Dollara söykənən vahid qlobal iqtisadi sistem çökür - Elşad Məmmədov

11:45 22.04.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisadçı ekspert Elşad Məmmədov hafta.az üçün bu dəfəki müsahibəsində Rusiyanın Ukraynaya davam edən təcavüzü fonunda son aylarda ölkə və dünya iqtisadiyyatındakı proseslər, həmçinin Elman Rüstəmovun Mərkəzi Bank rəhbərliyindən azad edilməsindən sonra Azərbaycanın pul-kredit siyasətində gözlənilən dəyişikliklər və s. haqda düşüncə və təhlillərini nəql etdi.

-Elşad müəllim, Elman Rüstəmovun Mərkəzi Bankın rəhbəri olduğu dövrdə Azərbaycanın pul-kredit siyasətini necə dəyərləndirirsiz?

-Öncə onu deyim ki, mən əvvəlki dövrlərdə də mütəmadi olaraq Azərbaycanın pul-kredit siyasəti ilə bağlı tənqidi fikirlərimi bildirmişəm. Yəni elə təəssürat yaranmasın ki, kimlərsə vəzifədən gedəndən sonra belə tənqidlərə başlayırıq. Hesab edirəm ki, Azərbaycanda həyata keçirilən çox sərt pul-kredit siyasəti ölkədə investisiya artımına və deməli iqtisadi artıma çox ciddi əngəllər törədib. Yəni bu cür sərt siyasətlə biz milli iqtisadiyyat kimi faktiki olaraq potensial investisiyaların xeyli hissəsindən məhrum olduq. Ölkədə pul kütləsi kəskin şəkildə çatışmırdı. Bu gün də bu, hiss olunur. Və həmin kəskin pul çatışmazlığının əsas səbəbi bank sektorunun investisiya artımına xidmət etməməsi idi. Ona görə də bütün bunlar, sözsüz ki, ölkədə reallaşdırılan pul-kredit siyasətinin problemləri idi. Eyni zamanda obyektivlik naminə mən Mərkəzi Bankın son 6-7 il ərzində milli valyutamızın məzənnəsinin sabit saxlanılmasındakı rolunu qeyd etməliyəm. Bu, sözsüz ki, müsbət haldır. Çünki xüsusilə nəzərə aldıqda ki, bir sıra qonşu dövlətlərdə bizdəki kimi xarici ticarətlərində müsbət saldolar olsa da, devalvasiyalar getdi.  Bu da həmin ölkələrin iqtisadiyyatında dərin problemlərə səbəb oldu. Azərbaycanda  2015-ci ildəki devalvasiyalar, zənnimcə, Mərkəzi Bankın  böyük səhvlərinin, o cümlədən kapital hərəkətinə effektiv nəzarətin olmamasının nəticəsi idi.  Amma qeyd etdiyim kimi, son 6-7 il ərzində manatın sabit qalmasını Mərkəzi Bankın nailiyyəti kimi dəyərləndirirəm.  Sözsüz ki, burada əsas rolu ölkə prezidentinin siyasi iradəsi oynadı və nəticədə milli valyutamız sabit qaldı. Lakin bütövlükdə sərt pul-kredit siyasəti, kapitalın trans-sərhəd hərəkətinə effektiv nəzarətin olmaması kimi  çox fundamental problemlər Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmışdı ki, sözsüz ki, bu cür siyasəti müsbət qiymətləndirmək mümkün deyil.

-Bəs bundan sonra ölkəmizin pul-kredit  siyasəti üçün hansı proqnozlarınız var?

