Bəziləri yanlışlıqla Brüssel görüşünə çox önəm verir - Politoloq

17:59 25.11.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda bəziləri yanlışlıqla Brüssel görüşlərinə çox önəm verir. Bu görüşün mahiyyəti nədən ibarətdir? Avropa İttifaqı xoş məram nümayiş etdirmək məqsədilə dövlət başçılarına bir-biri ilə normal ünsiyyət qurmaq üçün bir meydan verir.

Bu fikirləri hafta.az-a politoloq Tofiq Zülfüqarov deyib. Onun sözlərinə görə, orada nə danışıqlar formatı var, nə masada hansısa imzalanası sənəd toplusu var: 

"Sadəcə, görüş üçün bir məkan verilir. Soçidə isə fərqli bir durum var. Artıq bir ilə yaxındır ki, orada tətbiq olunan format özünü göstərir, yəni işlək vəziyyətdədir. Bu formatın üzvləri Azərbaycan, Ermənistan və Rusiyadır, eyni zamanda Türkiyənin də burada yeri var. Düzdü, rəsmi Ankara birbaşa belə görüşlərə qatılmır, amma prosesin içindədir. Türkiyənin müşahidəçiləri var, hər görüşdən əvvəl və sonra razılaşmalar olur. Bir sözlə, görsənir ki, bu, işlək bir formatdır. İndi nə dərəcədə pisdir, yaxşıdır, bu, başqa məsələdir. Hərçənd, müsbət tərəfləri mövcuddur. Brüsseldə isə, öncə dediyim kimi, sadəcə, görüş üçün verilən bir məkanda ölkə başçıları Avropa siyasətçiləri qarşısında bəyanatlar verəcəklər. Və bu bəyanatlar tərəflərin mövqelərini əks etdirəcək. Məhz buna görə də Paşinyan həmin görüşlər ərəfəsində öz mövqeyini açıqladı. Və Ermənistan liderinin belə bir mövqe sərgilədiyi halda demək olar ki, Brüsseldəki kimi, Soçidəki görüşdən də ciddi bir nəticə gözləmək olmaz..."