Talibanın müdafiə naziri Molla Yaqub və xarici işlər naziri Əmir Xan Müttəki və Çinin Əfqanıstan üzrə nümayəndəsi Cosiah Yuvinq arasında keçirilən görüşdə Pekinlə əməkdaşlığın genişləndirildiyi bildirilib.
Hafta.az-ın yazdığına görə, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, Çinin Kabildəki nümayəndəsi Əfqanıstanda təhlükəsizlik və sabitliyin bərqərar olmasından məmnunluğunu ifadə edib, Çinin əfqan xalqına iqtisadi və ticarət sahələrində yardımlarını davam etdirdiyini vurğulayıb.
Taliban hökumətinin yaydığı bəyanata görə, Əmir Xan Müttəki beynəlxalq görüşlərdə Çinin Talibana münasibətindən məmnunluğunu ifadə edib. Çin nümayəndəsinə istinadən verilən açıqlamada Çinin Əfqanıstanın müstəqilliyinə hörmətlə yanaşdığı, Əfqanıstanın daxili işlərinə heç vaxt qarışmayacağı bildirilib.
Çin Taliban rejimi ilə sıx siyasi və iqtisadi əlaqələr quran ölkələrdən biridir və müxtəlif sahələrdən çox sayda Çin nümayəndə heyəti Əfqanıstana səfər edib. Əfqanıstanda respublika rejiminin devrilməsindən sonra Çinin xarici işlər naziri Vanq Yi 2021-ci ilin martında paytaxt Kabilə səfər edib. Yi Taliban hökumətinin yüksək səviyyəli rəsmiləri, o cümlədən xarici işlər naziri Əmin Xan Möttaki və baş nazirin iqtisadi məsələlər üzrə müavini Molla Əbdül Qani Biradərlə görüşüb. Çin xarici işlər nazirinin Əfqanıstana səfəri xarici rəsmilərin bu ölkəyə çox az səfər etdiyi bir vaxta təsadüf edib.
Bu il Çin hökuməti dəfələrlə bəzi Taliban rəsmilərinə regional və beynəlxalq görüşlərdə iştirak etmək imkanı verib. Çinin bu yanaşması Pekinlə Kabil arasında münasibətlərin həmişəkindən daha istiləşdiyini göstərir. Eyni şəkildə, Taliban hökumətinin baş nazirinin müavini Mövlavi Əbdülkəbir də avqust ayında Cənubi Asiya-Çin İdxal və İxrac Sərgisində virtual məkan vasitəsilə çıxış edib. Əbdülkəbir Çinin Əfqanıstanla əməkdaşlığının və ticarət əlaqələrinin genişlənməsinə görə dərin minnətdarlığını bildirib.
2023-cü ilin oktyabrında Çin hökuməti Əmir Xan Möttəkini Himalay görüşünə dəvət edib. Bu görüşdə Himalay ölkələri iqtisadi əlaqələri, regional kommunikasiyaları və bu bölgədəki iqlim dəyişikliklərini müzakirə ediblər. Əmir Xan Möttəki Çin hökuməti tərəfindən ona edilən bu dəvətə görə Liu Xiaoyinqə təşəkkür edib. Çin həmçinin sənaye naziri Nurəddin Əzizinin başçılıq etdiyi Taliban hökumət nümayəndə heyətini bu ayın sonunda ən azı 130 ölkədən nümayəndələrin iştirakı ilə keçirilməsi planlaşdırılan üçüncü “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştiraka dəvət edib.
Taliban Əfqanıstanda hakimiyyətə gəldikdən sonra Çin hökuməti Əfqanıstanın mədənlərinə, resurslarına və sərvətlərinə investisiya qoymaq arzusunu bildirib. Taliban hökuməti Şimali Amudərya hövzəsindən neft hasil etmək üçün Çin şirkəti ilə 540 milyon dollar dəyərində müqavilə imzalayıb. Eyni şəkildə, bu Çin şirkətinin neft hasilatının həcmini artırdığı bildirilib. Taliban həmçinin Çindən Əfqanıstanın ən böyük mis mədəni hesab edilən Aynak mis mədənində mədənçilik fəaliyyətinə başlamasını istəyib. Çin də ən bahalı mədənlərdən hesab edilən litium mədənlərinin çıxarılmasına böyük maraq göstərir. Bu məsələ ilə bağlı Talibanla danışıqlar aparılıb. Məlum olduğu kimi, litium elektrik enerjisini saxlamaq xüsusiyyətinə malikdir və telefon, elektromobil, kompüter və dron batareyalarının istehsalında istifadə olunur. Lakin Taliban hökuməti ilə Çin arasında imzalanan bu müqavilələr Taliban rejiminin qeyri-legitimliyinə görə yerli və beynəlxalq tənqidlərə məruz qalıb.
Çin Taliban rejimi ilə siyasi və iqtisadi əlaqələrini genişləndirməyə çalışır. Amma Pekin uyğur döyüşçüləri və onların ailələrinin Əfqanıstan torpaqlarında olmasından narahatdır. Çin hökuməti gizli şəkildə Talibandan uyğur təhlükəsini geri çəkməyi xahiş edib və Taliban Əfqanıstan ərazisinin heç bir qrupa və ya ölkəyə qarşı istifadə edilməyəcəyini bildirib.
Çin ABŞ-ın Əfqanıstandakı hərbi missiyasının başa çatmasını özü üçün uğur hesab edir. Talibanın ABŞ və ümumilikdə Qərbin real rəqiblərindən sayılan Çinlə əməkdaşlığı nə vaxta qədər davam etdirəcəyi zaman keçdikcə bəlli olacaq. ABŞ-ın bəzi siyasi xadimləri, xüsusən də qarşıdan gələn prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp Çinin Əfqanıstandakı təsirindən ciddi narahat olduqlarını bildiriblər.