Bu seçkilər milli inkişaf tariximizə Zəfər seçkiləri kimi daxil olub - Sahibə Qafarova

11:02 16.02.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Ölkəmizin bütün ərazisində keçirilən növbədənkənar Prezident seçkiləri milli inkişaf tariximizə Zəfər seçkiləri kimi daxil olub. Xalqımız Azərbaycanın qüdrətli dünya dövlətinə çevrilməsində həlledici rolu olan liderinə sonsuz inam və etimadını bir daha ifadə etmiş, Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş siyasi xəttin davam etməsini istədiyini bildirib. Bu müdrik seçim bölgədə və dünyada mürəkkəb proseslərin cərəyan etdiyi bir dövrdə Azərbaycanda səriştəli və məsuliyyətli rəhbərlik amilinin davamlılığını təmin edib”

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında . Milli Məclisin sədri Sahibə Qafarova çıxışı zamanı bildirib.

S.Qafarova fevralın 7-də keçirilən seçkiləri ölkəmizin siyasi həyatında tarixi əhəmiyyətli hadisə kimi qeyd edib. Spiker bildirib ki, demokratik və şəffaf şəraitdə keçirilən azad və ədalətli seçkilərdə möhtərəm cənab İlham Əliyevin parlaq qələbəsi onun Azərbaycan xalqı və dövləti qarşısında müstəsna xidmətlərinə verilən yüksək qiymətin ifadəsidir.

S.Qafarova Milli Məclis adından cənab İlham Əliyevə təbrik məktubu göndərildiyini deyib.

Spiker xanım cənab Prezidentin andiçmə mərasiminin Milli Məclisdə keçirilməsinin ənənə halını almasını qürurverici məqam kimi qeyd edib. O, bu məqamı dövlətimizin rəhbərliyi tərəfindən parlamentə verilən önəm kimi dəyərləndirib.
.
“Fevralın 14-də andiçmə mərasimində cənab İlham Əliyev ötən 20 ildən artıq dövrdə ölkəmizin keçdiyi inkişaf yolunu geniş təhlil etdi, bu dövrü uğur və qələbələrlə dolu olan illər kimi dəyərləndirdi,eyni zamanda, qarşıya çıxan çətinlikləri və problemləri, xüsusən Qarabağın azad edilməsi, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpası məsələsini xalqımızın yumruq kimi birləşərək həll etdiyini bildirdi.
Proqram xarakteri daşıyan dərin məzmunlu nitqində dövlət başçısı yeni tarixi dövrdə qarşıda dayanan vəzifələrə nəzər saldı, dövlətimizin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi, işğaldan azad edilmiş torpaqların bərpası, sosial-iqtisadi inkişaf, texnoloji üstünlüyün təmin edilməsi, milli-mənəvi dəyərlərə sadiq olan gənc nəslin yetişdirilməsi, Azərbaycançılıq məfkurəsinin gücləndirilməsi və digər sahələrdə görüləcək işlərdən danışdı, xarici siyasət istiqamətində yeni üfüqlərin açılması zərurətini qeyd etdi”.

S.Qafarova qeyd edib ki, cənab Prezidentin siyasi məharəti və səriştəsi, yaradıcı təfəkkürü, yenilməz əzmi dövlətimizin inkişafı naminə qarşıya qoyulan bütün hədəfləri əldə etməyə imkan yaradacaqdır. Milli Məclis isə dövlət başçısının uzaqgörən daxili və xarici siyasətini qanunvericilik səviyyəsində dəstəkləmək üçün öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaqdır”.