil ki, günümüzdə Hindistanla Azərbaycan arasında ticarət əlaqələri xeyli inkişaf edib. Hindistanın böyük töhfələr verə biləcəyi bir çox texnoloji inkişaf və infrastruktur sahələri mövcuddur. Bu mənada, BJP əhalisinin 96 faizindən çoxu müsəlman olan Azərbaycan haqqında yüksək fikirdədir. Partiyamız Azərbaycanın dünyəvi və unikal dövlət olduğunu bilir, yüksək dəyər verir. Hətta bu müstəvidə ölkəniz dinin dövlətdən ayrı, insanların şəxsi məsələsi olduğu Hindistan kimidir.
- Hər bir partiyanın hakimiyyətə gəlmək üçün düzgün daxili və xarici siyasət strategiyası olur. Maraqlıdır, partiyanızın daxili və xarici siyasət strategiyası necədir? Məsələn, Hindistanla qədim tarixi əlaqələri olan Azərbaycanla bağlı partiyanızın siyasətini bilmək istərdim…
- Bharatiya Janata hesab edir ki, hakimiyyətə gələn istənilən partiya iqtisadiyyat, təhlükəsizlik və insan inkişafı baxımından ölkənin şəxsi maraqlarını qorumalıdır. Biz inteqrasiya edilmiş bir dünyada yaşayırıq, burada kimsə eksklüziv olduğunu iddia edə bilməz. Hindistanda insanların inkişafı o zaman baş verəcək ki, biz digər ölkələrlə daha yaxşı qarşılıqlı əlaqə qurub, ticarəti inkişaf etdirəcəyik. Dünya hamıya bərabərlik və hörmət prinsipi üzərində qurulmalıdır. Biz ətraf mühit haqqında məlumatlılığı və insanların bir-biri ilə təmasda olmasını təşviq etmək üçün birlikdə çalışmalıyıq. Hindistan əhalisinin sayına görə dünyanın ikinci ən böyük ölkəsi və beş böyük iqtisadiyyatından biri olmaqla, bəşəriyyəti qanunsuzluq, yoxsulluq və istismar bataqlığından qaldırmaqda öz haqlı rolunu oynamalıdır. Hindistanın Azərbaycanla dərin tarixi əlaqələri var. Hər iki ölkə başa düşməlidir ki, mövcud olan gözəl anlaşmanın qarşılıqlı fayda əldə etməsinə imkan vermək lazımdır.
- Birmənalı fikir var ki, Bharatiya Janata Partiyası millətçidir. Bu mövqe demək olar ki, bütün dinləri və irqləri özündə birləşdirən, milyard yarım əhalisi olan nəhəng Hindistan cəmiyyətində narahatlıq yaratmırmı? Məncə, Hindistan kimi nəhəng bir ölkədə bütün xalqların və dinlərin rəğbətini qazanmaq üçün mükəmməl siyasət yürütməyə ehtiyac var...
- Millətçi olmaq o demək deyil ki, partiyamız hər hansı cəmiyyətin birliyinə,milli mədəniyyətlərə qarşı çıxır, əsla! Mənsubiyyətindən asılı olmayaraq, insanlar ölkənin güclü olması üçün çalışa və onun layiqli hörmətini qazana bilərlər. Bu zaman ölkəni aldadan hindu qınanacaq, əksinə, dövlətini güclü etmək üçün çalışan müsəlmana isə hörmət ediləcək. Müsəlman olan Abdul Kamala vaxtilə Hindistan prezidenti seçkilərində ən böyük dəstək verərək, qələbə qazanmasına kömək edən məhz Bharatiya Janata Partiyası idi, Niyə, çünki onun ölkə üçün etdiklərini qiymətləndirirdik. Bu ölkədə doğulan hər kəs dinindən asılı olmayaraq eyni qanı və mədəniyyəti bölüşür. Bu ölkə onların hamısına məxsusdur. Ona görə də əhalinin 80 faizi hindu olmasına baxmayaraq, ölkə hindu dövləti deyil. Hindistan dünyəvi dövlətdir.
