Biometrik pasportu olmayanlar Aİ ərazisinə buraxılmayacaq

09:15 26.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqı (Aİ) 2024-cü ilin ikinci yarısından Şengen zonasına giriş qaydalarını dəyişir. Artıq biometrik pasport olmadan Avropaya getmək mümkün olmayacaq.

Hafta.az-ın yazdığına görə, 2024-cü ilin ikinci yarısından etibarən Giriş/Çıxış Sistemi (EES) Aİ-də qüvvəyə minəcək.

Aİ-yə daxil olmayan sərnişinləri hər dəfə Avropa ölkələrinin xarici sərhədlərini keçəndə qeydiyyata alacaq avtomatik İT Giriş/Çıxış Sistemi (EES) 2024-cü ildə tətbiq olunacaq. Yenilik həm qısamüddətli vizaya ehtiyacı olan, həm də vizaya ehtiyacı olmayan ziyarətçilər üçün keçərlidir.

EES-in başlaması üçün hələ rəsmi və qəti tarix yoxdur. Bununla belə, irimiqyaslı layihə 2024-cü ildə işə başlayacaq, bunu fevralın əvvəllərində Avropa Komissiyasının internet saytında və “Avropaya səyahət üçün yeni tələblər” portalında yenilənmiş məlumat təsdiq edir.

Aİ-yə viza ilə daxil olan digər ölkələrin vətəndaşlarına aidiyyatı olmayan başqa sistem 2025-ci ilin ortalarında fəaliyyətə başlayacaq EES-ə qoşulan digər İT platforması olan Avropa Səyahət Məlumat və Avtorizasiya Sistemidir (ETIAS).

Bununla belə, Avropa mediası İngiltərə ilə Fransa arasında dənizaltı dəmir yolu tunelini idarə edən Eurotunnel şirkətinin verdiyi açıqlamaya istinadən EES-in 6 oktyabr 2024-cü ildə dəniz keçidi üçün istifadə oluna biləcəyini nəzərə çatdırıb. Bu o deməkdir ki, platforma 2024-cü il Paris Olimpiya Oyunlarından sonra fəaliyyətə başlayacaq.

Keçən il Fransa rəsmiləri Brüsseli olimpiada zamanı çoxlu əcnəbi axınına görə yeniliyin tətbiqini təxirə salmağa çağırmışdı.

Onu da xatırladaq ki, Aİ-nin bəzi ölkələrində texniki problemlər, eləcə də hazırlığın olmaması səbəbindən EES-in buraxılış tarixi bir neçə dəfə təxirə salınıb.

31 mart 2024-cü il tarixindən qismən iştirak edəcək Bolqarıstan və Rumıniya da daxil olmaqla Şengen zonasına daxil olan 29 ölkə bu layihədə iştirak edəcək.

EES işə düşdükdən sonra sistem səyahət sənədinin təfərrüatlarını, şəxsi məlumatları, həmçinin Aİ üzvü olmayan hər bir səyahətçinin məqsədi, yeri və giriş/çıxış vaxtı haqqında məlumatları qeyd edəcək.

Şengen zonasına ilk dəfə girdiyiniz zaman siz fotoşəkil çəkməli və barmaq izlərinizi (biometrik məlumatlar) skan etməli olacaqsınız. Bu məlumat üç il ərzində verilənlər bazasında saxlanılacaq və sonra avtomatik olaraq silinəcək.

Səyahətçi biometrik məlumatlarını təqdim etməkdən boyun qaçırarsa, Giriş/Çıxış Sistemi platformasından istifadə edərək Avropa ölkələrinə girişi yasaqlanacaq.

“EES-in əsas üstünlüyü vaxta qənaətdir. Yeni sistem pasportun möhürlənməsini əvəz edir və sərhəd nəzarəti prosedurlarını avtomatlaşdıraraq EES-dən istifadə etməklə Avropa ölkələrinə səyahəti səyahətçilər üçün daha səmərəli edir.

Ancaq AB-yə daxil olmaq deyildiyi qədər asan olmayacaq.

Pasport nəzarəti mahiyyətcə iki mərhələdən ibarətdir. Bunlardan birincisi beynəlxalq hava limanlarında və digər keçid məntəqələrində quraşdırılacaq xüsusi köşklərdən ibarət “özünəxidmət sistemi” vasitəsilə həyata keçiriləcək.

