Çin və Hindistan sərhəd məsələsində razılaşdılar

10:05 02.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çin Qlobal Televiziya Şəbəkəsinin (CGTN) xəbərinə görə, Çin və Hindistan Xarici İşlər Nazirliyinin nümayəndələri Dehlidə görüşüblər.

Hafta.az-ın yazdığına görə, iki ölkə arasında sərhəd mübahisəsini müzakirə edən nümayəndə heyətləri xarici işlər nazirləri səviyyəsində keçirilən görüşlərdə razılaşdırılmış məsələlərin icrası ilə bağlı razılığa gəliblər.

Tərəflər Çin-Hindistan sərhədindəki problemlərə diqqət yetirmək, bir-birinin narahatlıqlarını nəzərə almaq və mümkün qədər tez bir zamanda qarşılıqlı məqbul həllə nail olmaq üçün səy göstərməyə razılaşıblar.

Diplomatik və hərbi kanallar vasitəsilə kommunikasiyanın davam etdirilməsinə və danışıqlar mexanizmlərinin gücləndirilməsinə sadiq olduqlarını ifadə edən tərəflər, həmçinin regionda sülh və əmin-amanlığın qorunmasına, əvvəllər əldə edilmiş razılaşma və protokollara əməl olunmasına davam etmək barədə razılığa gəliblər.

Himalay dağları ilə əhatə olunmuş Çinlə Hindistan arasındakı aydın olmayan sərhəd xətti ölkələr arasında suverenlik mübahisələrinə səbəb olur. Çayları, gölləri, buzlaqları və qarlı zirvələri əhatə edən 3500 kilometrlik sərhəd tərəfləri tez-tez üz-üzə gətirir.

Pekin rəhbərliyi Hindistanın "Cənubi Tibet" adlandırdığı Arunaçal Pradeş əyalətində 90 min kvadratkilometr ərazi iddia edərkən, Yeni Dehli Aksay Çin Yaylasını əhatə edən 38 min kvadratkilometr ərazinin Çin tərəfindən işğal edildiyini bildirir.

1962-ci ildə iki ölkə arasında müharibəyə səbəb olan sərhəd mübahisəsini tərəflər uzun illərdir həll edə bilmir. Bu səbəbdən sərhəddə zaman-zaman gərginlik artır.

Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar Laosda Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində çinli həmkarı Vanq Yi ilə görüşüb və sərhəd mübahisəsini müzakirə edib.

Caişankar, "Münasibətlərimizi sabitləşdirmək hər iki tərəfin marağındadır" deyərək "Faktiki Nəzarət Xətti"nə və tərəflər arasında əvvəllər imzalanmış sərhəd müqavilələrinə riayət etməyə çağırıb.