BMT TŞ-nın nizamnaməsi dəyişdirilməlidir - Politoloq

16:48 04.03.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın BMT Təhlükəsizlik Şurasının tərkibindən çıxarılması təklifi Ukraynadan gəlib və bu, yeni təklif deyil.

Bu fikirləri hafta.az-a politoloq Rəşad Bayramov bildirib:

“Ukrayna bundan əvvəl də bir neçə dəfə belə təşəbbüslə çıxış edib. Səbəb olaraq isə BMT-nin yaranması zamanı Təhlükəsizlik Şurasının 5 daimi üzvündən birinin SSRİ olduğu və Sovet İttifaqının dağılmasından sonra Rusiyanın həmin yerə şübhəli şəkildə yiyələnməsi göstərilib. Belə ki, sizin də qeyd etdiyiniz kimi 1945-ci ildə SSRİ-nin tərkibində Rusiya ilə yanaşı Azərbaycan, Qazaxıstan, Ukrayna, Baltikyanı ölkələr və s. də təmsil olunub və bu da o deməkdir ki, bu ölkələrin də Təhlükəsizlik Şurasında təmsilçilik haqqı var”.

Politoloq eyni zamanda hesab edir ki, indi bu səbəblə digər post sovet ölkələrinin də Təhlükəsizlik Şurasında təmsilçiliyə iddia etməsi faydasız bir işdir. Çünki SSRİ-nin süqutundan keçən 30 ildən artıq vaxt ərzində məhz Rusiyanın Təhlükəsiz Şurasında daimi üzv olaraq təmsil olunması bütün BMT üzvləri tərəfindən qəbul olunub və indiyə qədər bununla bağlı hər hansı bir əks fikir söylənilməyib.

“İndi geriyə qayıdıb Rusiyaya “sən o zaman haqsız yerə Təhlükəsizlik Şurasında təmsil olunmusan” deməklə nəyəsə nail olmaq mümkün deyil. O məntiqlə gərək BMT yaranan zaman Təhlükəsizlik Şurasının tərkibinə daxil edilmiş Çinlə bağlı da müvafiq qərar verilə. Çünki BMT-nin yaranmasından 4 il sonra, yəni 1949-cu ildə Çində vətəndaş müharibəsi ölkənin parçalanması ilə nəticələndi. Ölkənin qitə hissəsində Çin Kommunist Partiyasının rəhbərliyi ilə Çin Xalq Respublikasının qurulduğu bir vaxtda Tayvan adasında Homindan partiyasının rəhbərliyi altında Respublikanın yaradıldığı elan olundu. Bu isə o deməkdir ki, yuxarıda qeyd etdiyimiz məntiqlə Tayvan da Təhlükəsizlik Şurası üzvlüyünə iddia etməlidir”.

R.Bayramov qeyd edib ki, BMT bir qurum olaraq yarandığı zaman qarşısına qoyduğu vəzifələrin öhdəsindən gələ bilmir. Onun fikrincə, qurumun daxilində mütləq şəkildə islahatlar həyata keçirilməlidir. Belə ki, qəbul olunmuş Qətnamələrin icrasının həyata keçirilməsi yolları, Təhlükəsizlik Şurasının formalaşması, daimi üzvlərin veto hüquqları ilə bağlı məsələlərlə bağlı Nizamnaməyə dəyişikliklərin edilməsi şərtdir.

