Paytaxt ərazisində, xüsusilə də Bakı Şəhər Halqasının daxil olduğu Səbail rayonunda “Formula 1 Qatar Airways Azərbaycan Qran Pri 2024” yarışları ilə əlaqədar bütün zəruri təhlükəsizlik tədbirləri təmin olunub.
Hafta.az bildirir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov deyib.
E.İbrahimov bildirib ki, ictimai qaydanın və təhlükəsizliyin təmin olunması məqsədilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları polis əməkdaşları ilə birgə naryad qrupları halında Formula 1 halqasını əhatə edən bütün ünvan və əraziləri tam nəzarətə götürüb:
“Həmçinin, qeyd edim ki, Dövlət Yol Polisi əməkdaşları hərəkətin intensiv olduğu avtomobil yollarında gücləndirilmiş iş rejimində xidmətini davam etdirir. Yarışların hazırlıq mərhələsindən bu günə kimi hər hansı neqativ hal baş verməyib. Şəhərimizin qonaqlarını, yarış iştirakçılarının, texniki heyətin, ümumiyyətlə “Formula 1 Qatar Airways Azərbaycan Qran Pri 2024” yarışları ilə əlaqəli olan hər bir şəxsin təhlükəsizliyi təmin olunmaqdadır”, - deyə DİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, bu gün Bakının sayca səkkizinci dəfə ev sahibliyi etdiyi Formula 1 Azərbaycan Qran-Prisinə start verilib.