Bölgələrdə turizm qiymətləri bahalaşdı

10:10 01.06.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Yay fəsli yaxınlaşdıqca istirahət üçün rayonlara üz tutanların sayında artım müşahidə edilir. Bu isə həmin ərazilərdə həm kirayə evlərin, həm də otellərin qiymətinə təsirsiz ötüşmür. Bu aylarda bağ evlərinə, otellərə kütləvi tələbat yaranır ki, bu da real olaraq qiymət artımına səbəb olur. Hələlik, quru sərhədlərinin də bağlı olduğunu nəzərə alsaq, qiymətlərin ucuzlaşacağı real görünmür.

Bəs, görəsən, hazırda turizm bölgələrində qiymətlər necədir? Hansı istiqamətdə vətəndaşlar üçün istirahət daha ucuz başa “Həftə içi” qəzeti olaraq əvvəlcə onlayn otel rezervasiya mərkəzi olan "Booking.com" vasitəsilə bölgələrdə yerləşən otel və hostellərdə iyun və iyul ayları üçün  dördnəfərlik ailənin birgünlük istirahəti üçün boş yer axtarırıq.

Məlum olur ki, iyun ayında ən bahalı təklif Quba Palace Hotel & Golf Resortdadır. Belə ki, bu oteldə iyun ayında dördnəfərlik ailənin birgecəlik istirahəti 1 510 manata başa gəlir. Bu qiymətə səhər və axşam yeməyi daxildir.

Qubada yerləşən Macara Lake Park da isə iyun ayında dördnəfərlik ailənin bir gecəlik istirahəti 825 manatdır. Qiymətə səhər yeməyi daxildir.

Quba Vadi Chalet Hoteldə iyun ayında dördnəfərlik ailənin birgecəlik istirahəti 396 manata başa gəlir. Bu qiymətə səhər yeməyi daxildir.

Qəbələ Riverside Hoteldə iyul ayında 2 böyük 2 uşağın birgünlük istirahəti 568 manatdır. Qiymətə səhər və axşam yeməyi daxildir.

Qafqaz Resort Hoteldə iyul ayında dördnəfərlik ailənin bir günlük istirahəti 370 manata başa gəlir. Qiymətə səhər yeməyi daxildir.

Qafqaz Tufandağ Mountain Resort Hoteldə birgünlük istirahətin qiyməti 450 manatdır. Qiymətə səhər yeməyi daxildir.

Qafqaz Fountain cottage də bir gunluk gecələmək dördnəfərlik ailəyə 455 manata başa gəlir. İstirahət mərkəzi koteclərdən ibarətdir. Bu qiymətə yalnız səhər yeməyi daxildir.

Qəbələnin Vəndam qəsəbəsində yerləşən White Boutique Hotel də bir günlük istirahət 211 manatdır. Bu qiymətə yalnız səhər yeməyi daxildir.

Qəbələ Semerana Hoteldə dördnəfərlik ailənin birgünlük istirahəti 153 manatdır. Qiymətə səhər yeməyi daxildir.

Nohurçay Family Holiday da bir günlük qiymət 108 manatdır. Bu qiymətə səhər yeməyi də daxildir.

Yeddi Gözəl Hotel isə qiymətlər 2 böyük 2 uşaq 500 manatdır. Bu qiymətə səhər yeməyi də daxildir.

İyunda Runaway House Qalacıqda 2 böyük 2 uşağın bir günlük istirahəti 481 manatdır. Qiymətə yemək daxil deyil.

İyunda Tonqal Hotel İsmayıllıda dördnəfərlik ailənin birgünlük dincəlməsi 128 manatdır. Bu qiymətə səhər yeməyi də verilir.

Sakit Göl Şamaxıda iyun ayında 4 nəfərlik ailənin səhər yeməyi daxil bir gecəlik istirahəti 265 manata başa gəlir.

Şamaxı Palace Sharadil otelində birgecəlik qiymət isə səhər yeməyi daxil 350 manatdır.

İyunda Marxal Resort &Spa da bir gecəlik qiymət səhər yeməyi daxil 260 manatdır.

Kungut Hotel &Restaurand da bir gecəlik qiymət 124 manatdır.

Macara Sheki City Hoteldə bir gecəlik qiymət səhər yeməyi daxil 220 manatdır.

Qaxda yerləşən Yurd Hoteldə iyun ayında dördnəfərlik ailənin birgecəlik istirahəti 649 manata başa gəlir. Bu qiymətə səhər yeməyi daxildir.

Bölgələrdə təklif olunan kirayə evlərin qiymətinə gəlincə, qiymətlər günlük 60 manatdan1500 manata kimi dəyişir. 60 manata təklif olunan evlər adətən 2 otaqlıdır və 4-5 nəfərin yerləşməsi üçün nəzərdə tutulub. 7-8 nəfərin rahat şəkildə yerləşə biləcəyi kirayə evlərin qiyməti isə günlük 100 manatdan başlayır. Əgər siz hovuzlu evdə dincəlmək istəsəniz, o zaman günlük 180 manat ödəniş etməli olacaqsınız. Onu da qeyd edək ki, hovuzlu evlərin qiyməti 180-1500 manat arası dəyişir.  

