Şəhid Milli Qəhrəman Şirin Mirzəyevin xanımı, Milli Məclisin sabiq üzvü Flora xanım Qasımova bu günlərdə Türkiyənin Bursa vilayətindəki möhtəşəm parklardan birinin şəhid ömür-gün yoldaşının adına verilməsi mərasimində iştirak edib.
Hafta.az üçün geniş müsahibəsində sabiq deputat qardaş ölkəyə 44 günlük savaşdakı zəfərimizdən sonrakı ilk işgüzar səfərinin təəssüratlarından, şəhid Milli Qəhrəmanımızın adına parkın açılışı zamanı keçirdiyi hisslərdən, Bursa xəstəxanalarından birində müalicə alan qazilərimizlə görüşündən danışıb.
- Flora xanım, bu günlərdə şəhid Milli Qəhrəmanımız olan həyat yoldaşınızın adına yeni park açılışı ilə bağlı Türkiyədə növbəti səfərdə olmusunuz. Səhv etmirəmsə, bu, Azərbaycanın 44 günlük savaşdakı zəfərindən sonra qardaş ölkəyə ilk işgüzar səfəriniz idi. Düzdür, Türkiyədə Azərbaycan xalqının hər hansı rəsmi və ya qeyri-rəsmi nümayəndəsi daim səmimilik və mehribanlıqla qarşılanıb, amma yəqin ki, bu dəfə artıq torpaqlarının əksər hissəsini işğaldan azad etmiş bir xalqın nümayəndəsi kimi qarşılanmanın fərqini hiss etdiniz?..
- Öncə qeyd edim ki, qardaş ölkəyə səfərimizin təşkilindəki dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlığımızı bildiririk. Komitənin rəhbəri Fuad Muradov məsələnin bilavasitə şəhid Milli Qəhrəmanımızın xatirəsi ilə bağlı olduğunu vurğulayaraq özü şəxsən bütün problemlərlə maraqlanıb. Həmin qurumun mətbuat xidmətinin rəhbəri, tanınmış teleaparıcı Vəsilə Vahidqızı isə səfər boyu və tədbirdə daim yol-yoldaşı kimi yanımızda oldu...
Bəli, dediyiniz kimi, Türkiyə nəinki Azərbaycanın müstəqilliyini bərpa etdiyi son 30 ildə, ondan əvvəlki dönəmlərdə də, hətta sovet imperiyası dövründə belə, bizlərə isti qucağını açmağa hazır olan qardaşımız olub. Bu fikir artıq dəfələrlə deyilib... Amma yenə də təkrar-təkrar deməliyik. Əgər 1918-ci ilin yayında Osmanlı Türkiyəsi Ənvər paşanın göstərişi, Nuru paşanın başçılığıyla yaradılmış Qafqaz İslam Ordusunu Azərbaycana göndərməsəydi, bəlkə də indi biz sizinlə Bakıda belə rahat oturub söhbət edə bilməzdik. Bizim yerimizə nəinki Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Kürdəmirdə, Qarabağda, Şuşada, Laçında, Gəncədə, Qazaxda, Naxçıvanda da yalnız ermənilər, ruslar və b. yaşayardı.
Bildiyiniz kimi, 1918-ci ilin martından və ondan əvvəldən başlayaraq daşnak-bolşevik birləşmələri bəzi yerlərdə ingilislərin də köməyi ilə Azərbaycanın adını çəkdiyimiz və çəkmədiyimiz bir sıra məntəqələrində, hətta Güney Azərbaycanda da soydaşlarımıza qarşı amansız qırğınlar həyata keçiriblər... Odur ki, 1918-ci ilin sentyabrında Türkiyənin böyük dəstəyi ilə Azərbaycanın yeni yaranmış demokratik cümhuriyyəti nəinki Bakını, əslində, bütövlükdə Azərbaycanı erməni-bolşevik işğalından azad etdi... Düz 102 il sonra, yenə də sentyabr ayında sanki tarix yenidən təkrarlandı. Ali Baş Komandanın sentyabrın 27-də başlatdığı ordumuzun Qarabağa 44 günlük müzəffər yürüşündə də Türkiyə rəhbərliyi, ordusu və xalqı həm mənəvi, həm siyasi-ideoloji, həm də maddi-texniki baxımdan yanımızda, arxamızda oldu...
Düz deyirsiniz, bu dəfə biz Türkiyədə, Bursanın Karacabey rayonunda həmişəki kimi səmimi, mehriban, amma qalib bir xalqın nümayəndələri olaraq daha qürurlu, daha ruhverici, daha isti bir qarşılanma yaşadıq. Açılış tədbirinin keçirildiyi məkanda bizi Osmanlı Türkiyəsinin məşhur “Mehtər” marşı ilə qarşıladılar. Bilirsiz ki, bu möhtəşəm musiqi əzəməti, ehtişamı və görkəmliliyi, dövlətin, xalqın böyüklüyünü, ucalığını əks etdirən bir əsərdir...