-Azərbaycanda pul-kredit siyasətinin gələcəyindən danışdıqda bir məqama xüsusilə diqqət etmək gərəkdir. Biz hansısa fərdlərin yox, əsasən iqtisadi siyasətin, kursun düzgün olmasını əsas götürməliyik. Çünki əgər iqtisadi kurs, pul-kredit siyasəti ilə bağlı yanaşmalar çox köklü dəyişikliklərə məruz qalmayacaqsa, o halda ölkədəki pul siyasəti ilə bağlı hansısa gözləntilərdən danışmaq olmaz. Hesab edirəm ki, Mərkəzi Bankın yeni rəhbərliyinin əsas hədəfi ölkədə investisiya mühitinə bank sektorunun müsbət töhfə verməsindən ibarət olmalıdır. Milli valyutamız sabit saxlanılmalıdır. Bunun üçün tam şəkildə imkanlar mövcuddur: ilin əvvəlindən xarici ticarətdə  5 milyard dollarlıq müsbət saldo var. Düzgün siyasət aparılarsa, manatın məzənnəsinin dəyişməsinə ən azı yaxın və orta müddətli perspektivdə heç bir əsas yoxdur. Amma eyni zamanda yalnız bununla kifayətlənmək olmaz. Biz bank sektorunun investisiya artımına, real sektorun inkişafına nail olmalıyıq. Bank sektorunun əsas missiyası pul yaratmaq və pulları maliyyə sektorundan real sektora transmissiya etməkdir. Təəssüflər olsun ki, Azərbaycanda bank sektoru bu missiyanı yerinə yetirə bilmir. Ümid edirəm ki, yeni rəhbərlik dövründə Mərkəzi Bank və bütövlükdə bank sektoru bu istiqamətdə köklü dəyişikliklərə nail olacaq.

-Rusiyanın Ukraynaya davam edən və hələ də sonu görünməyən genişmiqyaslı təcavüzü Azərbaycan iqtisadiyyatına nə dərəcədə təsir göstərib və bundan sonra nələr gözlənilir, sizcə?

-Ukraynadakı savaş və bu ölkə ətrafında baş verənlər, sözsüz ki, bütövlükdə nəinki regiona, bütün dünyaya öz təsirini göstərəcək. Nəzərə almaq lazımdır ki, Azərbaycan üçün postsovet ölkələri ilə iqtisadi əlaqələrin qurulması hər zaman prioritet olub və olacaq da. O cümlədən həmin məkanın iki ən böyük dövlətlərindən birinin hərbi münaqişədə toqquşması istər-istəməz Azərbaycana da öz təsirini göstərəcək. Bu təsirlər bir tərəfdən, xüsusilə Rusiya ilə bağlıdır. Çünki Rusiyanın ölkəmizin xarici iqtisadi siyasətində, deyərdim ki, həlledici rolu var. Ekspert hesablamalarına görə, Rusiyada təxminən 3 milyona yaxın azərbaycanlı işləyir. Və onların Azərbaycana etdiyi pul köçürmələri ölkə iqtisadiyyatının dayanıqlığında və sosial vəziyyətin sabitliyində çox önəmli rol oynayır. Bunu unutmaq olmaz. Digər tərəfdən isə Rusiya və Ukrayna dünyada taxıl bazarının 1/3-dən 40 faizinə qədərini təmin edir. Bu, çox böyük rəqəmlərdir. Və bizim regionda həmin ölkələri əvəz edəcək digər taxıl ixracatçıları yoxdur. Aydındır ki, Ukrayna ərazisindəki hərbi əməliyyatlar bu ölkədə taxıl əkini və istehsalıyla bağlı çox ciddi problemlər yaradır. Rusiya isə bu vəziyyətdən öz milli maraqları naminə istifadə edir. Artıq görürük ki, Moskva taxıl ixracına məhdudiyyətlər qoyur. Bu da dünya bazarında taxılın qiymətinin kəskin şəkildə artmasına şərait yaradır. Bu amillər, eləcə də Azərbaycanın qeyri-neft, qeyri-xammal sektorunun əsas xarici bazarının Rusiya olması onu deməyə əsas verir ki, bizim üçün bu ölkənin Ukrayna ilə münaqişəsinin hərbi yolla davam etdirilməsi arzuolunan deyil. Amma eyni zamanda bəhs edilən hadisələrin ölkəmizə iqtisadi baxımdan müəyyən imkanlar yaratdığını da qeyd etmək lazımdır. Çünki bu hadisələrin fonunda enerji daşıyıcılarının qiymətinin kəskin artımı prosesi gedir ki, bu da Azərbaycana əlavə valyuta daxilolmaları deməkdir...