- Dinlərdən söz düşmüşkən, bəzən xarici mətbuatdan ölkənizdə müsəlmanlara qarşı hücumların, bəzi ciddi problemlərin olması barədə xəbərlər alırıq. Təbii ki, bunu edənlər hansısa kiçik qruplar və ya konkret şəxslərdir. Mənim üçün maraqlıdır: həmin qrupların və ya şəxslərin hər hansı dini zəmində narazılıq yaratmaması üçün dövlət hansı tədbirləri görür və bu məsələdə partiyanızın qəti mövqeyi necədir? Çünki Bharatiya Janatanın mövqeyi hökumətin mövqeyi deməkdir...
- Partiyamız inanır ki, Hindistan konstitusiyası vətəndaşların din, irq, cins və sair fərqlərinə görə ayrı-seçkiliyə yol vermir. Qanunverici, icraedici və məhkəmə hakimiyyəti öz müstəqil sferalarında işləyir, ölkənin bütün sahələrində ən yüksək səviyyədə nəzarət və tarazlıq mövcuddur. Yəni icra hakimiyyəti yanlışlığa yol verməsin deyə məhkəmələr onların işini diqqətdə saxlayır. Bundan əlavə, bu gün canlı və operativ mediamız var ki, bura müxtəlif dillərdə yayımlanan 100 mindən çox mətbuat orqanımız daxildir. Bizim 400-ə yaxın telekanalımız və saysız-hesabsız xəbər saytlarımız var. Əlbəttə, sosial media da öz yerində...
- Elədirsə, Qərb mediası bu xəbərləri nəyə əsaslanıb yayır?
- Qərb mediası Hindistana qarşı çox qərəzlidir. Onlar hələ də ingilislərin Hindistanda hökmranlıq etdikləri zaman bizə nəyisə öyrətmək prinsipini rəhbər tuturlar. Bəzi ölkələr və təşkilatlar partiyamızın timsalımızda millətçi hökuməti həzm edə bilmirlər. Bilirlər ki, Hindistana heç nə edə bilməzlər, ona görə də ölkənin adını ləkələməyə çalışırlar. Gündən-günə yüksələn və inkişaf edən Hindistan Qərbin və bir çox başqa ölkələrin hegemonluğuna meydan oxuyur. Hindistan bu gün əvvəlkindən daha güclü mövqedədir. Hindistan əslində müxtəlif dinlərdən olan insanların sülh içində necə birlikdə yaşaya biləcəyini görmək istəyənlər üçün klassik nümunədir. Bu atmosferi pozmağa cəhdlər edilir. Bu gün Hindistanı tənqid edənlər heç bir fakta əsaslanmırlar. Onlar yalnız rəy verirlər. Dünyada ikinci ən böyük müsəlman əhaliyə ev sahibliyi edən Hindistan dünyəviliyi və qardaşlığı necə təbliğ etmək barədə kimsə tərəfindən mühazirə oxunmasını sevmir. Biz azadlığa dəyər verən dünyanın istənilən ölkəsi kimi, radikallaşmaya qarşı mübarizə aparırıq.
- Cənab, Bharatiya Janata Partiyası olaraq, Pakistanla münasibətlərin gələcəyini necə görürsünüz, tərəf olaraq Pakistanla sülh və mehriban qonşuluq müstəvisində hər hansı danışıqlar aparmısınız və ya aparmaq niyyətiniz varmı? Ümumiyyətlə, Pakistanla bağlı partiyanızın mövqeyini açardınız...
