“Çinin yeni modernləşmə kampaniyasında hər bir qadın aparıcı qəhrəmandır” –Sİ CİNPİN

11:14 13.10.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Pekində keçirilən Qlobal Qadınlar Sammitinin açılış mərasimində çıxış edən Çin prezidenti Si Cinpin dörd təklif irəli sürüb. Dövlət başçısı deyib ki, qadınların hərtərəfli inkişafının mürəkkəb problemlərlə üzləşməkdə davam etdiyini nəzərə alaraq, təkliflər daha geniş konsensus yaratmaq, daha geniş yollar açmaq və bu istiqamətdə daha praktiki tədbirlər görmək üçün təqdim edilib.

Hafta.az-ın yazdığına görə, Çin prezidenti qadınların inkişafı üçün əlverişli şərait formalaşdırmaq və yüksək keyfiyyətli qadın işlərinin təşviqi üçün güclü təkan yaratmaq üçün birgə səylərə çağırıb. O, həmçinin qadınların hüquq və maraqlarını qorumaq üçün birgə idarəçilik arxitekturasının qurulmasını və qlobal qadın əməkdaşlığının inkişafında yeni fəslin birgə yazılmasını təklif edib.

Dövlət başçısı elan edib ki, Çin qadın problemlərini ölkənin müasirləşdirilməsinin möhtəşəm praktikasına inteqrasiya etməkdə sadiq qalır və uzun illər ərzində göstərdiyi səylər sayəsində bu istiqamətdə tarixi irəliləyiş əldə edib.

Si Cinpin qeyd edib ki, Çin bəşər tarixində yoxsulluğa qarşı ən böyük mübarizədə qalib gəlib və 690 milyon çinli qadını orta dərəcədə firavan cəmiyyətə yüksəldib, BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyində müəyyən edilmiş yoxsulluğun azaldılması hədəfinə nail olub.

“Çin qadın və uşaq sağlamlığının əsas göstəricilərinə görə yüksək və orta gəlirli ölkələrə də liderlik edir” deyən Si Cinpin ölkədə ana ölümünün 1995-ci ildən bəri təxminən 80 faiz azaldığını vurğulayıb.

Sinin sözlərinə görə, hazırda Çində qadınlar ümumi məşğul əhalinin 40 faizindən, bütün internet sahibkarlarının 50 faizindən və son dörd Yay Olimpiya Oyunlarında medal qazananların 60 faizindən çoxunu təşkil edir.

Si Cinpin qeyd edib ki, yeni dövrdə çinli qadınlar bütün dövlət və ictimai idarəçilik prosesində görünməmiş inam və canlılıqla iştirak edirlər.

“Çinin yeni modernləşmə kampaniyasında hər bir qadın aparıcı qəhrəmandır” deyib dövlət başçısı.

Çin prezidenti bəyan etdi ki, qadınların işini təşviq etmək beynəlxalq ictimaiyyətin birgə məsuliyyətidir. Onun fikrincə, qadınlar bəşər sivilizasiyasının mühüm yaradıcıları, dəstəkçiləri və varisləridir.

Dövlət başçısı qeyd edib k, hazırkı sammit Pekində keçirilən BMT-nin Qadınlar üzrə IV Ümumdünya Konfransının 30-cu ildönümünə təsadüf edir.

Si Cinpin bildirib ki, son üç onillikdə 1995-ci il konfransının ruhunu rəhbər tutaraq, qadınların qlobal işi sürətlə inkişaf edərək, bəşər sivilizasiyasının tərəqqisinə töhfə verib.

Ölkə başçısı qadınların işinin qlobal irəliləyişini dəstəkləmək üçün bir sıra tədbirləri də açıqlayıb. “Çin növbəti beş il ərzində Birləşmiş Millətlər Təşkilatının Gender Bərabərliyi və Qadınların Gücləndirilməsi Təşkilatına əlavə 10 milyon dollar ianə edəcək”, - o deyib.

Eyni zamanda, o, Çinin beynəlxalq təşkilatlarla birgə qadınların inkişafını təşviq etmək üçün əməkdaşlıq proqramlarını həyata keçirmək üçün Qlobal İnkişaf və Cənub-Cənub Əməkdaşlıq Fondundan 100 milyon dollar ayıracağını bildirib.

Si əlavə edib ki, Çin, qadın və qızların prioritet benefisiar olduğu, insanların həyat şəraitinin yaxşılaşdırılması üçün 1000 kiçik miqyaslı, lakin effektiv layihəni dəstəkləyəcək, 50 min qadını mübadilə və təlim üçün Çinə dəvət edəcək. Onun sözlərinə görə, Çin, həmçinin dünyada qadınların potensialının artırılmasına yardım edən mərkəz yaradacaq və bu yolla ölkə daha görkəmli qadın istedadlarını yetişdirmək üçün müvafiq dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq edəcək.