Bir sözlə, Ukraynadakı savaşın iqtisadiyyatımıza müxtəlif istiqamətdlərdə çox böyük təsirləri var. Bununla belə, hesab edirəm ki, son nəticədə bəhs edilən olayların yekununda biz regional amillərin, regional iqtisadi əməkdaşlığın, regional valyutaların meydana çıxmasının şahidi olacağıq. Bu da ölkəmiz üçün yeni imkanlar açacaq. Çünki dollara söykənən vahid qlobal iqtisadi sistem artıq çökür. Bunu biz açıq-aşkar görürük. Dolların dünya ticarəti və iqtisadiyytındakı rolu azalır. Və biz buna hazır olaraq regional əməkdaşlığa üstünlük verməliyik. Hesab edirəm ki, Azərbaycanın Ukraynadakı münaqişədən sonra xarici iqtisadi siyasətinin inkişafı nöqteyi-nəzərindən belə imkanları olacaq. Çünki bir tərəfdən, Rusiyanın sanksiyalara məruz qalması məsələsi hələ uzun müddət davam edəcək. Hətta hərbi əməliyyatlar dayandırılsa belə, zənnimcə, biz yaxın müddətdə həmin sanksiyaların aradan qaldırılmasının şahidi olmayacağıq. Bu da Azərbaycan üçün müəyyən imkanların bir qədər də artmasına şərait yaradacaq. Çünki Rusiya öz xarici iqtisadi siyasətini daha çox Azərbaycan üzərindən quracaq. Və bu səbəbdən biz Azərbaycan məhsullarının Rusiya bazarındakı payının kəskin şəkildə artmasına nail ola bilərik. Çünki Rusiyanın idxalı nöqteyi-nəzərindən bu ölkə üçün prioritet artıq Avropa və Qərb deyil, qonşu ölkələr olacaq. Rusiya köklü şəkildə Şərqə doğru çevrilir və biz bu fürsət və şansdan istifadə etməliyik...

-Qərbin sərt sanksiyaları altında qalan Rusiyanın özündəki iqtisadi proseslər haqda nə deyə bilərsiz? Defolt yaxındırmı, yoxsa Rusiya bu durumdan da çıxacaq?

-Zənnimcə, biz məsələyə obyektiv yanaşmaya çalışmalıyıq. Artıq Qərb Rusiyaya qarşı defoltu elan edib. Çünki müxtəlif hesablamalara görə, Rusiyanın 300 milyard dollarlıq suveren valyuta ehtiyatları faktiki olaraq həbs edilib və dondurulub. Bu da o deməkdir ki, Qərb Rusiya qarşısında öz öhdəliklərini yerinə yetirməkdən, yəni borcunu qaytarmaqdan imtina edir. Və bunun özü ödəniş qabuliyyətinin itirilməsi deməkdir.  Bu da ilk baxışdan elə təəssürat yaradır ki, Rusiya iqtisadiyyatında problemlər artacaq. Amma bir məqamı vurğulamaq  lazımdır ki, həmin 300 milyardlıq vəsait Rusiya iqtisadiyyatının inkişafında, demək olar ki, heç bir rola malik deyildi. O vəsait onsuz da son illər Qərb iqtisadiyyatında dövriyyə edirdi. Eyni zamanda ekspert hesablamalarına görə,  ildə Rusiyadan təxminən 100 milyard dollarlıq kapital Qərbə doğru çıxırdı. Bu da son onillikldə 1 trilyon dollardan çox kapitalın  Qərbə qaçışı demək idi. Belə olan halda həmin kapitalın tam əksər hissəsi Rusiya iqtisadiyyatında heç bir rola malik deyildi. Digər tərəfdən korporativ resurslara, şirkətlərin kapitalına qoyulan həbslər də Rusiya oliqarxatına, ölkənin zəngin adamlarına təsir göstərir ki, onlar da Rusiya iqtisadiyyatının inkişafına heç bir töhfə vermirdilər. Və Rusiya əhalisinin 90 faizinin banklarda orta statistik olaraq heç 10 min dollaradək əmanəti yoxdur. Bu da onu deməyə əsas verir ki, əksər Rusiya sakinləri üçün və ölkə iqtisadiyyatının inkişafı nöqteyi-nəzərindən mühüm istiqamətləri üçün Qərbin sanksiyalarının həlledici təsiri olmayacaq. Və mən hətta deyərdim ki, bunun iqtisadiyyatının təmizlənməsi nöqteyi-nəzərindən Rusiya üçün müsbət təsiri də olacaq. Çünki öncə qeyd etdiyimiz kimi, son 30 ildə Rusiya oliqarxatı ölkə iqtisadiyyatını talayıb. Və dünyanın ən zəngin təbii resurslarına malik olan bir dövləti çox ağır duruma salan, zənnimcə, kökündən səhv olan yanlış iqtisadi siyasət olub. Bununla belə, deyərdim ki, Rusiya hökuməti bu proseslərdən effektiv şəkildə yararlana biləcəksə, ölkə iqtisadiyyatı üçün kifayət qədər imkanlar açılacaq. Amma bu da sualdır ki, Rusiya hökuməti nə dərəcədə həmin prosesdən istifadə edə biləcək. Bir daha qeyd etmək istəyirəm, dondurulmuş aktiv və kapitalların Rusiya iqtisadiyyatındakı rolu o qədər cüzi idi ki, bu, Rusiya vətəndaşlarının rifahında o qədər də ciddi çəkildə hiss edilmir və edilməyəcək də. Digər tərəfdən, onu da görürük ki, bütün bunlar Rusiya prezidentinin reytinqinin, əksinə, artmasına şərait yaradır. Ona görə də hesab edirəm ki, Qərb kifayət qədər ciddi və fundamental səhvə yol verir. Və əgər hədəf Rusiya hakimiyyətinin dəyişdirilməsi idisə, burada faktiki olaraq əks nəticələr göz qabağındadır. Rusiyanın ən imkanlı və bu ölkə ilə, az qala, bütün əlaqələrini itirmiş oliqarxatına qarşı olan sanksiyalar heç də Rusiyaya qarşı təsir demək deyil. Çünki həmin adamlar çoxdandır öz həyatlarını, maraqlarını Rusiya ilə deyil, daha çox Qərblə bağlayıblar. Həmin oliqarxlar pulu Rusiyanın təbii resursları hesabına qazanır, amma sərmayələrini tam əksər hallarda Qərblə xərcləyirdilər. Ona görə də Qərbin Rusiyaya qarşı sanksiyalarıyla bağlı belə bir mürəkkəb vəziyyət formalaşıb...