- Şəhid Milli Qəhrəmanımızın adına Bursa vilayətindən park açılması ilk olaraq kimin təşəbbüsü olub?
- Bu təşəbbüsü öncə Şəmkir rayonundan olan Hüseyn Vəliyev ad-soyadlı çox sadə, təvazökar, səmimi, eyni zamanda vətənpərvər, millətsevər bir soydaşımız irəli sürüb. Hüseyn bəy çox kövrək və duyğusal insan olmaqla şair təbiətlidir. Sovet dövründə Bakıda İnşaat Mühəndisləri institutunu bitirib, sonra isə Moskvada təhsilini davam etdirib. İxtisasca texniki elmlərə yiyələnməsinə rəğmən ədəbiyyatı çox sevir, özü şeirlər yazır. Bir müddət Moskvada yaşadıqdan sonra Bakıya qayıdıb. Lakin Azərbaycanda işləri alınmadığından Türkiyəyə köçüb. Burada bir müddət inşaatla məşğul olduqdan sonra təqaüdə çıxıb və Bursada “Gələcəyin İnsanları Məkanı, Gələcəyin İmkanları Məkanı – Azərbaycan deyincə” dərnəyini yaradıb. Bəhs edilən parka Şirin Mirzəyevin adının verilməsini Hüseyn bəy məhz bu dərnəyin başqanı olaraq irəli sürüb. Bundan əvvəl isə onun təşəbbüsü ilə Milli Qəhrəmanımız Polad Həşimov adına da park açılıb. Biz səfərimiz zamanı həmin parkı da ziyarət etdik. Eyni zamanda xeyirxah həmyerlimiz, Əhməd Cavad adına da park açdırmağa çalışır. Azərbaycanın görkəmli şəxsiyyətlərinin və xüsusən Qarabağ şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün gördüyü belə işlərə görə Hüseyn bəy xüsusi təşəkkürlərə layiqdir...
Şirin Mirzəyev adına parkın meydana gəlməsində Azərbaycanda Hüseyn Vəliyevin əlaqə saxladığı Milli Qəhrəman Raquf Orucovun xanımı, “YAŞAT” fondunun üzvü Sevinc Orucova, Milli Qəhrəman Asif Məhərrəmov adına fondun rəhbəri Ədalət Məhərrəmov və Qarabağ Qaziləri ictimai birliyi mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlunun da zəhməti olub. Onlara da minnətdarlığımızı yetiririk...
- Parkın açılışı günü hansı təsirli məqamlarıyla yaddaşınıza həkk olundu?
- Sentyabrın 21-də - açılış günü Karacabey rayon bələdiyyəsinin sədri Əli Özkan və digərləri bizi çox səmimi qəbul etdi. Bundan sonra bələdiyyə sədri, bələdiyyə üzvləri, eyni zamanda Bursa bələdiyyə sədrinn vəkili, Karacabey rayonunun prokuroru, AKP-nin Bursa vilayəti üzrə başqan yardımçısı Ferhat Erol, rayonda fəaliyyət göstərən bir sıra digər dərnəklərin üzvləri, Türkiyədə yaşayan bir neçə azərbaycanlı və vaxtilə Azərbaycanda yaşamış məhsəti türklərinin nümayəndələri və s. rayonun Qurşunlu məhəlləsində salınmış gözəl parka toplandıq. Açılışda bələdiyyə sədri Əli bəy Özkan çox təsirli çıxış etdi. Rəhmətlik Bəxtiyar Vahabzadənin şeirlərindən söylədi, onun hələ sovet dövründə ilk dəfə Türkiyəyə gələrkən keçirdiyi hisslərdən bəhs etdi...
Hüseyn Vəliyev çıxışı zamanı sevincindən az qalırdı ağlasın. O, şəhidlərimizə, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana həsr edilmiş şeirlər səsləndirdi...
Bir sözlə, açılışdakı çıxışlar məni çox təsirləndirdi. Öz çıxışımda bəhs edilən parka şəhid Milli Qəhrəmanımızın adının verilməsinə görə Türkiyə və Azərbaycandakı bütün təşkilatçılara, xidməti olanlara minnətdarlığımı çatdırdım. Ali Baş Komandan başda olmaqla müzəffər ordumuzun 44 günlük savaşı sayəsində torpaqlarımızın əksər hissəsinin azad edilməsini vurğulayaraq bu müqəddəs işdə bizə dəstəyini əsirgəməmiş qardaş Türkiyə rəhbərliyinə də təşəkkürümü ifadə etdim... Çıxış edərkən çox həyəcan keçirdim və bir anlıq mənə elə gəldi ki, Şirin də 44 günlük savaşımızda bir komandir kimi iştirak edib, işğalına hədsiz ağrıdığı Şuşanın azadlığı üçün də döyüşüb və hazırda qalib ordunun zabiti kimi həmin parkda çıxış edir. Eyni zamanda Şirinin adının Türkiyədə də əbədiləşdirilməsi mənə böyük ruh və mənəvi güc verdi.
