“TheGuardian”ın sahibi Guardian Media Group (GMG) dünyanın ən köhnə bazar günü qəzeti olan “Observer”i satmağa hazırlaşır.
Hafta.az-ın “The Guardian”a istinadən yazdığına görə, Tortoise Media bazar günü qəzetini almaq üçün GMG-yə ən azı 25 milyon funt-sterlinq təklif edib.
GMG-nin baş icraçı direktoru Anna Bateson bunun "maraqlı" təklif olduğunu söyləyib və "Observer”in gələcəyini əhəmiyyətli investisiya ilə qurmaq" fürsətini təklif edib.
“The Guardian”ın baş redaktoru Katarin Viner də bunun hər iki qəzetin böyüməsi və inkişafı üçün vacib olduğunu bildirib.
1791-ci ildə qurulan “Observer” 1993-cü ildə GMG tərəfindən alınıb.
Qəzetin alınması təklifi ilə çıxış edən Tortoise Media 2019-cu ildə “London Times” qəzetinin keçmiş redaktoru və BBC-nin keçmiş xəbər direktoru Ceyms Hardinq və ABŞ-ın Böyük Britaniyadakı keçmiş səfiri Metyu Barzun tərəfindən təsis edilib.
Tortoise Media tərəfindən edilən şərhdə, “Observer”-in rəqəmsal versiyasının hər bazar günü nəşr ediləcəyi, Tortoise-un xüsusi podkastları və xəbər bülletenləri ilə yenilənəcəyi ifadə edilib.
Şirkətin qurucularından olan Hardinq, “1984” və “Animal Farm” kimi klassik əsərlər yazan Corc Oruellin “Observer”i “cəfəngiyyatın düşməni” kimi təsvir etdiyini xatırladır və deyir: “Köhnə və yeni oxucularımıza göstərməkdən həyəcanlanırıq ki, qəzetimiz hələ də öz mövqeyini qoruyur".