Milli Məclis Əmək Məcəlləsi və "Narkoloji xidmət və nəzarət haqqında" qanuna təklif edilən dəyişiklik layihəsini üçüncü oxunuşda qəbul edib.
Hafta.az xəbər verir ki, layihəyə əsasən, narkotik asılılığı olan şəxslərin narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növü və vəzifələr üzrə işə qəbulunun qarşısının alınmasından ötrü işəgötürənin məsuliyyətinin artırılması məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tutulub.
Yarımbəndin icrası çərçivəsində hər iki qanunvericiliyə dəyişiklik edilməsi məqsədilə qanun layihəsi hazırlanıb.
Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə qəbul edilərkən işçinin dövlət narkoloji tibb müəssisəsinin verdiyi tibbi müayinə (tibb yoxlama) haqqında rəy təqdim etməsi, işçilərin əmək funksiyasını yerinə yetirməsi zamanı əsaslı şübhələr yarandığı halda işəgötürənin hesabına müvafiq dövri və ya növbədənkənar icbari tibbi müayinədən keçirilməsi məsələlərinin tənzimlənməsi öz əksini tapıb.
Habelə dəyişikliyə əsasən, Əmək Məcəlləsinin 74-cü maddəsində qeyd olunan peşə və vəzifələr üzrə narkoloji xəstə olan şəxsin işə qəbul edilməsi ilə bağlı əmək müqaviləsinin bağlanıldığı aşkar edildikdə və ya əmək münasibətləri dövründə tibbi müayinə zamanı şəxsin narkoloji xəstə olması müəyyən edildikdə, tərəflərin iradəsindən asılı olmayan əsas kimi işçinin əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulur.