Bu gün Şavkat Mirziyoyevin 67 yaşı tamam olur

10:50 24.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün qardaş Özbəkistan prezident Şövkat Mirziyoyevin doğum günüdür. 67 yaşını tamamlayan mehriban, səmimi, eyni zamanda dövlət başçısı kimi öz işinin peşakarı olan və xalqını çox sevən, mənsub olduqları türk birliyinin daha sıx birləşməsinə və güclənməsinə ürəkdən səy göstərən bu şəxsiyyət Azərbaycan da böyük sevgi və rəğbətlə qarşılanır.

Yeri gəlmişkən, Azərbaycan prezidenti İlham Əliyev Şavkat Mirziyoyevə zəng edərək ad günü münasibətilə təbrik edib, ona cansağlığı, işlərində yeni uğurlar arzulayıb.

Prezidentlər bu il iyulun 5-6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün və bu tədbir çərçivəsində təmasların əhəmiyyətini qeyd edib, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edib, əməkdaşlığın perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.

Hafta.az olaraq Şovkat Mirziyoyev haqqında qısaca məlumat vermək istədik.

Şavkat Miromonoviç Mirziyoyev 1957-ci il iyulun 24-də Özbəkistanın mərkəzində yerləşən Cizzax vilayətinin Zomin rayonunda həkim ailəsində doğulub. 1981-ci ildə Daşkənd Suvarma və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi Mühəndisləri İnstitutunu bitirib, texnika elmləri namizədi, dosentdir.

Əmək fəaliyyətinə 1981-ci ildə Daşkənd Suvarma və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi Mühəndisləri İnstitutunda başlayıb, burada kiçik elmi işçi, baş müəllim, dosent, tədris işləri üzrə prorektor vəzifələrində çalışıb.

1990-cı ildə Respublika Ali Sovetinə deputat seçilən Mirziyoyev eyni zamanda Mandat Komissiyasının sədri vəzifəsində çalışıb.

1992-ci ildə Daşkənd şəhərinin Mirzə Uluqbek rayonunun meri təyin edilib. 1996-2001-ci illərdə Cizzax vilayətinin, 2001-2003-cü illərdə isə Səmərqənd vilayətinin valisi vəzifələrində çalışaraq bu rayonların sosial-iqtisadi inkişafına böyük töhfələr verib.

O, 1995-2003-cü illərdə Özbəkistan Ali Məclisinin deputatı kimi icra hakimiyyətində işləməklə bərabər, respublikanın siyasi, sosial və iqtisadi inkişafı ilə bağlı mühüm hüquqi sənədlərin işlənib hazırlanmasında və qəbulunda fəal iştirak edib.

Şavkat Mirziyoyev 2003-cü ildə Özbəkistanın baş naziri olub və bu vəzifəyə daha üç dəfə - 2005, 2010, 2015-ci illərdə Ali Məclisin palataları tərəfindən yenidən təsdiq edilib.

Özbəkistanın müstəqilliyinin ilk illərindən Şavkat Mirziyoyev birinci prezidenti İslam Kərimovun yüksək etimadını qazanıb, onun yaxın həmkarı və müşaviri kimi səmərəli fəaliyyət göstərir.

Mirziyoyev hökumət başçısı olaraq genişmiqyaslı sosial-iqtisadi islahatların həyata keçirilməsi, ölkənin müasirləşdirilməsi və yeniləşdirilməsi, iri və unikal layihələrin həyata keçirilməsi, özəl mülkiyyətin prioritet səviyyədə inkişafı, kiçik biznesin və özəl sektorun xüsusi çəkisinin kəskin artırılması iqtisadiyyatda sahibkarlıq fəaliyyətinin asanlaşdırılması, onların hüquqi müdafiəsinin daha da gücləndirilməsində yüksək potensialı və mahir təşkilatçılıq qabiliyyətini nümayiş etdirib. O, sənayenin inkişafı, respublikanın ixrac potensialının artırılması, aqrar sahədə köklü islahatların aparılması, xüsusilə fermerlik hərəkatının inkişafı, kənd təsərrüfatı məhsullarının emalı, respublikada ərzaq təhlükəsizliyinin təmin edilməsi, əhalinin zəmanətli və sərfəli məhsullarla təmin olunması məsələsinə üstünlük verib.

Şavkat Mirziyoyevin fəaliyyəti təhsilin, elmin, səhiyyənin müasir tələblər əsasında inkişaf etdirilməsi, sosial-iqtisadi məsələlərlə yanaşı, gənclərin sağlam və yetkin böyüməsi üçün münasib şəraitin yaradılması, analıq və uşaqlığın möhkəm mühafizəsi istiqamətində mühüm addımlar atmışdır. prioritet kimi mühüm yer tutur.

8 sentyabr 2016-cı il tarixində Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının və Senatının birgə iclasında parlament palatalarının birgə qərarına əsasən, Özbəkistan prezidentinin vəzifə və səlahiyyətləri müvəqqəti olaraq o zaman baş nazir olan Şavkat Mirziyoyevə həvalə edilib.

Oktyabrın 19-da Daşkənddə Sahibkarlar və İş Adamları Hərəkatının - Özbəkistan Liberal Demokrat Partiyasının 8-ci sessiyası keçirilib və Şavkat Mirziyoyevin prezidentliyə namizədliyinin təsdiqi barədə qərar qəbul edilib. O, 2016-cı il dekabrın 4-də keçirilən prezident seçkilərinin nəticələrinə görə seçicilərin 88,61 faizinin səsini toplayaraq prezident seçilib. 2016-cı il dekabrın 14-də rəsmən vəzifəsinin icrasına başlayıb.

Xalqının yüksək sevgi və rəğbətini qazanan Mirziyoyev, dövlət başçısı olduğu beş il ərzində ölkəsinin inkişafı və rifahı naminə gördüyü böyük işlərin nəticəsi olaraq, 2021-ci il oktyabrın 24-də keçirilən prezident seçkilərində 80,1 faiz səs toplayaraq ikinci beşillik müddətə yenidən seçilib. Amma bununla da bitmir, ötən il - 2023-cü il iyulun 9-da xalq ona 3-cü müddətə Özbəkistan prezidenti olma şansını verib və iyulun 14-də inaqurasiya mərasimi keçirilib.

Şavkat Mirziyoyev ailəlidir, iki qızı, bir oğlu, altı nəvəsi var. Həyat yoldaşı Z.M. Mirziyoyeva ixtisasca mühəndis-iqtisadçıdır.

Şavkat Mirziyoyev dövlət və idarəetmə orqanlarında uzun illər səmərəli fəaliyyətinə, ölkəsinin inkişafında böyük xidmətlərinə görə “Əmək şöhrəti” və “Fədakar xidmətlərə görə” ordenlərlə təltif edilib.