- Bilirsiniz, bir yandan sərhədlərin o tayından terrorçu göndərib, bu yandan da masada oturub danışıqlar aparmağa ümid etmək məntiqə sığmır. Hindistan indiyədək Pakistanla dostluq münasibəti qurmaq istəsə də, buna nail ola bilməyib. Çünki onlar İslam dünyasının lideri olmaq və Kəşmirdə cihad etmək istəyilər deyə, bütün səylərimiz əbəs gedib. Biz dünya orqanlarına və ayrı-ayrı ölkələrə Pakistanın Hindistanda yaşanan qarışıqlıqlarda iştirakını sübut etmişik. Pakistanda Hindistana qarşı nifrət aşılanır. Tarixi keçmişə baxsaq, Hindistana səmimi hisslər bəsləyən günahsız Pakistan xalqı bu nifrətdən əziyyət çəkir. Bu xalqın Hindistanın gsürətlənən inkişafından faydalana bilmədiyi üçün təəssüf edirik. İkitərəfli ticarət baxımından bizim paylaşacağımız çox şey var. Narendra Modi 2014-cü ildə Hindistanın baş naziri olanda, o, bütün qonşu ölkələri, xüsusən də Pakistanı yoxsulluqla mübarizədə Hindistanla birlikdə işləməyə çağırmışdı.
- Yeri gəlmişkən, Hindistanın Çinlə də sərhəd problemləri var və bu vaxtaşırı ciddi silahlı münaqişəyə çevrilməkdədir. Pakistan və Çin kimi böyük qonşularla keçmiş münaqişələri həll etmək üçün partiyanızın hər hansı proqramı var?
- Çinlə keçmişin mirası olan sərhəd mübahisələrini həll etmək üçün sabit razılaşma əldə etmişik. Amma Çinin məsələləri danışıqlar yolu ilə həll etmək və problemlər sülh yolu ilə aradan qaldırılanadək sərhədyanı bölgələrdə sabitliyi qorumaq üçün üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməməsi bizi çox təəccübləndirir. Çinin sərhədlərimizdə göstərdiyi aqressiv davranışından çox narahatıq. Hindistan ekspansionist deyil, lakin sərhədlərdə heç bir avantürizmə yol verə bilməz. Bir ölkənin digərinə sataşdığı vaxtlar artıq geridə qalıb. Biz sülh şəraitində və beynəlxalq öhdəliklərə uyğun yaşamalıyıq. Beynəlxalq nizamda münasibətləri istiqamətləndirən dharmadır (doğru və yanlış). Bu gün Pakistanla olduğu kimi, Çinlə sərhəddə də problem yaşayırıq. Çinlə əsassız və haqsız iddialar irəli sürür sərhədyanı ərazilərə. Amma ümid edirik ki, diplomatiya var gücüylə çalışır və günahkarlar öz səhvlərini anlayıb, islah olacaqlar.
- Bu gün qərəzsiz-tərəfsiz ictimai sorğu keçirilərsə, sizin partiya siyahıda neçənci yerdə olacaq? Amma səmimi cavab verin...
- Təbii ki, Hindistanda sorğular azad və ədalətli keçirilib, heç kim onun həqiqiliyinə şübhə etmir. Ölkəmizdə seçkilər Hindistan Seçki Komissiyası adlı müstəqil orqan tərəfindən keçirilir. Bəzi müxalifət partiyaları elektron səsvermə maşınlarının manipulyasiya edilə biləcəyini deyərək onlardan istifadəni şübhə altına almışdı. Komissiya kağız izləri də verir, ona görə də indi həqiqiliyə şübhə yeri qalmayıb…
- Növbəti seçkilərdə Bharatiya Janata Partiyası Hindistanın hakim partiyası ola biləcək?
- Əlbəttə. Biz əminik ki, 2024-cü ildə keçiriləcək növbəti parlament seçkilərində Bharatiya Janata Partiyası və müttəfiqləri təkrar uğur qazanacaq və hətta parlamentdə əvvəlkindən daha çox kürsü əldə edəcəklər. Bunun səbəbi baş nazir Narendra Modinin gərgin əməyidir. O, indiyədək baxımsız qalan kasıb insanlara ümid verib, iqtisadi inteqrasiya siyasəti, tibbi sığorta və yerliləşdirmə siyasəti yürüdərək möcüzələr yaradıb. Bunun nəticəsidir ki, hətta “Covid 19”un məhrumiyyətlərinə baxmayaraq, Hindistan bütün sahələrdə sürətlə irəliləyir.