-Elşad müəllim, bəs ümumiyyətlə, Rusiya-Ukrayna savaşı fonunda dünya iqtisadiyyatında nələr baş verir və gələcək üçün nələr proqnozlaşdırırsız? Doğrudanmı BMT Baş katibinin bu günlərdə dediyi kimi, 2 milyarda yaxın insanı kəskin səfalət və aclıq gözləyir?

-Bu olduqca mürəkkəb bir mövzudur və aktual sualdır. Hesab edirəm ki, aclıqla, bütövlükdə iqtisadi qeyri-tarazlıqala bağlı məsələlər yaxın illərdə və hətta bəlkə də aylarda pik həddinə çatacaq. Biz bir tərəfdən görürük ki, Qərbin Rusiyaya qarşı sanksiyaları nəticəsində dünya miqyasında inflyasiya demək olar ki, artıq cilovlana bilməyəcək bir formada inkişaf edir və artır. Rusiya planetin təbii resurslarının təxminən 30-35 faizini özündə cəmləşdirir. Və məhz bu baxımdan bu ölkənin təcrid edilməsi qeyri-mümkündür. Bu da qeyri-tarazlıqlara səbəb olur. Və əksinə, biz görürük ki, Rusiyanın əsas ixrac istiqamətləri (hərbi sənaye kompleksi, təbii ehtiyatlar: enerji daşıyıcıları, uran, qızıl, digər metallar və s.) üzrə qiymətlər artır. Eyni zamanda taxılın da qiyməti kəskin şəkildə artır. Bütün bunlar da dünya iqtisadiyyatında inflyasiya zəncirinin dərinləşməsinə şərait yaradır. Amma  Qərb və xüsusilə, ABŞ bu vəziyyətdən çıxacaq. Çünki onlar dollar emissiya edir.  Ehtiyat valyutalarından ən azından birini emissiya edirlər. Və dollar çap edərək müəyyən qədər öz probelmlərini həll edəcəklər. Fəqət, Afrikada, Asiyanın bir sıra ölkələrində hansı problemlər olacaq, bu, olduqca düşündürücü bir məsələdir. Və eyni zamanda  düşünürəm ki, Avropanın da gələcəyi çox ciddi sual altındadır. Çünki Rusiya təbii resurslarından, enerji daşıyıcılarından kritik dərəcədə asılı  olan ölkələr nə Amerika, nə Asiya ölkələridir, məhz Avropadır. Və hazırkı şəraitdə Avropa öz siyasi subyektliyini itirərək  iqtisadi durumunu çox ciddi şəkildə kəskinləşdirir. Bu səbəbdən hesab edirəm ki, bəhs edilən proseslər nəticəsində ilk növbədə Çin və Hindistan kimi Asiya nəhəngləri yeni imkanlar əldə edəcək. Avropa iqtisadiyyatının real sektorunda isə vəziyyət kəskin şəkildə pisləşəcək. Çünki artıq biz görürük ki, Avropada bir sıra iri istehsal müəssisələri də qapanır. Və belə proseslər nəticəsində Avropa nəhənglərinin Çin və Hindistanla rəqabət imkanları az qala sıfıra enəcək. Bax bu cür qeyri-tarazlıqlar nəticəsində son olaraq, zənnimcə, hazırkı qlobal iqtisadi sistem çökməyə doğru gedir. Bu, artıq qaçılmaz görünür. Və iqtisadi sistem fraqmentlərə bölünəcək: 4-5 böyük region formalaşacaq. Nəticədə biz, çox güman ki, qlobal iqtisadi sistem əvəzinə  4-5 regional sistem və regional valtyutaların yaranmasının şahidi olacağıq...

