İyun ayının 4-dən Bakıda regionun enerji sahəsində mühüm hadisəsi olan Bakı Enerji Həftəsi başlayıb. Qeyd edək ki, iyunun 6-dək davam edəcək tədbir özündə üç mötəbər Forumu birləşdirir. Bunlar 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil&Gas”, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 29-cu Bakı Enerji Forumudur.
37 ölkədən 300-dək şirkət Azərbaycandadır
Hər il keçirilən və özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycanın üzərinə cəmləşdirir. Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirak edir. Tədbirdə Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belarus, Belçika, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, Əlcəzair, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İraq, İsrail, İsveç, İtaliya, Latviya, Qazaxıstan, Qətər, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə, Ukrayna və Yaponiya iştirak edir. Bu ölkələr arasında İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir ki, tədbirə qatılırlar. Builki sərginin tərkibi iştirakçıların ümumi sayının 15 faizini təşkil edən yeni şirkətlər hesabına yenilənib. Onların əksəriyyəti Azərbaycanın “yaşıl enerji” sahəsinə yüksək maraq göstərən xarici iştirakçılardır. Sərgi sahəsinin 40 faizi tanınmış şirkətlərə, sərgilərin daimi iştirakçılarına məxsusdur.
Son dövrlərdə Azərbaycan, artıq beynəlxalq işgüzar tədbirlərin təşkil edildiyi mərkəz kimi tanınır. Ölkə konqres və sərgi fəaliyyətlərində fəal iştirak edir, inkişaf etmiş infrastruktura malikdir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər bir tədbirin təşkilinin Azərbaycana həvalə edilməsi ölkənin dünyada beynəlxalq və genişmiqyaslı tədbirlərin uğurlu təşkilatçısı statusunu bir daha sübut edir. Belə genişmiqyaslı hadisə ərəfəsində enerji sektoru nümayəndələrini bir araya gətirən Bakı Enerji Həftəsi Azərbaycanın enerji sektorundakı rolunu və dünya enerji təhlükəsizliyinə verdiyi töhfəni bir daha vurğulayacaq.
2024-cü ildə Bakı Enerji Həftəsi əhəmiyyətli bir hadisəyə də təsadüf edir. Belə ki, bu il respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş “Əsrin müqaviləsi”nin imzalanmasından 30 il ötür. Bu mühüm tədbir Bakı Enerji Həftəsinin proqramında da öz əksini tapıb. “Əsrin müqaviləsi” görkəmli siyasi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin banisi olduğu Azərbaycanın energetika strategiyasının əsas tendensiyasını müəyyən edən və Azərbaycanı dünyanın neft ixracatçılarından birinə çevirən özül hesab edilir. Belə ki, məhz “Əsrin müqaviləsi” ilə müstəqil Azərbaycanın neft strategiyasının əsası qoyuldu.

Eyni zamanda, bu il Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil&Gas” sərgisinin təsis edilməsindən 30 il ötür. Azərbaycanda beynəlxalq sərgilərin keçirilməsi təşəbbüsü müstəqil Azərbaycan dövlətinin qurucusu, Heydər Əliyev tərəfindən irəli sürülüb. 1994-cü ildə ümummilli lider Heydər Əliyev Azərbaycanın neft-qaz sənayesində ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəklədi və həmin dövrdən etibarən, “Caspian Oil&Gas” sərgisi neft, qaz və energetika sahəsində aparıcı peşəkarların görüş yerinə çevrilib.
“Bizim sözümüz imzamız qədər dəyərlidir”
Prezident İlham Əliyevin hər il Bakı Enerji Həftəsinin açılış mərasimində iştirak etməsi bu tədbirin yüksək statusunu bir daha təsdiqləyir. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışı zamanı dövlət başçısı bildirib ki, bu tədbir ilk dəfə 1994-cü ildə keçirilib və o vaxtdan bəri Azərbaycanın enerji sektoruna birbaşa xarici sərmayənin cəlb edilməsində çox vacib rol oynayıb: “Bakı Enerji Həftəsi enerji siyasətinin bütün seqmentlərini əhatə edir – neft, qaz, emal, ixrac və əlbəttə ki, yaşıl enerji. Dəfələrlə dediyimiz kimi, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. İdxaldan asılı olan ölkələr, əlbəttə ki, ən etibarlı və uzunmüddətli tərəfdaşlar və müqavilələr axtarır. Onlar Azərbaycanın simasında məhz bunu əldə edirlər. Bizim sözümüz imzamız qədər dəyərlidir. Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu etibar onilliklər ərzində qazanılıb. Bunun nəticəsidir ki, biz bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik”.

