Boris Conson müsahibə üçün Karlsondan 1 milyon dollar istəyib

11:35 21.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya prezidenti Vladimir Putinlə müsahibəsi ilə gündəmə gələn amerikalı jurnalist Taker Karlson Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun müsahibə üçün ondan 1 milyon dollar istədiyini iddia edib.

Hafta.az-ın yazdığına görə, Blaze TV-yə müsahibə verən Karlson "Müsahibə aldığımızı eşidən kimi Boris Conson adlı şəxs məni qınadı. O, məni mütəmadi olaraq qınadığı üçün ondan müsahibə götürmək istədim" deyib.

Consonun müsahibədə Ukrayna ilə bağlı mövqeyini açıqlayacağına ümid etdiyini deyən Karlson, müsahibə tələbinin bir şərtlə qəbul ediləcəyinə dair cavab aldığını bildirib.

"Məsləhətçisi mənə zəng vurdu və dedi:"O, sənə müsahibə verəcək, amma bu, sənə bir milyon dollara başa gələcək. O, bir milyon dollar, qızıl və ya bitkoinlə ola bilər. Bu söhbət bir-iki gün əvvəl baş verib”, - Karlson deyib.

Putinin müsahibə üçün ondan milyon dollar istəmədiyini vurğulayan amerikalı jurnalist, "İndi mənə Boris Consonun Vladimir Putindən daha keyfiyyətsiz, daha aşağı olduğunu deyirsiniz? Bu hadisə tamamilə pul qazanmaq cəhdidir” deyə bildirib.

Bu arada, Boris Conson Rusiya lideri ilə müsahibə edən Karlsonu “Kremlin casusu” olmaqda ittihamlayıb.

Karlsonun müsahibəsi Consondan başqa bir çox Qərb siyasətçisi və jurnalistlər tərəfindən tənqid edilib, o, Putinə yumşaq suallar verməkdə, onun uzun cavablarına maneə yaratmamaqda günahlandırılıb.

Karlson isə ABŞ mediasının yalan danışması və Amerika ictimaiyyətinin Ukrayna haqqında yanlış məlumat alması səbəbindən Putinlə danışmaq istədiyini müdafiə edib.

Oxunma sayı 253