Bir millət, üç dövlət - 38 yaşlı Kıprıs Türk Cümhuriyyəti

11:20 15.11.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hər il olduğu kimi, 15 noyabr tarixi Şimali Kipr Türk Cümhuriyyətinin (rəsmi adı KKTC- V.T.) qurulmasının 38-ci ili tamam olur. Bu məqsədlə “Yavru vətən” dediyimiz bu kiçik, tarixən olmazın müsibətlərini yaşamış türk ölkəsində, eləcə də onun dünyanın hər yerindəki təmsilçiliklərində şənliklə müşaiyət olunan rəsmi qəbullar təşkil edilsə də, təəssüf ki, bu il dünyamızı əsir edən koronavirus pandemiyası səbəbindən bu kimi tədbirlər təxirə salınıb. Amma əlbəttə, insanlar qanları-canları bahasına qazandıqları Cümhuriyyətə sonsuz sevgilərini öz aləmlərində, ailələri, dost-tanışları ilə birlikdə qeyd etməkdədirlər.  

Bir az da KKTC ilə qiyabi tanış olaq: Bu kiçik və siyasi müstəvidə tanınmayan ölkə Kipr adasının şimal yarısında yerləşir. Onu Türkiyədən cəmi 65 kilometrlik məsafə ayırır. 1983-cü ildə Cümhuriyyət elan olunmasına baxmayaraq, onun müstəqilliyini Türkiyədən başqa heç bir dövlət rəsmən tanınmayıb. Buna baxmayaraq, KKTC de-fakto müstəqil dövlətdir və ABŞ da daxil olmaqla, bir sıra ölkələrdə təmsilçilikləri mövcuddur.

KKTC-nin ərazisi 3355 kvadratkilometr, əhalisinin sayı isə 400 min nəfər civarındadır. Siyasi paytaxtı Lefkoşa ilə yanaşı Qazimaqosa, Girnə, Güzəlyurt, İskelə və sair kimi şəhərləri var.

KKTC-nin tarixinə Kipr adasının ümumi tarixi aspektindən baxmaq lazımdır. Bu mənada, Kipr 3,5 min il əvvəl qədim Misirin əsarətində olub. Eramızdan əvvəl 333-cü ildə ada Makedoniyalı İskəndərin ordusu tərəfindən işğal edilən ada, eramızdan əvvəl 58-ci ildə ada Roma İmperiyasının vilayətinə çevrilir və 350 il onun əsarətində qalır.

Osmanlı dövlətinin adaya gəlişinin maraqlı səbəbləri var. Adada özünə yer edən dəniz quldurları zaman-zaman Osmanlı dövlətinə məxsus ticarət gəmilərinə basqın edir, soyğunçuluq törədirlər. Ona görə də 1570-ci ilin iyulunda sultan II Səlimin əmri ilə Lələ Mustafa Paşanın komandanlığı altındakı ordu ilə Piyale Paşanın rəhbərlik elədiyi dəniz donanması birlikdə hücuma keçərək adanı tutur və Osmanlı dövlətinin nəzarətinə keçirir. Kiprin fəthi zamanı adada çox az sayda yunan olduğu deyilir. 1571-ci ildə aparılmış siyahıyaalınmaya əsasən adada 150 min əhali qeydə alınıb.

Qeyd edək ki, o vaxtdan bəri tam 400 il ərzində adada sülh və rifah mövcud olub, insanlar qayğısız və təhlükəsiz yaşayıb. Amma Kipr müstəqilliyini elan edəndən sonra burada yunanlar hakimiyyəti ələ alır və müsəlman türklərə qarşı hücumlara keçirlər. Ötən əsrin 50-60-cı illərində kəskinləşən milli-etnik münasibətlər 1970-ci illərin əvvəllərində pik nöqtəyə yüksəlir. Nəticədə Türkiyə 1974-cü ildə türk əhalini yunanların soyqırımından qurtarmaq məqsədilə adaya ordu yeridir. Bununla da ada iki qeyri-bərabər hissəyə bölünür: Kiprin üçdən birini əhatə edən şimal hissədə türk dövləti yaradılır və adanın cənubundan türklər ora, şimaldakı yunanlar isə cənuba köçürülür. 1976-cı ildə şimal hissədə rəsmi şəkildə Kipr Türk Federal Dövləti yaradılır. 15 Noyabr 1983-cü ildə isə ölkənin adı dəyişdirilərək Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) olur və dövlət müstəqilliyini elan edir.

