Çin Azərbaycan üçün etibarlı dost, strateji tərəfdaşdır - (TƏHLİL)

18:25 05.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanla Çin arasında münasibətlər qədimdəm mövcuddur. Sıx iqtisadi ticarət əlaqələrimiz öz inkişafı ilə ölkələrimizin və xalqlarımızın mədəniyyətlərini də bir-birinə inteqrasiya etməsinə şərait yaradlb. Əbəs yerə deyil ki, nəsildən nəslə ötürdüyümüz şifahi xalq nağıllarında “tacirlərlər Çindən ipək yüklü karvanları Azərbaycana gətirdi”, “qüdrətli hökmdarın sevimli xanımı Çin gözəli...” və sair ifadələr xlaqlarımızın qədim əlaqələrinə işıq salır. Bütün bunların davamı olaraq, müstəqil olduğu üç onillik ərzində Azərbaycan dünyanın ən böyük iqtisadi mərkəzlərindən olan Çinlə strateji partnyorluq səviyyəsində əlaqələrini inkişaf etdirib.

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astana Zirvəsində Azərbaycan prezidenti İlham Əliyevin Çinin dövlət başçısı Si Cinpinlə keçirdiyi görüş, iki liderin müzakirə etdiyi məsələlər bir daha göstərdi ki, dövlətlərimiz arasında yaranan dost münasibətlər sarsılmazdır.

Dost münasibətlərdən söz düşmüşkən, dost odur ki, çətin günündə yanında olsun. Çin bu baxımdan əsl dost olduğunu isbatlayıb, müstəqilliyin ilk vaxtlarından Azərbaycanla diplomatik əlaqələri yaradaraq, respublikamızın çox zəif, dağılmış iqtisadiyyatının toparlanmasında fəal rol oynayıb.

Hə, ən vacibi isə, Qərb dünyası – ABŞ, Avropa və Rusiya qondarma Minsk Qrupu yaradaraq Ermənistanın Azərbaycan torpaqlarını işğalını de-fakto legitimləşdirməyə vaxt qazandırdığı halda, Çin birmənalı olaraq işğalı pisləyib, Azərbaycanın ərazi bütövlüyünün bərpasını tələb edib. Bu gün torpaqlarımız qüdrətli ordumuz tərəfindən işğaldan azad olunub və hazırda həmin ərazilərdə tikinti-quruculuq-abadlıq işləri gedir. Amma biz Azərbaycan xalqı olaraq işğal dövründə yanımızda olan, çətin vaxtlarda dəstək verən ölkələrin haqqını unutmuruq və unutmayacağıq. Çin də məhz həmin dövlətlərdən biridir.

Mən bu yerdə Çinin dövlət başçısı Si Cinpinin Astanada Azərbaycan prezidenti ilə görüşdə söylədiyi fikirlərə istinad etmək istərdim. Cənab Si bildirib ki, Çin və Azərbaycan ikitərəfli münasibətləri strateji tərəfdaşlığa yüksəldiblər ki, bu, yeni mövqe və yeni başlanğıc nöqtəsidir. Cənab Si qeyd edib ki, iki tərəf iki xalqa daha çox fayda gətirmək üçün bir-birini dəstəkləməyə davam etməlidir.

“Çin və Azərbaycan səmimiyyət və qarşılıqlı etimada malik yaxşı dost, eləcə də bərabərlik və qarşılıqlı faydaya əsaslanan yaxşı tərəfdaşlardır. Ölkələrimiz arasında ikitərəfli münasibətlər sağlam və davamlı şəkildə, səmərəli əməkdaşlıq və daha zəngin strateji mənalarla inkişaf edir” deyən Si Azərbaycanla əlaqələrin inkişafına necə yüksək dəyər verdiklərini bildirir.

Bu arada, Azərbaycanın Qarabağ bölgəsində yaşaytan ermənilərin öz istəkləri ilə Ermənistana köçməsini faciəyə çevirib, bundan Azərbaycana qarşı təzyiq və qarayaxma vasitəsi kimi istifadə edən, yuxarıda da qeyd etdiyim kimi, vaxtilə bədnam Minsk Qrupu yaradaraq Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını davam edirməyə çalışan ABŞ və Avropa bu gün də ölkəmizə qarşı düşmən mövqe sərgilədiyi bir vaxtda, Çin prezidenti Si Cinpin Astanada verdiyi bəyanatla məhz həmin bədnamlara əla bir ismarıc da göndərmiş olub. Cənab Si deyib ki, “Çin dövləti Azərbaycanın milli suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasında və onun milli şəraitinə uyğun inkişaf yolunun davam etdirilməsini qətiyyətlə dəstəkləyir”.

Cənab Si onu qeyd edib ki, Çin bərabər və nizamlı dünya çoxqütblülüyünü, universal faydalı və əhatəli iqtisadi qloballaşmanı müdafiə etmək, dünyada sülh, sabitlik və inkişafı təşviq etmək üçün Azərbaycanla işləməyə hazırdır.

Əlbəttə, Azərbaycan prezidenti də ölkələrimizin sabit və etibarlı tərəfdaş olduğunu xatırladıb. Bildirib ki, müstəqilliyin, suverenliyin və ərazi bütövlüyünün qorunmasında ölkələrimiz bir-birini qətiyyətlə dəstəkləyir. Azərbaycan prezidenti bir daha bəyan edib ki, rəsmi Bakı “vahid Çin” prinsipinə hörmətlə yanaşır, Çinin tarixin tendensiyası olan və heç bir qüvvənin qarşısını ala bilməyən milli birləşmə kimi böyük işini qətiyyətlə dəstəkləyir.