Bakı Enerji Həftəsi dünya liderlərinin diqqət mərkəzində
Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı Enerji Həftəsi ilə bağlı Prezident İlham Əliyevə məktub ünvanlayıblar. Diqqətçəkən məqam ondan ibarətdir ki, ABŞ Prezidentinin Azərbaycanın dövlət başçısına həftə ərzində artıq ikinci məktubudur. Bu, dünyada çox nadir enerji toplantısıdır ki, ABŞ Prezidenti təbrik göndərir. Bayden məktubunda Azərbaycanın qlobal enerji məkanında transformasiyaya yol açan rolunu nümayiş etdirən Bakı Enerji Həftəsinə yenidən ev sahibliyi etməsinə şad olduğunu qeyd edib. O vurğulayıb ki, builki tədbirlər Bakının noyabr ayında həlledici COP29 tədbirinə ev sahibliyi etməyə hazırlaşdığı dönəmdə xüsusi əhəmiyyət kəsb edir: “Temperatur artımının 1,5 dərəcədə saxlanılması hədəfinə nail olunması istiqamətində birgə işlədiyimiz bir vaxtda COP29 neft və qaz sektorunda metan tullantılarının məhdudlaşdırılması və təmiz enerji keçidinin irəlilədilməsi kimi əsas qlobal təşəbbüslərin inkişafı baxımından Azərbaycan üçün misilsiz imkan təqdim edir. Azərbaycan xüsusilə Avropada qlobal enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalır. Xəzər qazı getdikcə çoxsaylı ölkələrə ixrac edilir və bu da Avropa ölkələrinə enerji mənbələrinin şaxələndirilməsinə, kömürdən imtinanın sürətləndirilməsinə yardım edir. Azərbaycan öz enerji tarixində yeni səhifə açarkən təmiz enerji və metan tullantılarının azaldılmasına artan diqqət və sadiqlik məndə məmnunluq doğurur. Xəzərin sahib olduğu əhəmiyyətli külək enerjisi potensialı Azərbaycanın təmiz enerji ixracının neft və qaz ixracını üstələyəcək gələcəyə gətirib çıxara bilər”.
O vurğulayıb ki, regional sabitlik və əlaqələr Birləşmiş Ştatlar üçün prioritet məsələlərdir. Onilliklərlə davam etmiş münaqişəyə son qoyacaq möhkəm və ləyaqətli sülh sazişi Cənubi Qafqazı transformasiya edəcək və Azərbaycanın regiondakı rolunu fundamental şəkildə dəyişəcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə öz məktubunda qeyd edib ki, Azərbaycanla yaxın münasibətlərimiz bütün sahələrdə olduğu kimi, enerji sahəsində də güçlüdür: “Uzun illərə əsaslanan və Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və TANAP kimi infrastruktur layihələri ilə taclandırdığımız əməkdaşlığımız təkcə Türkiyə və Azərbaycana fayda verməyib, bölgənin və Avropanın enerji təhlükəsizliyinə də önəmli töhfələr verib.
Türkmənistan qazının ortaq səylərimizlə Türkiyəyə və Avropaya çatdırılması, TANAP-ın imkanlarının genişləndirilməsi artıq zaman məsələsidir. Bu sahələrdəki fəaliyyətlərimizin çox yaxında bəhrə verməsi, şübhəsiz, Türkiyə və Azərbaycanın daha bir ortaq uğuru olacaq.

Türk dünyası olaraq ölkələrimiz arasında siyasi, iqtisadi, ticari, təhlükəsizlik, hərbi, müdafiə sənayesi, nəqliyyat, səhiyyə, təhsil və mədəniyyət sahələrində olduğu kimi, enerji sahəsində də əməkdaşlığımızı daha yüksək səviyyəyə çatdırmaq və dərinləşdirmək arzusundayıq. Türk Dövlətləri Təşkilatının növbəti Zirvə görüşünün önümüzdəki ay Can Azərbaycanın ev sahibliyi ilə Şuşada keçirilməsindən məmnunluq duyduğumu da fürsətdən istifadə edərək bildirmək istəyirəm.
Tarixi “İpək yolu”nu relslər üzərində həyata keçirən Orta Dəhlizin onurğa sütunu olan Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirmə işləri tamamlanaraq, yenidən tam fəaliyyətə başlaması ilə yükdaşımalarda təmin ediləcək altı dəfəlik qabiliyyət artımı regional nəqliyyat şəbəkəsinin inkişafı baxımından strateji əhəmiyyətə malikdir.
Bərpaolunan enerjidə, yeni texnologiyalarda və enerji mənbələrinin şaxələndirilməsində iki ölkə olaraq əməkdaşlığımızı gücləndiririk. Naxçıvan vasitəsilə elektrik enerjisi ixracı və İğdır-Naxçıvan təbii qaz boru kəməri layihələrini ən yaxın zamanda başa çatdırmağı hədəfləyirik. Cənubi Qafqazda davamlı sülh və sabitlik əsasında yüksələcək əmin-amanlığın və rifahın təmin olunması üçün fəaliyyətimizi qətiyyətlə davam etdiririk. Azərbaycan və Ermənistan arasında son dövrlərdə əldə edilən müsbət yenilikləri məmnunluqla qarşılayır və imzalanacaq sülh müqaviləsini bölgənin gələcəyi baxımından tarixi fürsət olaraq gördüyümüzü bir daha bildirmək istəyirəm.
