Honduras 2014-cü ildə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasından ibarət BRİKS qrupu ölkələri tərəfindən yaradılan Yeni İnkişaf Bankına üzvlük üçün müraciət edib.
Hafta.az-ın yazdığına görə, Honduras prezidenti Xiomara Kastronun ofisindən verilən açıqlamada, dövlət başçısının Çinin Şanxay şəhərində NDB qərargahına səfəri zamanı üzvlük tələbini Braziliyanın keçmiş prezidenti Dilma Rousseff ilə görüş zamanı çatdırdığı bildirilib.
Açıqlamada qeyd olunub ki, Honduras hökuməti üzvlük prosedurlarını həyata keçirmək üçün texniki komissiya yaradacaq.
Son zamanlar Tayvanla diplomatik əlaqələrini kəsən və adada Çinin hüquqlarını rəsmən tanıyan Houndras lideri Kastro Pekində rəsmi səfərdədir.
İyunun 9-da 6 günlük səfər çərçivəsində Şanxaya gələn Kastro dünən NDB-nin qərargahında olub və Ruseflə görüşüb.
Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan ibarət BRİKS qrupu ölkələri tərəfindən 2014-cü ildə 6-cı BRİKS Zirvə toplantısında imzalanan razılaşma ilə 100 milyard dollarlıq nizamnamə kapitalı ilə Yeni İnkişaf Bankı yaradılıb.
5 təsisçi üzvdən başqa Misir, Banqladeş və Birləşmiş Ərəb Əmirlikləri bankın üzvləridir, Uruqvay ilə üzvlük danışıqları isə hələlik davam edir.