-Elşad müəllim, sonda yenə Azərbayacan qayıdaq. Son vaxtlar ictimai nəqliyyatda, xüsusən avtobuslarda gediş haqqının qaldırılması haqda informasiyalara münasibətiniz necədir?

-Çox təəssüflər olsun ki, son onilliklərdə hökumətimizin iqtisadi bloku əhalinin həssas təbəqəsinin ictimai nəqliyyatda pulsuz və güzəştli istifadəsi təcrübəsinə müraciət etməyib.  Amma hesab edirəm ki, Azərbaycanda əhalinin həssas təbəqələri üçün belə güzəştlərin tam şəkildə tətbiq edilməsi mümkündür.  Son nəticədə əgər biz diqqət yetirsək, ictimai nəqliyyatla bağlı sahələr üzrə büdcə daxilolmalarının payı o dərəcədə cüzidir ki, hökumət həmin daxilolmalardan imtina edərək  neft-qaz ixracatından əldə olunan resursları ölkə iqtisadiyyatına istiqamətləndirməklə ictimai nəqliyyatda gediş haqqına güzəştləri tam şəkildə tətbiq edə bilər. Və hesab edirəm ki, bu, hökumətin iqtisadi blokuna aid məsələlərdir və hökumət özü belə təkliflərlə çıxış etməlidir. Çünki dövlət başçısının da dəfələrlə dediyi kimi, Azərbaycandakı siyasətin, o cümlədən iqtisadi siyasətin mərkəzində insan amili durur. Və bu baxımdan da hökumət insanların rifah halının yüksəlməsinə yönəlik bir iqtisadi siyasət aparmağa borcludur. Axı  iqtisadiyyat yalnız rəqəmlərin sadalanması, büdcə daxilolmalarının artımının elan edilməsi üçün deyil. Son nəticədə iqtisadi siyasətin hədəfi əhalinin rifah halının yaxşılaşdırılması olmalıdır.

 O da var ki, güzəştlərin həssas kateqoriyalar üçün tətbiq edilməsi prosesində müxtəlif spekulyasiyalara yol verilə bilər. 1990-cı illərdə də belə hallar olurdu ki, güzəştlərin aid edildiyi təbəqələrə dəxli olmayan bəzi şəxslər saxta sənədlərlə həmin güzəştləri əldə etməyə çalışırdı. Ancaq hazırda elektronlaşma, rəqəmsallaşma texnologiyaları hökumətin belə spekulyasiyaların qarşısını alması üçün yetərincə şərait yaradacaq.

Digər tərəfdən, hesab edirəm ki, ümumiyyətlə, bütövlükdə əhalinin, istehlakçıların  bütün kateqoriyaları üçün tarif və qiymətlərin artımının qarşısı alınmalıdır. Ancaq ən həssas təbəqələr üçün güzəştlər paketinin tətbiqi, sözsüz ki, məqsədəuyğundur.