Vyetnamın paytaxtı Hanoy şəhərində küçələri bürüyən qatı duman görmə məsafəsini xeyli azaldıb. Bu, nəqliyyat vasitələrinin tullantılarının yüksək səviyyəsi və tikinti əməliyyatları nəticəsində havanın çirklənməsi ilə bağlıdır.
Hafta.az-ın yazdığına görə, mobil telefon proqramı vasitəsilə havanın çirklənməsi ilə bağlı müstəqil qlobal məlumat təqdim edən Air Visual Index-in məlumatlarına əsasən, Hanoy havasındakı PM2.5 kimi tanınan təhlükəli kiçik hissəciklərin səviyyəsi hər kubmetr üçün 187 mikroqrama çatıb.
Bazar ertəsindən bəri Hanoy dünyanın ən çirkli şəhərləri siyahısına başçılıq edir.
58 yaşlı Dong Kim Oanh, "Bu, sağlamlığımız üçün zərərlidir. Düşünürəm ki, Hanoyda çirklənməyə çox sayda şəxsi avtomobillər və bütün tikinti sahələrində yaranan zərif tozlar, həmçinin soyuq hava səbəb olur" deyib.
Dünya Bankının 2021-ci il hesabatına görə, Hanoyda qeydə alınmış 8 milyon avtomobilin tullantıları havadakı hissəciklərin çirklənməsinin 30 faizini, sənaye sektoru emissiyaları da digər 30 faizini təşkil edir.
Şəhərin başqa bir sakini Fam Zay Fong, çirklənmənin "insanların tənəffüs sistemlərinə təsir edərək onların xəstələnməsinə və hətta boğulmasına səbəb olacağını" söyləyib.
Sıx duman və pisləşən hava çirkliliyi səbəbindən fevralın 2-də Hanoyda 100-ə yaxın reys təxirə salınıb və ya digər şəhərlərə yönləndirilib.