“Hər birimiz BMT-nin fəaliyyətində kiçik dövlətlərin hüquqlarının veto hüquqlu dövlətlərin maraqlarına uyğun olaraq əksər hallarda məhdudlaşdırıldığının şahidi olmuşuq. Təhlükəsizlik Şurasının veto hüququna sahib üzvləri BMT-nin əsas orqanlarının hər birində iştirak edərək öz milli maraqlarına müvafiq olaraq qərarların qəbul edilməsinə təsir edirlər. Beynəlxalq təhlükəsizlik sisteminin bir hegemon dövlət tərəfindən birtərəfli qaydada deyil, dünya dövlətlərinin birgə səyləri ilə təkmilləşdirilməsi hazırda aktuallıq kəsb edir. BMT-də qərarların qəbul edilməsi prosesinə ABŞ-ın, yaxud Rusiyanın, yaxud da digər daimi üzvün təsir etməsi, bu dövlətlərin başqa dövlətlərin daxili yurisdiksiyasında olan məsələlərə müdaxilə etmələri, beynəlxalq hüquq normalarına riayət edilməməsi nüfuzdan düşmüş BMT-nin süqutuna səbəb ola bilər. Elə bir neçə gün bundan əvvəl Rusiyanın öz qoşunlarını Ukrayna ərazisindən qeyd-şərtsiz çıxarması ilə bağlı ABŞ və Albaniyanın təşəbbüslə çıxış etməsi və Qətnamənin qəbuluna Rusiya tərəfindən veto qoyulması buna əyani sübutdur. Rusiya 2008-ci ildə Gürcüstan böhranı ilə bağlı da qətnaməyə veto qoymuşdu və bununla da BMT-nin Müşahidə Missiyasının Gürcüstandakı və Abxaziyanın mandatını genişləndirmək niyyətində olan bir qərarın qəbul edilməsinə mane olmuşdu. Lakin bu o demək deyil ki, dünya sülhə nail olmaq üçün qəbul edilən Qətnamələrə yalnız Rusiya veto qoyur. Digər daimi üzvlərin də hər biri öz maraqları naminə veto hüququndan istifadə edirlər. Məsələn, ABŞ hər zaman Yaxın Şərqdə strateji müttəfiqi olan İsrail üçün siyasi müdafiəni təmin etmək məqsədilə veto hüququndan istifadə edir. Şərqi Qüdsdəki İsrail qəsəbələrinin fəaliyyətini pisləyən qətnamələr, Qəzzadan İsrail qoşunlarının çıxarılmasının tələb edilməsi, təhlükəsizlik divarının tikintisinin qanunsuz olduğunu və İsrail tərəfindən həyata keçirilən hərəkətlərin qınandığı bir çox çağırışlara ABŞ tərəfindən veto qoyulmuşdur”.

Politoloq Rusiyanın Təhlükəsizlik Şurasının daimi üzvlüyündən çıxarılması məsələsinin real olmadığını deyib. O, bildirib ki, BMT Nizamnaməsində Təhlükəsizlik Şurasının üzvü olan hər hansı bir dövlətin Şuranın tərkibindən çıxarılması ilə bağlı müəyyən bir prosedur nəzərdə tutulmayıb.

 “Bunun üçün mütləq şəkildə Nizamnaməyə dəyişikliklərin həyata keçirilməsi lazımdır. Bu isə olduqca çətin bir prosesdir. Nizamnamə dəyişikliyi ilə bağlı təkliflə isə artıq ABŞ Nümayəndələr palatası çıxış edib. Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvü Klaudiya Tenni müvafiq layihə hazırlayıb. Tenni BMT-ni təşkilatın nizamnaməsinin Təhlükəsizlik Şurasının daimi üzvlərinin siyahısını təsdiq edən 23-cü maddəsinə, eləcə də qeyri-daimi üzvlərin rotasiyası prinsipinə dəyişiklik etməyə çağırış edib. Amma məsələ burasındadır ki, Nizamnaməyə dəyişiklik edilməsi üçün Təhlükəsiz Şurasının daimi üzvlərinin hamısının razılığı tələb olunur. Təhlükəsizlik Şurasının on beş üzvü var, bunların beşi daimi, onu isə qeyri daimi üzvlərdir. Mövcud nizamnaməyə görə Təhlükəsizlik Şurasında qərarlar 9 səs çoxluğu ilə qəbul olunur və bu zaman beş daimi üzvün hər birinin razılığı şərtdir. Bu isə o deməkdir ki, Rusiya veto qoymaqla bu prosesin də qarşısını ala bilər. Hətta Nizamnamənin 27-ci maddəsinə əsasən mübahisə tərəfi olan dövlətin, yəni bu halda Rusiyanın səsvermədə iştirak etməməsi ilə bağlı müddəa işə düşsə belə Çinin müvafiq qərara yox deyəcəyi şübhə doğurmur”.