Tədbir zamanı Şuşa Rayon İcra Hakimiyyəti mədəniyyət şöbəsinin müdiri Zahid Abbasovun hazırlatdığı Şuşadakı Natəvan bulağının təsviri olan tablo və üzərində xarı bülbül şəkli olan miniatür boşqabı Karacabey bələdiyyə sədrinə hədiyyə etdim. Əli bəylə söhbətimizdə ona çatdırdım ki, Azərbaycan və Türkiyə liderləri arasında Şuşa Bəyannaməsi məhz Natəvan bulağı yanında imzalanıb. Həmçinin tədbirdə iştirak edən Bursa Böyükşəhər bələdiyyəsinin nümayəndələrinə də Azərbaycanın Qələbəsini əks etdirən xatirə hədiyyələri təqdim etdik.
Tədbirdən sonra Əli bəy Özkanla birgə Karacabeydə Türkiyənin “PKK” terrorçularıyla savaşlarında həlak olmuş bir şəhid ailəsini ziyarət etdik. Şəhid anası bizi çox ehtiramla qarşıladı. Bələdiyyə sədri şəhid anasının əlini öpdü...
Onu da xatırladım ki, bizimlə bir yerdə Türkiyədə səfərdə olan tanınmış tele-aparıcı Vəsilə Vahidqızının aparıcısı olduğu Diasporla İş Üzrə Dövlət Komitəsinin “Vətən uzaqda deyil” verilişinin İctimai TV-də yayımlanacaq növbəti buraxılışı bəhs edilən parka Milli Qəhrəmanımızın adının verilməsi mərasiminə həsr olunacaq.
- Flora xanım, şəhid ömür-gün yoldaşınızın adını daşıyacaq parkın yeri, məkanı ürəyinizə yatdımı?
- Bəli. Park doğrudan da çox cazibəli bir məkanda - Mərmərə dənizinin sahilində, eyni zamanda dağ ətəyində yaşıllıqlara qərq olmuş bir mənzərəli yerdə salınıb. Parkda uşaqlar, gənclərlə yanaşı, böyüklər də həvəslə istirahət edirlər. Uşaq əyləncə qurğularıyla bərabər, kafelər, çayxanalar da fəaliyyət göstərir. Parkın girişinə Azərbaycan və Türkiyə bayraqları sancılıb, Karacabey bələdiyyəsinin hazırlatdığı, üzərinə “Azerbaycanın Milli Kahramanı Şirin Mizayev parkı” yazılmış löhvə, bir az irəlidə isə şəhid Milli Qəhrəmanımızın təsvirləri və barəsində geniş məlumat əks olunmuş digər löhvə vurulub.
- Bildiyimizə görə, parkın açılışından sonra Bursa xəstəxanalarından birindən müalicə alan Tovuz döyüşləri və 44 günlük müzəffər savaşımızın qazilərini də ziyarət etmisiniz.
- Bəli, tədbirdən sonra biz bu müqəddəs işin təşəbbüskarı olan soydaşımız, “Gələcəyin İnsanları Məkanı, Gələcəyin İmkanları Məkanı – Azərbaycan deyincə” dərnəyinin rəhbəri Hüseyn Vəliyevlə və Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri, tanınmış teleaparıcı Vəsilə Vahidqızı ilə birgə Bursa şəhərindəki xəstəxanalardan birində müalicə olunan 44 günlük müzəffər savaşımızın 12 qazisini ziyarət etdik. Canlarını xalqımız, Vətənimiz, hər birimiz uğrunda fəda etmiş bu igidlərimizə maddi və mənəvi yardım etməyi özümüzə borc bildik.
Qəhrəman qazilərimizin hamısı əlil arabasında idi... Bizi görəndə çox təsirləndilər. Onlar əsasən 2020-ci ilin iyulundakı Tovuz döyüşlərində, eləcə də 44 günlük savaş zamanı Füzuli və Cəbrayıl ərazilərində vuruşub sağlamlıqlarını itirmiş döyüşçülərimizdır. Qazilərimiz Türkiyədə onlarla əsas maraqlanan azərbaycanlının Hüseyn Vəliyev olduğunu söylədilər. Onlar Bursa xəstəxanasında Türkiyə həkimlərinin müalicəsindən də razıdırlar.
