Damazlıq heyvanlar yoxa çıxıb

13:45 14.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hesablama Palatası damazlıq heyvandarlıq sahəsində nöqsanlar aşkar edib. Belə ki, Palatanın 2024-cü il üzrə İş planına uyğun olaraq 2021-2023-cü illər əhatə olunmaqla Damazlıq heyvandarlıq sahəsinə dövlət dəstəyinin səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsinin auditi aparılıb.

Hesablama Palatasından verilən məlumatda qeyd edilib ki, dövlət dəstəyi mexanizminin şərtlərində ölkədaxili tələbata adekvat ətlik və ya südlük və ya ətlik-südlük fəaliyyət istiqamətləri üzrə differensiallaşdırılmaqla heyvanların faydalılığını səciyyələndirən konkret meyarların müəyyənləşdirilməməsi şəraitində damazlıq heyvanlara xas olan məhsuldarlıq və təkrar istehsala yararlılıq xüsusiyyətlərinə malik olmayan azyaşlı heyvanların dəyərinin güzəştli maliyyələşdirilməsi hallarının mövcudluğu daxili nəzarət qaydasında müvafiq risklərin dəyərləndirilməməsini və zəruri məhdudiyyətlərin tətbiq edilməməsini göstərib. 

Cari auditlə müvafiq dəyərinin 27,5 min manat güzəşt məbləği maliyyələşdirilmiş 8 damazlıq heyvanın maliyyələşdirilmə qərarlarının qəbul edildiyi tarixlərinə Aqrar Sığorta Fondunun məlumatlarına əsasən öldüyü, 5762 baş damazlıq heyvanlara görə sənədləşdirilmiş ölkədaxili satış (müqavilə) qiymətinin idxal gömrük dəyərinə nisbətinin -19,7%-dən 4,9%-dək olan intervalda dəyişərək təchizatçı hüquqi şəxslərin kommersiya maraqlarının rəsmən təmin olunmaması müqabilində yaranan risklər araşdırılmadan 10,2 mln. manat güzəşt məbləğinin maliyyələşdirildiyi, eləcə də auditin gedişatında aparılmasına nail olunmuş monitorinqlərin nəticələri ilə maliyyələşdirilmiş 5,1 mln. manat güzəşt məbləğinin predmeti olan 4456 baş damazlıq heyvanların alıcı şəxslərin təsərrüfatlarında mövcud olmadığı müəyyən edilib. 

Auditlə toplanmış sübutlar, o cümlədən ilkin damazlıqdan başlayaraq damazlıq təsərrüfatlarına göstərilən dövlət dəstəyinin monitorinqi proseslərinədək olan mərhələlərdə iştirak edən bütün tabeli qurumların fəaliyyətinin vahid indikativ funksionallıq baxımından səmərəli koordinasiya edilmədiyini, attestasiyadan keçirilən damazlıq heyvandarlıq təsərrüfatları üzrə damazlıq heyvanların identifikasiyası və digər zəruri rekvizitlərinin elektronlaşdırılmadığını, dövlət dəstəyi mexanizmlərinin zəruri parametrlərinin tam olaraq elektronlaşdırılmaqla əlaqələndirilməsinin təmin edilmədiyini göstərib 

Hüquqi aktlarda damazlıq təsərrüfatları üçün hər bir cins üzrə seleksiya-damazlıq proqramlarına uyğun fəaliyyət göstərmələri əsas şərt kimi müəyyənləşdirildiyi halda attestasiya və uçota alınma prosedurunu müşayiət edən müvafiq sənədləşmələrdə damazlıq heyvandarlıq təsərrüfatlarının biznes-planı mahiyyəti daşıyan həmin proqramların texniki-iqtisadi əsaslandırmalarının əsaslılığı, eyni zamanda, sonrakı nəzarət qaydasında monitorinqlərlə təsərrüfatların faktiki fəaliyyətinin proqramlara uyğunluğu araşdırılmamışdır ki, bu da attestasiya prosesinin səmərəli təşkil edilməməsinin sübutlarındandır. 

Ölkədəki mayalana biləcək iribuynuzlu heyvanların çox az bir hissəsinin (14,6-15,8 faizinin) süni mayalanmaya cəlb edildiyi, süni mayalanma ilə doğulan buzovların sayının ölkədəki mayalana bilən müvafiq heyvanlara nisbətinin hər 100 iribuynuzlu heyvana qarşı orta hesabla 8,8-ə bərabər olduğu və doğulan buzovların təxminən 50 faizinin erkək olmaqla qısa müddətli bəslənmə dövründən sonra ət istehsalı üçün kəsimə getdiyi şəraitdə süni mayalanmanın faktiki əhatəliliyi ilə ölkə üzrə heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması (optimallaşdırılması) üçün 20 ildən çox müddət tələb olunur ki, bu da mövcud süni mayalanma işinin (mexanizminin) bir o qədər də səmərəli və nəticəli olmadığını deməyə əsas verib. 

Palatanın damazlıq heyvandarlıq sahəsində aşkarladığı nöqsanları şərh edən Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli bildirib ki, bir müddət əvvəl Azərbaycana fantastik qiymətlərə iribuynuzlu heyvanlar alıb gətirirdilər: “O heyvanların gətirilməsi üçün vəsait ayrılıb. Sənədlərdə yazılıb ki, bu heyvanlar bahalı damazlıq heyvanlardır. Məsələn, 100 baş inək gətirmək lazımdır, onlar 20 baş gətiriblər. Burada 80 baş inəyin pulu isə ortadan yox olub. Ona görə də həmin heyvanlar təsərrüfatlarda yoxdur. Yaxud, bir hissəsini doğrudan da gətiriblər, amma tələf olub. Tələf olanda onun hesabatı verilməli, aktı yazılmalıdır ki, hansı səbəbdən tələf olub. Çünki bu layihədir, risklər də nəzərə alınır. Heyvanların xəstələnmə ehtimalı da nəzərə alınır və ona da vəsait ayrılır. Bundan başqa, iqlim dəyişiklikləri ilə bağlı da risklər yarana bilərdi. Həmin heyvanlarda narahatlıqlar baş verərsə, baytarlıq tədbirləri görülməli idi. Həmin baytarlıq tədbirləri də görülmədiyinə görə gətirilən heyvanların böyük əksəriyyəti tələf olub. Yəni o baytarlıq tədbirlərinə ayrılan vəsaitin hara xərclənməsi belə müəmmalıdır. Ona görə həmin heyvanlar indi təsərrüfatlarda yoxdur. Bütün bunların mütləq hesabatı aparılmalı idi”.