Dərmanlar apteklərdən niyə tez-tez “yoxa çıxır”? - SƏBƏB

11:08 11.02.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Tez-tez apteklərdə bəzi dərman vasitələrinin yoxa çıxması halları ilə qarşılaşırıq. Belə ki, müxtəlif təyinatlı preparatlar bir müddət bütün yerli apteklərdə tapılmır. Üzərindən 1-2 ay keçdikdən sonra isə həmin müalicə vasitələri yenidən satışa çıxarılır. Bəs görəsən dərmanların yoxa çıxıb, qısa müddət sonra yenidən satılmasına səbəb nədir?

Məsələ ilə bağlı hafta.az-a açıqlama verən tibb eksperti Rasif Bağırov bildirdi ki, apteklərdən dərmanların yoxa çıxmasının 2 səbəbi var. Onlardan birincisi depolar, Tarif (qiymət) Şurası və dərman gətirən şirkətlər arasındakı əlaqə ilə bağlıdır. Bu halda həmin dərmanların satışı demək olar ki, dayanır:

“Depolar, Tarif Şurası və dərman şirkətləri müəyyən “maraqlar” üçün əlaqə yaradırlar. Maraqlar toqquşduqda isə dərmanların ölkəyə gətirilməsində problem yaranır”.

Dərman vasitələrinin apteklərdən yoxa çıxıb, bir müddət sonra təkrar satışına başlanmasına gəldikdə isə ekpert buna səbəb kimi sözügedən müalicə vasitələrini xaricdə istehsal edən şirkətlərin tətbiq etdiyi limitlə əlaqələndirir:

“Yerli şirkət rəhbəri xaricdə dərman istehsal edən zavodun təyin etdiyi limitə uyğun qədər məhsul ala bilir. Xarici zavodun məsul şəxsləri bir dərman vasitəsinin həm kremini, həm tabletkasını yaxud da iynəsini verir. Bu zaman şərt qoyulur ki, “verilən bütün tibbi məhsullar satılsın, növbəti hissənin hamısı bitdikdən sonra əldə edin. Eyni firmanın bir dərman çeşidi digərlərindən ayrı satılmır”. Nəticədə yerli apteklərdə bütün sözügedən xarici məhsullar satıldıqdan sonra yeni hissəsi ölkəyə gətirilir. Bu da bir qədər vaxt alır”.