Biz xalqımızın nəbzini yoxladıq - Rəy

10:20 09.02.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“İlham Əliyevin yüksək səs çoxluğu ilə yenidən prezident seçilməsi region, eləcə də dünyanın qlobal güclərinə ən böyük mesajı verdi. Bu seçki bir daha bəyan etdi ki, Cənubi Qafqazda geosiyasi maraqlarını gerçəkləşdirmək üçün Ermənistan üzərindən min bir oyundan çıxan Fransa, ABŞ, Almaniya və digər dövlətlər Azərbaycana qarşı apardıqları qərəzli siyasətə yenidən baxmalıdır”.

Bunu hafta.az-a “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov Azərbaycanda fevralın 7-də keçirilən prezident seçkilərinin nəticələri, bunun gələcək sülhə və Cənubi Qafqazda gedən proseslərə təsiri ilə bağlı bildirib.

R.Hüseynov dünyada gedən müharibələrə, kataklizmlərə diqqət çəkərək, bu gün bölgədə gərginlik yaratmaq istəyən qüvvələrin daha fəal göründüyünü qeyd edib. Onun sözlərinə görə, Fransanın, Avropanın Azərbaycana qarşı təzyiq göstərməsi cəhdlərinə baxanda Ermənistanla sülh müqaviləsinin bağlanmasına qarşı da müəyyən maneələrin ola biləcəyi ehtimalı ortaya çıxır.

Onun fikrincə, bu seçkilərdə xalqın Prezidentin yanında dayanması həmin güclərə öz gücünü bir daha nümayiş etdirdi və bölgədə sülhün vacibliyini bəyan etdi.

“Bundan sonra da Cənubi Qafqazın ən güclü dövləti olan Azərbaycana qarşı hər hansı haqsız bəyanatın, qətnamənin təsir etməsi mümkün deyil. Bu gün regionda əsas lokamativ ölkə Azərbaycandır. Cənubi Qafqazı özünün plasdarmına çevrimək istəyən həmin güclər heç şübhəsiz ki, burada sülhün bərpa edilməsini istəyən xalqı nəzərə almalıdır.”

Mərkəz rəhbəri bildirib ki, regionda və dünyada baş verən prosesləri qlobal geosiyasi dəyişikliklər fonunda öz dövlətinin maraqları naminə yönəltmək, xalqın, millətin mənafeyinə uyğunlaşdırmaq üçün böyük siyasi təcrübəyə, diplomatik çevikliyə ehtiyacımız var idi. Və növbədənkənar seçkilər bu yöndə öz sözünü dedi.
“Fransa, ABŞ kimi dövlətlər regionda möhkəmlənmək üçün daxildə kimlərincə şüruna təsir edib dəyişiklik yaratmağa çalışa bilər. Amma bu bizi qarşımıza qoyduğumuz məqsədlərdən yayındırmamalıdır. Bizim yolumuz demokratik, haqq yoludur”.

Mərkəz rəhbəri qeyd edib ki, seçkidən sonra dünya səviyyəsində Prezidentə ünvanlanan təbrikləri, mesajları gördük. Bütün bunlar onu göstərir ki, Azərbaycan regionda önəmli rol oynayan dövlətdir.

“Növbədənkənar seçkilər kənardan gələn təzyiqlərin qarşısını vaxtında almaq üçün xalqın gücünün səfərbər edilməsi kimi tarixə düşdü. Biz xalqımızın nəbzini yoxladıq. Bir daha yəqin etdik ki, dədə-babaların bizə qoyduğu mirası qoruya bilmişik. Yaxşı ilə pisi ayıra bilirik”.

R.Hüseynov eyni zamanda qeyd edib ki, bu seçki prosesi Cənubi Qafqazda gözlənilən iqtisadi, siyasi layihələrin daha geniş aspektə inkişafına və tezləşməsinə təsirsiz ötüşməyəcək.