Dünya iqtisadiyyatı BORC BATAQLIĞINDA

10:17 22.11.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

2025-ci ilə qədər qlobal dövlət borcu rekord həddə - 111 trilyon dollara çatır ki, bu da cəmi bir il ərzində 8,3 trilyon dollar artım deməkdir. BVF-nin məlumatlarına görə, ümumi qlobal borcun 51,8 faizi yalnız ABŞ və Çinin payına düşür.

Hafta.az-ın yazdığına görə, qlobal borc nisbəti real olaraq pandemiya dövrünün zirvələrindən bir qədər aşağı düşsə də, riskli səviyyələrdə qalır. BVF-nin son Dünya İqtisadi Perspektivi hesabatı ölkələrin borc mənzərələrindəki ciddi boşluqları ortaya qoyur.

ABŞ 2025-ci ildə 38 trilyon dolları keçən borc ehtiyatı ilə siyahıya başçılıq edir. Bu rəqəm ABŞ iqtisadiyyatının (ÜDM) 125 faizinə uyğundur. Lakin ABŞ iqtisadiyyatı üçün ən böyük həyəcan siqnalı faiz ödənişləridir; son beş ildə üç dəfə artan xalis faiz ödənişlərinin 2035-ci ilə qədər ildə 1,8 trilyon dollara çatacağı gözlənilir.

İkinci yerdə Çin 18,7 trilyon dollarlıq dövlət borcu ilə ABŞ-dan sonra gəlir. Çinin borcunun bir ildə 2,2 trilyon dollar artması, daşınmaz əmlak böhranının yaratdığı iqtisadi yavaşlamanı və gəlir itkilərini məhdudlaşdırmaq üçün hökumətin həyata keçirdiyi stimullaşdırıcı tədbirlərdən qaynaqlanır.

Dünyanın ən çox borclu üçüncü ölkəsi olan Yaponiyanın borc ehtiyatı 9,8 trilyon dollardır. Lakin, həqiqətən diqqət çəkən məqam ölkənin borc-ÜDM nisbətinin 230 faizə çatmasıdır. Bu rekord səviyyəyə baxmayaraq, Yaponiyanın Baş naziri Sanae Takaiçi artımı stimullaşdırmaq üçün 92,2 milyard dollarlıq yeni stimullaşdırıcı paket planlaşdırır.

Avropada təxminən 4 trilyon dollar borcları olan Böyük Britaniya və Fransa ilk beşliyi tamamlayır. Xüsusilə Fransada büdcə kəsirləri siyasi böhrana çevrilib; son iki ildə beş baş nazirin dəyişməsi borc yükünün yaratdığı siyasi qeyri-sabitliyin ən konkret göstəricisi kimi şərh olunur.

Siyahıda ilk 10-luqda olan digər ölkələr İtaliya, Hindistan, Almaniya, Kanada və Braziliyadır.

Qlobal nəhənglərin borc böhranları ilə mübarizə apardığı bu kontekstdə Türkiyə həm borc həcmi, həm də milli gəlirə nisbəti baxımından idarəolunan səviyyədə qalır. 192 ölkə arasında 25-ci yerdə olan Türkiyənin dövlət borcu, 2025-ci il proqnozlarına görə, 380,4 milyard dollardır. Lakin, kritik göstərici olan borcun ÜDM-ə nisbəti baxımından Türkiyə bir çox inkişaf etmiş ölkələrdən xeyli aşağıda, 24,3 faizlə təhlükəsiz zonada yerləşir.