Direktor məni məktəbə götürmək istəmirdi - Sərxan Adıgözəlov

14:48 02.02.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

2 Fevral tarixinin Gənclər Günü kimi qeyd olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər Günü qeyd olunandan sonra, digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Dünyada yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si Gənclər Günü elan edilmişdir. Hafta.az-ın əməkdaşı bu dəfə Gənclər Gününə fərqli prizmadan yanaşaraq, əngəlli gənc Sərxan Adıgözəlovla həmsöhbət oldu. Gənc dostumuz fiziki məhdudiyyətlərə baxmayaraq, əngəlsiz yaşamağın yollarını, həmçinin əngəlli Azərbaycan gənclərinin üzləşdiyi problemləri bizimlə bölüşdü. Müsahibəni sizə təqdi edirik:

- Sərxan, zəhmət olmasa, ilk öncə özün haqqında bizə məlunat verərdin.

- Adıgözəlov Sərxan, 24 yaşım var. 4 yaşıma qədər ümumiyyətlə gəzə bilməmişəm. 6-7 yaşlarımda hər iki ayağımdan əməliyyat olunmuşam. Bu dövrə qədər baş barmağımın üzərində yeriyirdim.  Bu da uşaq serebral iflici diaqnozunun nəticəsi idi (sadə dillə desək, beyin təzyiqi nəticəsində yaranan aşağı ətrafların serebral iflici). 8 yaşından etibarən ailəm  məni məktəbə qoymaq istəyib.

- Fiziki məhdudiyyətli olduğun üçün təhsil həyatında hansısa çətinliklərlə üzləşmisən?

- Uşaq vaxtı məktəbə müraciət edəndə direktor bizə bildirdi ki, "Bu uşağın ayağında qüsur varsa, əqlində də problem ola bilər". Ona görə məni məktəbə götürməyə risk etmədi.  O gün indiki kimi yadımdadır. Bizim evimizə yaxın və mənim tək gedib-gələ biləcəyim yeganə məktəb var idi. Hansı ki, bu məktəbin direktoru orada oxumağımı istəmirdi. Anamın və mənim böyük israrımız nəticəsində məktəbə başlaya bildim. 2 il sonra isə daha rahat gəzə bilirdim deyə, başqa məktəbə keçid etdim. 9-cu sinfi bitirib kollec dövrünə başladım. 2014-2018-ci illərdə Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində təhsil almışam. 2015-ci ildən etibarən servislərin birində kompüter təmiri üzrə çalışmağa başlamışam.

- Bu günə qədər hansı sahələrdə işləmisən? İndi gənclərin ən böyük şikayəti iş tapa bilməməklə bağlıdır.

- 2019-cu ilə qədər mətbəədə dizayn və çap işləri üzrə işləmişəm. Ardınca pandemiya başladı və başqa ixtisaslara yönəlməyə məcbur oldum. 2020-ci ildən indiyədək müxtəlif yerlərdə, ayıq sürücü və taksi şirkətlərində zəng mərkəzi operatoru olaraq fəaliyyət göstərmişəm. Hazırda çağrı mərkəzində gecə növbəsində işləyirəm. Pandemiya dövründə çalışdım ki, proqramlaşdırmanı öyrənim. Texniki təmir üzrə ölkədə çox irəliləmək mümkün deyil. Bu da məni qane etmir. 12 saatlıq iş rejimində çalışdığım üçün gündüzlər kursa yazıldım, ancaq pandemiya elan oldunduqdan sonra yarımçıq qaldı. Daha sonra yenə kursa yazıldım, bu dəfə isə komendant saatı tətbiq edildi. Ardınca təkrar kursa yazıldım ki, SMS icazə sisteminə keçid olundu. Bu tipli səbəblərə görə 2021-ci ilin martında kurslara başlaya bildim. Kursları bitirdikdən sonra avqust ayında PAŞA bankın "Paşa bankla başla" adlı fiziki məhdudiyyətli şəxslər üçün elan olunan layihəsinə qatıldım. Təcrübə proqramı fevralın 4-də bitəcək. Hazırda da  həmin sahə üzrə, yəni "Front developer" kimi iş axtarıram.

- İş, yaxud sosial həyatında sənə dəstək olan və maneə yaradan fəaliyyət sahələrindən hansılarının adını çəkə bilərsən?

- Bu günə qədər hansısa qurumlarla problemim olsa belə, qarşı tərəfi qınamağı sevmirəm. Mənə görə, özümüz şərait yaratmadığımız müddətdə heç kəs bizə aşağı baxa bilməz. İstər ailə ortamı olsun, istər məktəb, istərsə də iş həyatı.

Bu günə qədər mənə dəstək olan dövlət ququmlarına baxsaq, onu deyə bilərəm ki, PAŞA bankın layihəsi çox möhtəşəmdir. Fiziki məhdudiyyətlilər üçün yaradılsa da, burada elə bir ayırım getmir. Mən heç vaxt bu ayrı-seçkiliyin bir parçası olmamışam. Müəyyən yaşdan sonra sağlam insana bənzəmək mənimçün lazımlı bir şey olmayıb. Fiziki məhdudiyyətli olduğumun fərqindəyəm. Bununla nələr etməli olduğumu bilirəm. Fiziki məhdudiyyətimlə nələrisə bacarmalıyam.