Birmənalı şəkildə qeyd edək ki, KKTC-nin mərhum qurucu prezidenti Rauf Denktaş ölkəsinin və xalqının azadlığı, inkişafı və varoluşu üçün misilsiz xidmətlər göstərib. Buna görə də Kipr türk xalqı bugünki Cümhuriyyətə görə Rauf Denktaşa minnətdardır. 

Yuxarıda da qeyd etdiyimiz kimi, KKTC Türkiyədən başqa heç bir dövlət tərəfindən tanınmır, beynəlxalq təşkilatlar da onu qəbul etmək istəmir. Bu səbəbdən də ölkə bütün iqtisadi-taciri əlaqələrini Türkiyə üzərindən həyata keçirir. Dünyanın sayılıb-seçilən turizm məkanlarından olan bu əfsanəvi ölkəyə əcnəbi turistlər də məhz Türkiyə üzərindən gəlirlər. Əlbəttə, bunlar KKTC-nin hər baxımdan inkişafına maneə yaradır, əcnəbi turistlərə isə həm vaxt, həm də məsrəf baxımından əlavə çətinlik törədir.

KKTC-nin qanunverici hakimiyyəti 50 yerlik Cümhuriyyət Məclisinə, icraedici hakimiyyət isə prezident və hökumətə məxsusdur. 

KKTC iqtisadiyyatı əsasən turizm sənayesi, müəyyən mənada isə kiçik yüngül sənaye və yerli aqrar təsərrüfatlarına əsaslanır. Xidmət sektoru yüksək səviyyədə inkişaf edib. Suvinerlər, yeyinti və toxuculuq-tikiş, portağal, kartof və sair istehsalı adanı məşhurlaşdırır. 

Turizm birmənalı şəkildə KKTC-nin başlıca maliyyə qaynağıdır. Ölkədə 200-dən çox yüksək standartlara cavab verən otel və digər qonaq evləri, 150 turizm və səyahət agentliyi, 25 kazino və 250 turistik restoran mövcuddur. Təxminən 1200 turist bələdçisinin çalışdığı bu sektorda ümumilikdə, 10 minədək əməkdaş fəaliyyət göstərir. Düzdür, son iki ildir pandemiya ilə əlaqədar olaraq KKTC-yə gələn turistlərin sayında azalma var, amma təbii ki, kıprıslılar nikbindirlər, vəziyyətin həmişə belə qalmayacağına əmindirlər...

Buna baxmayaraq, KKTC ilə xarici ölkələrdən bir çoxunun de-fakto əlaqələri mövcuddur. Hətta ilk illərdə Pakistan və Banqladeş KKTC-nin müstəqilliyini tanıyıb, amma sonradan beynəlxalq təzyiqlər altında qərarlarını dəyişiblər. Hazırda Şimali Kiprdə Türkiyə səfirliyi, Avstriya, Almaniya, Böyük Britaniya, ABŞ təmsilçilikləri, Fransa Mədəniyyət Dərnəyi, Avropa Birliyinin dəstək ofisi, Qətərin ticarət və turizm ofisi fəaliyyət göstərməkdədir. Eləcə də KKTC İslam Əməkdaşlıq Təşkilatında müşahidəçi sifətiylə iştirak etməkdədir. Üstəlik, ötən günlərdə Türk Şurasının (bundan sonra türk Dövlətləri Təşkilatı – V.T.) İstanbulda keçirilən Zirvəsində KKTC-nin də bu təşkilata dəvət edilməsinə dair çağırış səsləndi.

Azərbaycan da müstəqilliyini bərpa etdikdən sonra KKTC ilə maraqlanıb və onunla müxtəlif formalarda əlaqələr yaratmağa çalışıb. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası ilə KKTC arasında münasibətlər yaranıb, daha sonra Azərbaycan da əlaqələrə start verib. Bu gün Azərbaycanla KKTC-nin münasibətləri, Türkiyə də daxil olmaqla, bir millət, üç dövlət səviyyəsinədək yüksəlib.

 

P.S. “Həftə içi” qəzetinin kollektivi olaraq KKTC xalqını, bu ölkənin Azərbaycandakı nümayəndəliyinin başda cənab Mustafa Kamal Bəyazbayram olmaqla bütün əməkdaşlarını təbrik edirik.