Bir qrup çinli tədqiqatçı yeni elektromaqnit döyüş texnologiyası hazırladıqlarını açıqlayıb. Onlar bu yeni texnologiya ilə döyüş meydanındakı düşmənlərin “gizlənmək üçün heç bir yeri qalmayacaqlarını” bildirirlər.
Hafta.az-ın yazdığına görə, hazırlanan yeni texnologiyanın fasiləsiz və real vaxt rejimində müşahidə apararaq elektromaqnit spektrinin təhlilini təmin etdiyi və düşmən qüvvələrinin yerini aydın şəkildə göstərdiyi qeyd olunub. Bildirilib ki, bu texnologiya ilə Çin ordusu düşmən siqnallarını və düşmənin fiziki xüsusiyyətlərini demək olar ki, anında aşkarlaya bilir.
Qeyd edilib ki, yeni texnologiya Çin qüvvələri ilə də fasiləsiz əlaqəni təmin edəcək.
Rəyli araşdırma yanvarın 17-də Çində yerləşən “Radio Communications Technology” elmi jurnalında dərc edilib.
Tədqiqata rəhbərlik edən Pekin Texnologiya İnstitutundan professor Yang Kai yeni elektromaqnit müşahidə avadanlığını “kiçik ölçü, yüksək performans və aşağı enerji sərfiyyatı” kimi xarakterizə edib.
Elektromaqnit müharibəsi ABŞ və Çinin son zamanlar üstünlük uğrunda mübarizə apardığı sahələrdən biridir.
Bəzi ekspertlərin fikrincə, son aylar Cənubi Çin dənizində mülki hava radarlarına edilən müəmmalı müdaxilələr də Çin və ABŞ donanmalarının elektromaqnit sahəsində apardıqları gizli müharibənin nəticəsidir.
İndiyədək elektromaqnit müharibəsində ABŞ-dan geri qalan Çin ordusu son zamanlar bu sahədəki səylərini artırıb.
Bəzi elm adamları Pekinin bu müstəvidə sürətli irəliləyiş əldə etdiyini deyir və bunun ən mühüm səbəbinin ölkədə simsiz rabitə texnologiyalarına ciddi investisiyalar qoyan “Huawei” kimi şirkətlər olduğunu bildirirlər.
ABŞ isə 5G şəbəkələrinin qurulması üçün tələb olunan texnologiya və avadanlıqla bağlı Avropa şirkətlərindən dəstək alır.