İki dost ölkənin əla siyasi münasibətləri öz növbəsində geniş iqtisadi əlaqələrə də yol açır. Bu baxımdan Astanada imzalanan "Starteji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" Azərbaycanla Çin arasında münasibətlərin dediyimiz kimi, daha da dərinləşməsinə imkan yaradacaq. Son illər ölkələr arasındakı ticarət dövriyyəsində kəskin artım müşahidə olunur. 2021-ci ildə 1 milyard 780 milyon dollarlıq ticarət dövriyyəsi 2022-ci ildə 2 milyard 159 milyon dollar, 2023-cü ildə isə 3 milyard 101 milyon dollar olub. Bu o deməkdir ki, son 2 ildə Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 74 faiz artıb. Bu ilin ilk 4 ayında ölkələrimiz arasında 1 milyard 37 milyon dollarlıq dövriyyə qeydiyyata alınıb ki, sürət bu cür davam edərsə, ilin sonunadək ticarət dövriyyəsinin 3,2 milyard dollardan artıq olacaq.

Hazırda Çin Azərbaycanın 5 böyük ticarət tərəfdaşından biri kimi 4-cü yerdə qərarlaşır. İdxalda isə 3-cü yeri tutur. Çin həm də ölkəmizdə potensial investorlardan hesab edilir. İndiyə qədər Çindən ölkəmizə 1,5 milyard dollara qədər sərmayə yatırılıb. Öz növbəsində, Azərbaycan bu Asiya-Sakit region ölkəsinə çoxhəcmli investisiya qoyuluşlarında xüsusi paya malikdir və investisiyaların həcmi 1,7 milyard dolları ötür.

Çin şirkətləri ölkəmizin neft, sənaye, energetika, maliyyə, bank, rabitə, İKT, kənd təsərrüfatı və qeyri-neft sektorunun müxtəlif sahələrində təmsil olunur və hazırda onların sayı 120-yə yaxındır. İqtisadi əlaqələrin dinamikasına təsir göstərən mühüm amillərdən biri hər iki ölkədə ticarət nümayəndəliklərinin yaradılması, investisiyaların təşviqi ilə bağlı səmərəli iqtisadi alətlərin tətbiqidir.

İqtisadçı-ekspert Vüqar Bayramov da bildirir ki, Azərbaycanla Çin arasında iqtisadi əlaqələrin genişlənməsi fonunda nəqliyyat və logistika sahəsi də diqqətdədir. Azərbaycan Orta dəhlizi dəstəkləyən ölkələrdəndir.  Orta dəhliz - "Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu", bütövlükdə "Bir kəmər, bir yol" layihəsinin bir hissəsi kimi də qiymətləndirilir.

“Rusiya-Ukrayna müharibəsindən sonra Orta dəhlizə marağın artması ölkələr arasında əməkdaşlığın daha da güclənəcəyindən xəbər verir. Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra Orta dəhlizin əhəmiyyəti daha da artacaq. Nəticə etibarilə Çindən Avropaya daşınan yüklər Azərbaycan üzərindən daşımaların da əhəmiyyətli artımına səbəb olacaq. Zəngəzur dəhlizi yalnız Çinlə Azərbaycan arasında münasibətlərin gücləndirilməsində deyil, bütövlükdə regionda nəqliyyat və logistikanın inkişafı baxımından vacibdir. Bu, xüsusilə Cənubi Qafqaz üçün əhəmiyyətli layihədir”, - V.Bayramov deyib.

Bütün bunları nəzərə alaraq hesab edirəm ki, Azərbaycan-Çin strateji tərəfdaşlığı həm ikitərəfli, həm də regional və beynəlxalq təşkilatlar çərçivəsində təmasların artırılması, mübadilələrin intensivləşdirilməsi və beləliklə də əməkdaşlığımızın hərtərəfli dərinləşməsi işinə yeni dinamika gətirəcək. Strateji tərəfdaşlığımız eyni zamanda, iqtisadiyyat, ticarət, nəqliyyat, investisiyalar və bir çox digər sahələrdə əməkdaşlığımızın həm kəmiyyət, həm keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə təkan verəcək.

                                                Vüsal Tağıbəyli

P.S. Çin tarixən dünya ölkələri ilə iqtisadi-ticarət siyasəti ilə nüfuz edib, əlaqə qurub. Heç kim deyə bilməz ki, Çin nə vaxtsa ABŞ və ya Avropa ölkələri kimi, hansı dövləti hərbi vasitələrlə təsiri altına salıb. Çin sadəcə iqtisadiyyatını və beynəlxalq ticarət şəbəkəsini genişləndirir ki, bu da bütün xalqlara inkişaf gətirir. ABŞ və ümumiyyətlə, Qərb kimi dünya xalqları ilə silah diliylə danışıb, bəzən onları yersiz sanksiyalarla əzməyə çalışmayan Çin özü də uzun müddətdir Qərbin açıq və ya üstüörtülü sanksiyaları ilə üz-üzədir. ABŞ Çinin ərazisini parçalamaq üçün əlindən gələni edir, Tayvanda separatçı rejim yaradaraq defakto adanı işğalda saxlayır, dünənədək Makao, Honq Konq kimi əyalətləri ana Çindən ayırmışdılar, Çinlə İslam dünyası arasında soyuqluq yaratmaq üçün hər gün “guya bu ölkədə müsəlmanlara zülm olunur”, türk dövlətləri ilə Pekin arasında nifaq salmaq üçün guya “uyğurların milli kimlikləri əllərindən alınıb” kimi təxribatlar uydururlar. Ancaq alqışlayıram ki, Çin bütün bunlara davamlı iqtisadi yüksəlişi, gündən-günə genişlənən ticarəti ilə cavab verir. İnşallah bir gün Tayvan yenidən de-yure Çinə birləşər və Qərbin qlobal süqutunun şahidi olarıq.