Bəzən qurumlar ilə problem yaşamışıq. Lap çoxdan iş görüşməsinə dəvət aldım. Eyçarla müsahibə zamanı bütün şərtlərdə razılaşdıq. Sadəcə, mən ayağa qalxanda o bildirdi ki, biz işləyə bilmərik, rəhbərlik bunu qəbul etməyəcək və s. Mən də ona dedim ki, "Bağışlayın, sizin kompüteriniz betonla işləyir? Yoxsa kompüter qaçsa, mən ona çata bilməyəcəyəm?". Bu sualın ardından elə söhbət də bitdi. Bu hadisə 19 yaşıma təsadüf edirdi, psixoloji olaraq mənfi təsir göstərmişdi. İndi belə vəziyyətlərlə çox qarşılaşdığım üçün adi hala çevrilib.

- Yəqin ki, bu qədər güclü olmağında ailənin də rolu var…

- Ailəm heç vaxt mənim özümü əskik hiss edə biləcəyim mühiti yaratmayıb. Cəzadırsa, eyni cəzanı çəkmişəm, mükafatdırsa, eyni mükafata layiq görülmüşəm.

- Sərxan, başına gələn maraqlı hadisələrdən danışa bilərsən?

- 2015-ci ildə bir nəfərə yaxınlaşıb yolu soruşmaq istədim, mənə dedi ki, “Üzrlü say, qəpiyim yoxdur”. O an donub qaldım, pis oldum. Həmin ərəfədə 18 yaşım var idi. Cavabında "Qəpiyiniz yoxdursa, mən sizə verə bilərəm", – dedim (gülür).

Tələbəlik dövründə ilk dəfə dərs danışmağa çıxanda müəllimin "Sən niyə belə yeriyirsən?" sualına "Gördüm hamı eyni gəzir, dəyişiklik olsun istədim", – demişdim.

Başıma gələn son hadisə isə belədir. Deməli, hər beş ildən bir fiziki məhdudiyyətli şəxslərin komissiya yoxlanışı keçirilir, baxmayaraq ki, 2 yaşımdan bəri əlilliyim təsdiqlənib. 18 yaşımdan etibarən 2-ci qrup əlillik dərəcəsi verilib. Yeni qaydalar əsasında əlilliyin təyini "onlayn" keçirilirdi. Sənədlərimi göndərdim və mənə bildirdilər ki,  "Sənə əlillik düşmür, sənədlər saxta da ola bilər". Daha sonra Respublika Əlillər Mərkəzinə yaxınlaşdım. Burada məni real komissiyadan keçirdilər. Bildirdilər ki, ən geci bir aya təsdiqlənəcək. Üzərindən ayyarım vaxt keçəndən sonra, heç bir cavab gəlmədiyi üçün mərkəzə yenidən müraciət elədim. Bu dəfə isə deyildi ki, həkim dələduzluq etdiyi üçün işinə xitam verilib. Sənədlərə yenidən baxılmalıdır. Daha sonra Sosial Müdafiə Fondunun müşavirinin köməkliyi ilə məsələ öz həllini tapdı.

- Səncə, Azərbaycanda fiziki məhdudiyyətli gənc olaraq yaşamaq, cəmiyyətə və sosial həyata adaptasiya olmaq çətin deyil?

- Bunu qətiyyətlə bildirmək istəyirəm ki, fiziki məhdudiyyətli insanlar cəmiyyətdə problem yaşayırsa, bu onların özlərini təcrid etməsi ilə bağlıdır. Düşünürəm, biz özümüzü heç vaxt normal insanlarla bir tutmağa çalışmamalıyıq. Eyni şərtlərə sahib deyilik. Təbii ki, bu öz şərtlərimizi yarada bilməyəcəyimiz mənasına gəlmir. İkitəkərli velosiped sürə bilmiriksə, biz də üçtəkərli sürərik. İctimai nəqliyyatda biri bizə yer vermirsə, başa düşməliyik ki, sağlam insanlar da yorğun ola bilər. Təbii ki, birinin mənə əyləşmək üçün yer verməsi möhtəşəm jestdir. Ancaq kimsə bunu etmirsə, əsla ədəbsizlik saymıram. Bəzən fiziki məhdudiyyətli şəxslərdən bu sözləri tez-tez eşidirəm: "Filankəs mənə iş vermədi”, “Bizə yer vermədilər”, “Əlillərə yol vermirlər". Mən özümü müdirlərin yerinə qoyduqda onları başa düşə bilirəm. Həddindən artıq emosional insanlarla işləyən zaman onların xətrinə dəymək olur. Bəzən kimlərsə belə halların qarşısını almaq üçün əvvəldən uzaqlaşırlar.

- Müsahibəni oxuyan fiziki məhdudiyyətli gənclərə nə məsləhət görərdin?

- Buna məsləhət deməyək. Ancaq fikrimcə, fiziki qüsurlarımızı ört-basdır etməyə gərək yoxdur. İnsanlara bunun mənəvi deyil, sadəcə fiziki olduğunu göstərmək lazımdır. Çalışıb mənəvi qüsurlarımızı yox etməliyik. Mənim bu günə qədər öhdəsindən gələ bilməyəcəyim heç bir şey olmayıb.