- Yəqin ki, qazilərimizin problemləri ilə də maraqlanmısınız?..
- Əlbəttə, onların hər biri ilə yaxından tanış olmağa, söhbət etməyə çalışdıq. Təəssüf ki, bəziləri danışmaqda da çox çətinlik çəkir. Qazilərimizin çoxu “YAŞAT” fondundan da razılıq edirlər. Sakinləri olduqları rayonların icra hakimiyyətlərindən, yerli məmurlardan, qeyri-hökumət təşkilatlarından şikayətləndilər. Onların rayonlardakı ailələləri ilə, demək olar ki, heç kəsin maraqlanmadığını bildirdilər. Qazilərdən biri bildirdi ki, sakini olduğu rayonun icra hakimiyyətindən onun evinə zəng edib 27 sentyabr – Şəhidlərimizin Anım Gününə dəvət ediblər. Deməli, yerlərdəki bir çox məmurların məsul olduqları rayonlarda, şəhərlərdəki qazilərin durumundan, harada, xəstə və ya sağlam olduqlarından məlumatı yoxdur. Biri deyir ki, məni uşaqlıqdan babam saxlayıb, 80-dən yuxarı yaşı var, cəmi 200 manat pensiya alır. Heç kəs də maraqlanmır onunla, telefonda danışanda ağlayır...
Kürdəmir rayonunun sakini Əhmədzadə Turanın atası hazırda qarğıdan tikilmiş evdə yaşayır. O bildirib ki, yalnız bu yaxınlarda Milli Məclisin 7 saylı Kürdəmir seçki dairəsindən deputat Əminə Ağazadə ailəsinin problemləri ilə maraqlanıb, onlara maddi yardım göstərib.
Yevlax rayonundan olan Yusif Ağaməmmədovun sözlərinə görə, Bakıdan ona göndərilmiş əlil arabası mühərriksiz, pultsuz olub. Üstəlik, uşaq üçündür. Xeyli keçəndən sonra mühərrikini yollayıblar. Indi də pultu yoxdur. Qazimizin boyu 1 m 80 sm olduğu halda ona kiçik ölçülü araba yollayıblar. Ona görə də hərəkət zamanı çox böyük çətinlik çəkir. Anası deyir ki, aylardır müalicə olunsa da, Yusifin səhhətində heç bir irəliləyiş yoxdur. Xahiş edir ki, dövlətimiz, yaxud xeyriyyə fondları qazi oğlunu müalicə üçün Almaniyaya göndərsin.
Hesab edirəm, Bursada müalicə alan qazilərimizin siyahısını da qəzetiniz və saytınız vasitəsilə ictimaiyyətin, xüsusən rəsmi qurumların diqqətinə çatdırmağımız da vacibdir (Qeyd edək ki, yəqin ki, əzalarını və ya bədənlərinin müxtəlif vacib funksiyalarını itirmiş qazilərimizdən bəzilərinin yanında heç kəsi olmadığından sakini olduqları rayonların adları, valideynləri və ya yaxınlarının telefon nömrələri qeydə alınmayıb):
Yusif Ağaməmmədov, Yevlax rayonu, tel:051 889 61 30,
atası Füzuli, tel: 055 600 68 74
Samir Əliyev - tel: 050 332 85 03 Astara
Elşən Xanəliyev - tel: 050 711 24 42
Ram İsmayılov, Göygöl, tel: 055 241 6355, Sənan – qohumu, tel: 055 898 25 32, qardaşı Mahalın ürəyi xəstədir, babası təkdir.
Kənan Nəsirov, Tovuz rayonu, tel: 050 373 07 98
Emil Qocayev, Tovuz rayonu,
Bəxtiyar İsmayılov, Ağdam,
Turan Əhmədzadə, Kürdəmir rayonu, tel: 051 683 56 08. Atası qarğıdan tikilmiş evdə yaşayır. Valeh İsayev, atası Mehrac, tel: 050 383 09 70
Əzim Qafarov, Ehtiram Musayev, atası Nağı, tel: 055 741 42 71”
Bir daha təkrar edirəm ki, uğrumuzda canlarını fəda etmiş qazilərimizin bu siyahısıyla da ən azı maraqlanmaq hər birimizin vətəndaşlıq borcudur...
-Çox sağ olun, Flora xanım. Ətraflı müsahibəyə görə təşəkkürümüzü bildiririk. Allahdan Milli Qəhrəmanımız Şirin Mirzəyev də daxil olmaqla bütün şəhidlərimizə rəhmət, xəstə qazilərimizə isə şəfa və cansağlığı diləyirik.