BMT missiyasının regiona gəlməsi bizim üçün əhəmiyyətlidir - Elşad Mirbəşir

10:24 12.10.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan öz dövlət sərhədlərini bərpa edib suverenliyini təmin etdikcə, informasiya hücumları daha da intensivləşir. Ermənistanı özünə alət edən xaricdəki havadarları Azərbaycanı haqsız durumda təqdim etmək üçün cəhdlərindən əl çəkmir. Qarabağda müşahidə olunan erməni köçünü “etnik təmizləmə, deportasiya” kimi təqdim etməyə çalışan maraqlı güclər indi də bu bəhanəni işə salıblar.

Belə bir ərəfədə Birləşmiş Millətlər Təşkilatı (BMT) missiyasının Qarabaga ikinci dəfə səfər etməsi hansı reallığın ortaya çıxmasına imkan yaradacaq? Azərbaycan bu missiyaya sərait yaratmaqla nə əldə edir?

Bu istiqamətdə hafta.az-a danışan deputat Elşad Mirbəşir hesab edir ki, BMT missiyasının regiona gəlməsi bizim üçün əhəmiyyətlidir. Onun sözlərinə görə, bu gün Ermənistan və onu dəstəkləyən dairələr Azərbaycan əleyhinə kampaniya aparmaqda davam edir, qərəzli mövqelərinin formalaşdırılması üçün əllərindən gələni edirlər.

Azərbaycan isə hər zaman öz davranışlarında beynəlxalq konvensiyalara, hüquq normalarına istinad edib, bunu dünyaya nümayiş etdirməlidir.

“2023-cü il sentyabr ayının 19-20-də Azərbaycan Konstitusiya quruluşunun bərpası və ərazi bütövlüyümüzün təmin olunması istiqamətində lokal xarakterli antiterror tədbirlərindən sonra, Avropa Parlamenti ölkəmizə qarşı olduqca qərəzli mövqe nümayiş etdirdi. Bunu Ermənistana münasibətdə “Azərbaycanın aqressiyası, deportasiya siyasəti” kimi qiymətləndirməyə çalışdı. Bir həftə sonra isə Avropa İttifaqı etiraf etmək məcburiyyətində qaldı ki, Azərbaycan əməliyyatları öz ərazisində aparıb və ermənilərə münasibətdə çox humanist davranıb. Avropanın mövqeyinin bu cür dəyişməsini şərtləndirən başlıca məqam həqiqətləri çox ciddi şəkildə arqumentləşdirərək ictimailəşdirməkdən ibarətdir. Bu informasiya mübarizəsində hücum xarakterli addımlar atanda, qərəzli dairlər geri çəkilmək məcburiyyətində qalırlar. Bu o demək deyil ki, onlarda məlumatlar və təsəvvürlər olmadığı üçün belə qərəzli mövqe tuturlar, xeyr.  Sadəcə, Azərbaycan mövqelərini daha inamla qorumaq imkanlarını sərgiləyən zaman qərəzli mövqe tutan dairələr geri çəkilmək məcburiyyətində qalırlar”.

 E.Mirbəşir belə bir fonda beynəlxalq nümayəndələrin Azərbaycana səfərə dəvət edilməsini ən düzgün yanaşmalardan biri kimi dəyərləndirib:

“2020-ci ildən sonra beynəlxalq kütləvi informasiya vasitələri təmsilçilərini işğaldan azad etdiyimiz  ərazilərə dəvət etdik. Onlara şərait yaratdıq ki, Ermənstanın torpaqlarımızda törətdiyi vandalizmi görsünlər. İndiki şəraitdə də BMT missiyası ikinci dəfə Qarabağ ərazisinə səfər etdi. Yenə də onlara nümayiş etdiririk ki, ermənilərə qarşı heç bir etnik təmizləmə halı baş verməyib. Onlar bir daha görəcəklər ki, könüllü şəkildə Azərbaycan ərazilərini tərk etmiş ermənilərin evlərinə toxunulmayıb. Azərbaycan reinteqrasiya çağırışlarına səmimidir, infrastruktur, həyat şəraiti yerindədir. Bütün bunlar bizim haqlı mövqelərimizin dünya tərəfindən qəbul olunması baxımından çox əhəmiyyətlidir, bu, bizim informasiya müstəvisində mövqelərimizi gücləndirir, addımlarımızı daha da təsirli edir”.