Çin hökuməti gənclər arasında işsizliyin aradan qaldırılmasını əsas prioritet hesab edir.
Hafta.az-ın AFP-yə istinadən yazdığına görə, xəbərdə, pandemiyadan sonrakı dövrdə daşınmaz əmlak sektorunda yaşanan böhranla yanaşı, gənclər arasında işsizlik rəqəmlərindəki artımın Pekin administrasiyasını çətin vəziyyətə saldığı şərh edilib.
Çin lideri Si Cinping bazar ertəsi Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvləri ilə keçirdiyi görüşdə gənclərin işsizliyi probleminin həllinə prioritet veriləcəyini bildirib.
Si bildirib ki, gənclərin iş tapa bilməsi üçün bazaryönümlü alternativlər artırılmalı və sosial imkanlar genişləndirilməlidir. Bu istiqamətdə hansı addımların atılacağı ilə bağlı təfərrüatları bölüşməyən lider əlavə edib ki, gənclər "əsas sektorlarda iş tapmağa və ya qurmağa təşviq edilməlidir".
Amerikanın maliyyə analiz şirkəti “Moody's Analytics”dən Harri Mörfi Kruz, "Sinin açıqlaması təfərrüatlı olmasa da, onun siyasi dəyişikliyə hazırlaşdığı aydındır" deyib.
Kruz, iyulda Pekində keçiriləcək ÇKP MK-nın Üçüncü Plenar Toplantısında "gənclər arasında işsizliyin aradan qaldırılmasına yönəlmiş siyasətlərə geniş yer veriləcəyini" düşündüyünü söyləyib. Analitik bildirib ki, yeni siyasətlər çərçivəsində şirkətlərə yeni məzunların işə götürülməsi üçün verilən subsidiyaların artırılması, tələbələr üçün daha çox iş yerinin yaradılması kimi addımlar atıla bilər.
Lakin Kruz, daha geniş təhsil islahatları və sənaye transformasiyası planları tərəfindən dəstəklənməyincə, bunların yalnız müvəqqəti bir həll təmin edəcəyini bildirib.
Malayziyada fəaliyyət göstərən “Maybank” investisiya bankından Erika Tay jurnalistika, sosiologiya və hüquq sahələrini bitirən gənclərin iş tapa bilmədiklərinə diqqət çəkərək, bu insanlar üçün dövlət tərəfindən dəstəklənən peşə təhsili proqramlarının hazırlana biləcəyini bildirib.
22 yaşlı tələbə Qian Le Çin hüquq firmalarında maaşların azaldılmasına və işdən çıxarılmasına işarə edərək, "Hazırda işləyənlər belə işini saxlamaya billər, yeni insanların iş tapması çox daha çətindir" deyib.
AFP xəbər verir ki, bir çox gənc bazarda iş tapa bilməmək qorxusundan aspiranturaya üz tutur, digərləri isə dövlət xidmətləri sektorunda vəzifələrə təyin olunmaq üçün imtahan verirlər.
Çində gənclər arasında işsizlik rəqəmləri rekord həddə çatıb və keçən ilin iyun ayında 21,3 faizə yüksəlib. Bunun üzərinə Pekin administrasiyası avqust ayında gənclər arasında işsizlik rəqəmlərini paylaşmağı dayandırdığını açıqlayıb. Statistik ölçülər yaxşılaşdırıldıqdan sonra, dekabrda dərəcələr yenidən elan olunmağa başlayıb.
Aprel ayına olan məlumata görə, gənc işsizlərin nisbəti 14,7 faiz təşkil edir. Bundan əlavə, bu ay təxminən 11,8 milyon tələbə universiteti bitirəcək. Xəbərdə təsirli tədbirlər görülməsə, bu, problemi daha da ağırlaşdıra biləcəyinə diqqət çəkib.