Cənubi Sudanın şərqində bir neçə həftə ərzində yüzə yaxın insan naməlum xəstəlikdən dünyasını dəyişib. Hafta.az bu barədə BBC News-a istinadla xəbər verir.
Hazırda bu Afrika ölkəsində 89 vətəndaş xəstəliyin qurbanı olub. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ən çox ölüm hallarının qeydə alındığı Conqley əyalətinə araşdırma aparmaq üçün işçi qrupu göndərib. Qeyd olunur ki, vəba üçün aparılan testlər mənfi nəticə verib.
Eyni zamanda, yerli hakimiyyət orqanları hesab edirlər ki, xəstəliyin fəsadlarından ölənlərin sayı deyilənlərdən xeyli çoxdur. Ən çox yoluxma halları 2021-ci ilin avqustunda daşqınların ən çox zərər çəkdiyi bölgədə aşkarlanıb. ÜST mütəxəssisləri xəstəliyin episentrinə hələ də quru yolu əlçatmaz olduğu üçün helikopterlə getməli olacaqlar.