İkinci mərhələdə səyahətçi sözügedən əraziyə giriş icazəsi verib-verməməsi barədə qərar qəbul etməzdən əvvəl əlavə suallar ünvanlaya bilən sərhədçi ilə görüşməyə davam edəcək.

Kipr və İrlandiya üçün istisnalar edilib. Bu ölkələr Aİ-nin bir hissəsi olsalar da, onlara giriş-çıxış zamanı pasportlar əllə yoxlanılacaq və möhür vurulacaq. Onlar EES sisteminə qoşulmayacaqlar.

Bu sistemin ən mühüm hissəsi ondan ibarətdir ki, köhnə pasportlarla artıq Aİ bölgəsinə gəlmək mümkün olmayacaq. Giriş/Çıxış Sistemi sərnişinlərdən biometrik pasporta (biometrik məlumatı ehtiva edən çipdən ibarət pasport) malik olmasını tələb edəcək.

Müvafiq olaraq, köhnə tipli (beş illik) pasporta malik vətəndaşlar, türklər və ruslar, etibarlı Şengen vizası alsalar belə, yeni qaydalara əsasən Şengen bölgəsinə daxil ola bilməyəcəklər. Yəni onlar biometrik pasport olmadan buraxılmayacaq.

EES məlumat bazasına giriş əldə edəcək bir çox Aİ təşkilatı olacaq. Birincisi, onlar Şengen ölkələrinin ixtisaslaşmış xidmətləri olan sərhəd, viza və immiqrasiya şöbələrinə daxil olacaqlar. Bu məlumat səyahətçinin şəxsiyyətini yoxlayaraq onların əraziyə daxil olmasına və ya qalmasına icazə veriləcəyini anlamaq üçün paylaşılacaq.

İkincisi, Europol hüquq-mühafizə orqanlarının əməkdaşları bu məlumatlara dərhal çıxış əldə edəcəklər.

Bu çərçivədə, şübhəli və axtarışda olan şəxslərin aşkarlanmasında repatriasiya və ya hüquq-mühafizə məqsədləri üçün onlar başqa dövlətə (Aİ və ya Aİ-yə daxil olmayan ölkə) və ya beynəlxalq təşkilata təhvil veriləcək.

Beynəlxalq sərnişin daşıyıcıları aviaşirkətlərin, dəmir yolu və avtobus operatorlarının da EES məlumat bazasına girişi məhdud olacaq.

EES vasitəsilə qısamüddətli viza sahibləri də vizalarının icazə verdiyi girişlərin sayından istifadə edib-etmədiklərini yoxlaya biləcəklər. Bununla belə, bu qurumların turistlərin digər şəxsi məlumatlarına girişinin qarşısı alınacaq.

Avropa İttifaqı üçün giriş/çıxış sistemi qüvvəyə mindikdən sonra səyahətçilər pasport nəzarəti əməkdaşlarından vizalarında icazə verilən maksimum qalma müddəti haqqında məlumat ala biləcəklər.

Əgər şəxs vizasının icazə verdiyi vaxtdan çox qalarsa, müvafiq Avropa ölkəsində qüvvədə olan milli qanunvericiliyə əsasən, qanun pozucusu deportasiya edilə, inzibati cərimə və ya cərimə tətbiq oluna və ya gələcəkdə Aİ-yə girişinə qadağa qoyula bilər.

EES sistemindəki məlumatlarının yanlış və ya qeyri-dəqiq olduğuna inanan sərnişinin də bu məlumatlara daxil olmaq, məlumatın düzəldilməsini və ya silinməsini tələb etmək hüququ olacaq. Amma bu o qədər də asan baş verməyəcək. Bu, məlumatların emalına cavabdeh olan Avropa ölkəsinin nəzarət orqanına və ya Frontex, eu-LISA və ya Europol kimi məlumatların emalı ilə bağlı səlahiyyətli Aİ təsisatlarına şikayət verməklə edilə bilər. Lakin Avropa Komissiyası belə bir şikayətin qiymətləndirilməsinin nə qədər vaxt aparacağını və qiymətləndirmə qaydalarının necə olacağını müəyyən etmir.