Bu, cəmiyyətdə narazılığı daha da dərinləşdirə bilər

13:30 20.02.2026 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Son dövrlər yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin sərtləşdirilməsi və bal sisteminin tətbiqi cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Qaydalara riayət edilməsinin vacibliyi mübahisəsizdir – intizam və nizam hər bir cəmiyyət üçün əsas şərtdir. Lakin əsas sual budur: biz problemi köklü şəkildə həll edirik, yoxsa vətəndaşa inzibati təzyiqi artırırıq?”

Hafta.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bugünkü iclasında deputat Razi Nurullayev “Yol haqqında” qanunun müzakirəsi zamanı səsləndirib.

R. Nurullayev qeyd edib ki, qısa müddət ərzində 20 bal toplayaraq sürücülük vəsiqəsindən məhrum edilən minlərlə insan var.

“Bu şəxslərin böyük əksəriyyəti üçün alternativ nəqliyyat imkanları məhduddur. İctimai nəqliyyat hər bölgədə əlçatan deyil. Regionlarda isə sürücülük çox vaxt ailənin əsas dolanışıq mənbəyidir. Alternativ imkanlar yaratmadan, seçim təqdim etmədən insanları cərimə yükü ilə üz-üzə qoymaq sosial ədalət prinsipi ilə tam uzlaşmır. Əgər məqsəd həqiqətən yol təhlükəsizliyini artırmaqdırsa, bu zaman yol nişanlarının, yol xətlərinin, işıqlandırma sistemlərinin, piyada keçidlərinin və müasir nəzarət mexanizmlərinin inkişafı prioritet olmalıdır”, – deyə deputat bildirib.

O əlavə edib ki, cərimə siyasəti paralel şəkildə real və sistemli infrastruktur islahatları ilə müşayiət edilməlidir. Əks halda, bu yanaşma yol təhlükəsizliyini artırmaq əvəzinə, cəmiyyətdə narazılığı daha da dərinləşdirə bilər.