Dövlət Duması ölkədə satılan ən ucuz avtomobil olan “Lada Granta”dan daha ucuz avtomobil istehsal edilməsini istəyir. Bunun üçün deputatlar təhlükəsizlik göstəricilərinə yenidən baxılmasını və xarici ucuz avtomobillərin ekspertizadan keçirilməsini tələb ediblər.
Hafta.az-ın yazdığına görə, Dumanın deputatları Sənaye və Ticarət Nazirliyinə, eləcə də Rusiyanın aparıcı avtomobil istehsalçılarına 500 min rubl (5900 dollar) dəyərində avtomobilin istehsalı üzərində işləməyi xahiş ediblər.
“Avtovaz”ın ən çox satılan və ən ucuz modeli olan “Lada Granta”nın indiki qiyməti 778 min rubldan başlayır.
Məsələni işıqlandıran “İzvestiya” qəzeti dünyadakı oxşar ucuz avtomobilləri və rus rublu ilə olan qiymətləri araşdırıb. Müvafiq olaraq, bu kateqoriyadakı ən ucuz avtomobillər bunlardır: “Maruti Susuzki Celerio” - 519 min rubl, “Renault Kwid” - 454 min rubl, “Maruti Suzuki Alto” - 342 min rubl.
Qəzetə danışan sənaye ekspertləri belə fikirdədirlər ki, Rusiyada oxşar nümunələrlə müqayisədə avtomobillərin qiymətlərinin baha olmasında təhlükəsizlik spesifikasiyalarında tələblər rol oynayır. Bununla belə, eyni ekspertlər ucuz avtomobillərin Qlobal NCAP təhlükəsizlik testlərində aşağı qiymət aldığını da bildirirlər.