“Hazırda Azərbaycanda şəhid ailələrinin övladları ilə bərabər, respublikamızın ərazi bütövlüyü, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin övladlarının təhsil haqqını dövlət qarşılayır. Bununla bağlı ölkə Prezidentinin 2014-cü ildə imzaladığı müvafiq sərəncam var. Həmin sərəncamla bütün şəhid və qazi balaları dövlət, eləcə də özəl ali məktəblərdə ödənişsiz təhsil alır”.
Bu fikirləri hafta.az-ın əməkdaşı ilə söhbətində Birinci Qarabağ müharibəsi iştirakçısı, Qazilər Birliyinin mətbuat katibi Rey Kərimoğlu bildirib.
Onun sözlərinə görə, qazi övladlarının təhsil haqqının dövlət tərəfindən qarşılanması məsələsində heç bir problem olmasa da, 2016-cı ildə aprel döyüşlərindən və İkinci Qarabağ müharibəsi başa çatandan sonra müharibə iştirakçılarıyla bağlı yeni situasiya yarandı:
“Məlum oldu ki, döyüşlərdə yaralanan insanların əksəriyyəti 18-20 yaş aralığındadır. Yəni bu şəxslər təhsil alacaq yaşdadırlar. Bəs onlar - müharibədən qayıdıb təhsilini davam etmək istəyən gənclər necə olsun? Təəssüf ki, qanunda bu məsələ öz əksini tapmayıb. Özəl kolleclər və universitetlər təhsil haqqını istəməkdə davam edir. Bu müəssisələrin xidmətdə olan tələbələrin borclarını silməklə bağlı öhdəliyi yoxdur. Ona görə də qanunvericilikdəki boşluq aradan qaldırılmalıdır. Biz təklif edirik ki, həmin şəxslərin də təhsil haqqı dövlət tərəfindən qarşılansın. Artıq bu məsələ ilə bağlı müəyyən məsləhətləşmələr də aparılıb. Parlametdə bununla bağlı görüşümüz planlaşdırılır. Ümid edirik ki, mövcud qanunvericilikdəki bu istiqamətdə boşluqlar da aradan qaldırılacaq və gənc qazilərin də təhsil haqqı dövlət hesabına ödəniləcək”.
Mövzu ilə bağlı hafta.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib ki, müvafiq qanunvericiliklərə əsasən, bu proses mütəmadi olaraq diqqət mərkəzindədir:
“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin 18 mart 2014-cü il № 347 nömrəli Sərəncamına; “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabineti 2020-ci il 13 aprel tarixli 138 nömrəli Qərarına; "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin 22 iyun 1999-cu il № 693-IQ Qanununa uyğun olaraq proses davamlı həyata keçirilir. Eyni zamanda Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil haqqı 2014/2015-ci tədris ilindən etibarən təhsil xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir”.
Nazirlikdən həmçinin vurğulanıb ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının 2020-ci ildə-2787 nəfər, 2021-ci ildə-2880 nəfər olmaqla təhsil haqqı dövlət tərəfindən qarşılanıb”.