Bakıda Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Vəkillər Kollegiyası (VK) üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi müvəffəqiyyətlə başa vuran vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib.
Tədbirdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov, Kollegiyanın üzvləri, vəkil qurumlarının rəhbərləri, həmçinin media nümayəndələri iştirak ediblər.
Mərasimdə Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni və Vəkil Marşı səsləndirilib.
Daha sonra VK Rəyasət Heyətinin sədri Anar Bağırov çıxış edərək Azərbaycan vəkillərinin fəaliyyətindən, Vətən müharibəsi dövründə haqq səsimizi dünyaya çatdırmaq üçün beynəlxalq ekspertlərin iştirakı ilə tərtib edilən hesabatlardan, şəhid ailələri, qazilər və məcburi köçkünlərə göstərilən xidmətlərdən danışıb.
Vəkilliyə qəbulla bağlı keçirilən imtahanlardan bəhs edən VK Rəyasət Heyətinin sədri 2005-2017-ci illər ərzində 5 yazılı test imtahanının nəticəsində 575 namizədin uğur qazanaraq Vəkillər Kollegiyası üzvlüyünə qəbul olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, 2017-ci il üçün vəkillərin ümumi sayı 931 nəfər təşkil edirdi.
2018-ci ildən indiyədək Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak etmiş 4 min 750 namizəddən 1450 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib.
"Bu gün vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vurmuş 51 namizəd vəkil andı içərək Kollegiyaya qəbul olunub. Beləliklə, vəkillərin sayı 2 min 387 nəfərə çatıb. Hazırda andiçmə mərasimində iştirak edən vəkillərdən 34 nəfəri kişi, 17 nəfəri isə qadındır. Bununla da qadın vəkillərin sayı 415 nəfər olmaqla ümumi vəkillərin 18 faizini təşkil etməkdədir. Vəkillərdən 4 nəfəri regionlarda, 47 nəfəri isə Bakıda fəaliyyət göstərəcək.
Eyni zamanda hüquq elmləri doktoru Səidə Bəhram qızı Həsənzadə qanunvericiliyin tələbinə uyğun olaraq yazılı testi vermədən, şifahi müsahibədən keçmədən və icbari təlimə cəlb olunmadan andiçmə mərasiminə buraxılıb", - deyə A.Bağırov qeyd edib.
Sonra vəkilliyə namizədlər çıxış edib, vəkil peşəsinə yiyələndikləri üçün məmnun olduqlarını, vəkil etikasına riayət edəcəklərini və düzgün qərarların qəbul olunması üçün qətiyyət göstərəcəklərini bildiriblər.
Daha sonra vəkilliyə namizədlər Azərbaycanın Dövlət Bayrağı önündə and içiblər. Onlara vəkil vəsiqələri və ilk dəfə olaraq vəkil reyestrindən çıxarışlar təqdim edilib.