Dünyada super zənginlərin sayı artır: Çin birincidir

09:15 18.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Son on ildə dünyanın super zəngin klubu böyük genişlənmə yaşayıb. “New World Wealth” və “Henley & Partners” tərəfindən hazırlanan hesabata görə, bu artıma Çin rəhbərlik edib.

Hafta.az-ın yazdığına görə, hesabatda deyilir ki, centi milyonçuların (sərvəti 100 milyon dollar və daha çox olanlar) dünya üzrə 54 faiz artaraq 29350-yə çatıb.

Bu sahədə xüsusilə Çin və ABŞ önə çıxsa da, Çində senti milyonçuların sayındakı artımın 108 faiz olduğu bildirilir. Eyni dövrdə ABŞ-da bu nisbət 81 faiz olaraq qalıb. Beləliklə, Çin super zəngin əhali artımında ABŞ-ı geridə qoyub.

Bildirilir ki, Çində bu sürətli artım böyük ölçüdə texnologiya və sənaye sektorlarında fəaliyyət göstərən milyonerlərin təsirindən qaynaqlanır. Hazırda Çində 2350 milyonerin olduğu təxmin edilir.

Bununla belə, Çin iqtisadiyyatının son illərdə durğunluq dövrünə girdiyi və daşınmaz əmlak sektorundakı çətinliklər, yüksək işsizlik nisbəti və zəif daxili istehlak səbəbindən artımın yavaşladığı bildirilir.

İqtisadçı Endrü Amoils, Çinin centi milyonçu bumunun böyük hissəsinin 2013-2020-ci illər arasında baş verdiyini və 2020-ci ildən bəri super zənginlərin sayındakı artımın cəmi 10 faiz civarında qaldığını söyləyib.

Hesabata görə, 2040-cı ilə qədər Çin və bəzi Asiya-Yaxın Şərq şəhərlərinin super zəngin əhalisinin sayında böyük artım gözlənilir. Hangzhou və Şenzhen kimi şəhərlərdə centi milyonçuların sayında 150 faizdən çox artım olacağı proqnozlaşdırılır. İndi də bu iki şəhərin artım sürəti ölkədəki 5 faizlik artımı üstələyir.

Eyni hesabatda təxmin edilir ki, ABŞ və Çin 2040-cı ilə qədər super zənginlərin artım sürətində dünya ortalamasını 75 faiz ötəcək. Xüsusilə Çində senti milyonçuların sayının 80-100 faiz arasında artacağı gözlənilir.

Hesabatda Taypey, Dubay və Əbu-Dabi kimi Asiya və Yaxın Şərq şəhərlərinin də super zəngin əhalisinin 150 faiz artacağı proqnozlaşdırılır. Digər tərəfdən Sürix, Çikaqo, Moskva və Madrid kimi şəhərlərdə super zənginlərin sayında daha məhdud bir artım olacağı ifadə edilir.

Avropada Almaniya, Fransa və İngiltərə kimi böyük bazarlarda super zənginlərin artımının daha məhdud olacağı gözlənildiyi halda, Monako, Malta və Monteneqro kimi kiçik bazarlarda senti milyonçuların sayında 75 faizdən çox artım proqnozlaşdırılır.