Mövzu ilə bağlı daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bizimlə söhbətində deyib ki, hər il yay aylarında Azərbaycanda daxili turizm inkişaf etməyə başlayır: “Bizdə daxili turizm daha çox 2020-ci ildə pandemiya dövründən etibarən inkişaf etməyə başladı. Çünki xarici ölkə sərhədləri bağlı oldu. Hətta o dövrdə hava sərhədləri də bağlı idi. Əvvəllər insanlar avtobus və ya öz avtomobilləri ilə Gürcüstan, Türkiyə və digər ölkələrə səfər edə bilirdilər. Hazırda təyyarə biletlərinin qiymətinin baha olması və quru sərhədlərin bağlı olması səbəbi ilə aztəminatlı və orta səviyyədə maddi imkana malik olan insanlar ölkədə qalmağa üstünlük verirlər. Bu da bölgələrdə daxili turizmin inkişafına gətirib çıxarır. Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə turistik zonalarda insan axını müşahidə olunur ki, bu da həmin regionların həm iqtisadi vəziyyətinə, həm də əmlak sahəsinə müsbət təsir göstərir. Yəni, o ərazilərdə otellərlə yanaşı, gündəlik evlərə də tələbat artır. Bununla da qiymət artımı baş verir. Eyni zamanda, təqribi 3 il ərzində paytaxt əhalisi, daha çox imkanlı şəxslər bağ evlərini Bakıda deyil, ölkənin digər bölgələrində alırlar. Bu da həmin ərazilərdə əmlaka tələbatı artırır və öz növbəsində qiymət artımına səbəb olur”.

Ekspert sözlərinə görə, hazırda Quba, Qusar,Xaçmaz, Qəbələ, Şəki və yaxud digər turistik zonalarda əmlak sahiblərinin bir hissəsi paytaxt sakinləridir: “Təbii ki, bu çox yaxşıdır. Ölkənin digər sahələrində, xüsusilə daşınmaz əmlak və turizm sektorunda inkişaf gedir. Amma bunun mənfi cəhətləri də var. Həmin bölgələrdə evlərin gündəlik kirayə qiymətləri baha olur. Bu da hər kəs üçün əlçatan olmur. Müqayisə üçün deyə bilərik ki, vətəndaşlarımızın daha çox axın etdiyi ölkələrdən olan Türkiyə və Gürcüstanda turizmlə bağlı qiymətlər Azərbaycandakı turistik zonalardan ucuzdur. Təəssüf ki, bizdə qiymətlər kəskin şəkildə baha olduğu üçün aztəminatlı ailələr bu istirahət məkanlarından kifayət qədər istifadə edə bilmirlər”.

Mövzu ilə bağlı turizm eksperti Ceyhun Aşurov da qeyd edib ki, qiymətlər yerli əhali üçün əlçatan deyil: “Yeni mövsümlə əlaqədar olaraq onu demək olar ki, 2023-cü il turizmin bərpa ili hesab olunur. Dünyada və Azərbaycanda gözləntilər ondan ibarətdir ki, pandemiyadan öncəki illə müqayisədə turizm sektorunun bərpasının daha çox olacağını qeyd edirlər. Bu il rəqəmlərin bir qədər artacağı gözlənilir. Ölkədən gedənlərin sayında ciddi sıçrayış olmayacaq. Ötən il bu rəqəm 1 milyondan bir qədər çox idi. Tam rekord rəqəm bərpa olunmayıb, yəni gələnlərin sayında bərpa olunub, amma gedənlərin sayında cəmi 30 faizə qədərdir”.

C.Aşurov əlavə edib ki, tələbat artdığı dövrdə kirayə mənzillərin qiymətində artımı görə bilərik: “Tələbat artdığı dövrdə istər hotel, istərsə də kirayə mənzillərin qiymətində artımı görə bilərik. Bu, tələbatla əlaqədardır. Tələbat olduğu dövrlərdə qiymətlərdə artım müşahidə olunur. Sərhədlərin bağlı olması və dünyada qiymət artımı ilə əlaqədar olaraq daxili bazara daha böyük tələbat var. Vətəndaşlar öz istirahətlərinin təşkili məqsədilə daha çox bölgələrə səfər edirlər. Bu da tələbatı yüksək tutur və qiymətlərin yuxarı olmasının səbəbi də tələbatın yükək olmasıdır. Əgər bizim regionlarda qalma yerləri, otellərin, restoranları sayı daha çox olarsa, rəqabət nəticəsində daha uyğun qiymətlər əldə edə bilərik. Yay mövsümündə xüsusilə doluluq müşahidə olunur və gələn turistlərin sayı artır. Məktəblərin bağlı, tətil olması ilə insanların həm xaricə, həm də ölkə daxilində turizm səfərlərini sayını artırır. Bu baxımdan istirahətlərini daha çox yay mövsümünə salırlar ki, bu da qiymətlərə də öz təsiriin göstərir. Gələcəkdə bu cür obyektlərin sayı artarsa, biz daha əlverişli qiymətlər və daha yaxşı rəqabətli xidmətlər əldə edə bilərik. Biz hər il bazara yeni otellərin, qalmaq üçün kənd evləri, tikililərin daxil olduğunu görürük. Gələcəkdə də bunun artırılması üçün dövlət tərəfindən də təşviqlərin olması lazımdır ki, bu cür obyektlərin sayı daha çox olsun. Rəqabət mühiti artdıqca, insanlar büdcələrinə uyğun həm qalma, servis xidmətləri əldə etmiş olacaqlar”.