Fürsətdən istifadə edərək, 2024-cü il 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi münasibətilə qardaş Azərbaycanı bir daha təbrik edir, konfransa hazırlıq prosesində hər cür dəstəyi verməyə hazır olduğumuzu xüsusi ifadə edirəm”.
“Bu tədbir regional və qlobal əhəmiyyəti daşıyır”
Millət vəkili Vüqar Bayramov hesab edir ki, Bakı Enerji Həftəsi yalnız Azərbaycanın enerji potensialının təqdim edilməsi baxımından deyil, eyni zamanda, bu sahədə əməkdaşlığın gücləndirilməsi aspektindən də vacibdir. Deputatın sözlərinə görə, nəzərə alaq ki, bu toplantıya dünyanın aparıcı şirkətlərinin əməkdaşları gəlir: “Bakı Enerji Həftəsi fərqli dövlət və hökumət rəsmiləri, beyin mərkəzinin əməkdaşlarının bir araya gəlməsinə və qlobal enerji məsələlərinin müzakirəsinə imkan yaradır. Bu da nəticə etibarı ilə həm enerji sahəsində dövlət- özəl sektor əməkdaşlığının gücləndirilməsi, yeni ideyaların müzakirə olunması və bu sahədə real, perspektivə hesablanan addımların atılmasına gətirib çıxarır. Həm də innovasiya və texnologiyanın təqdimatı baxımından çox vacibdir. Enerji sahəsində ən vacib məqamlardan biri innovativ dəyişikliklərdir. Bakıda keçirilən bu forum həm də yeni texnoloji innovasiyaların şirkətlər tərəfindən təqdim edilməsinə, dördüncü sənaye inqilabının nəticələrinin müzakirəsinə imkan yaradır. Bu baxımdan regional və qlobal əhəmiyyət daşıyır. Azərbaycanın bu sahədəki potensialı ilə yanaşı, eyni zamanda gücünü göstərən əsas faktorlardan biridir”.
Azərbaycanın zamanında atdığı addımlar öz bəhrəsini verməkdədir
Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib ki, bu sərginin adı mütəmadi olaraq dəyişdirilsə də mahiyyəti dəyişmir: “Bu Bakı Enerji Həftəsi adlansa da Xəzər Neft Qaz sərgi konfransıdır. Artıq 29-cu dəfədir ki, keçirilir. Biz görürük ki, bu sərgi Xəzər regionunda İran, Rusiya, Qazaxstan, Türkmənistan və Azərbaycanda var. Vaxt var idi ki, 450 şirkət qatılırdı, indi isə 300 şirkət qatılır. Lakin bununla belə maraq səngimir. İkinci bir tərəfdən isə sabah konfransda 600-ə yaxın nümayəndə iştirak edəcək və 77 məruzə dinləniləcək. Böyük əksəriyyəti Xəzərin enerji resursları, onların işlənməsi, xarici investorlar üçün cəlbediciliyi və dünya bazarlarına çıxarılma imkanlarıdır. Logistik, infrastruktur layihələri və dünyanın ticari zəncirlərinin COVİD-dən sonra qırılmasına baxmayaraq, bunu böyük zəhmət hesabına yenidən yaradırıq. Azərbaycan hökuməti başda olmaqla, digər ölkələr bu əməliyyatlara öz töhfələrini verir. Görürük ki, Azərbaycanın zamanında atdığı addımlar öz bəhrəsini verməkdədir. Bu baxımdan da geniş oxucu auditoriyasında sual yarana bilər ki, 29 ildi nə keçiririk? Cavab sadədir. Enerji Azərbaycanın kapitala çevirməmişdən əvvəl əsas məhsulu olub. Bu məhsulu digərlərində maraq oyatmaq, yerin təkində və hətta indi üstündə belə olan enerji resurslarımızı kapitala çevirmək istəyirik. Ümumiyyətlə, iqtisadiyyatın əsas lokomotivi enerji sektorudur. Biz bunu digərləri ilə bölüşürük ki, sözügedən sahədə kifayət qədər kapitala sahib olaq və ondan yararlanaq. Bizim başqa məqsədimiz yoxdur. Kapitalizmdə əsas pul qazanmaq və həmin puldan rasional istifadə edərək ətrafından seçilən olmaqdır”.
Prezidentin çıxışı xarici mediada geniş işıqlandırılıb
Prezident İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışı xarici mediada geniş işıqlandırılıb. Türkiyənin aparıcı media qurumları – Anadolu Agentliyi, “TRT”, “Haber Global” media qurumları, “Yirmidört.tv”, “Haberler.com”, “Ekovitrin”, “Son dakika” və digər onlayn media qurumlarında, “Akşam” və digər qəzetlərdə tədbir barədə silsilə məqalələr dərc edilib.
“Prezident Əliyev: Azərbaycanın təbii qaz qıtlığı aradan qaldırılıb”, “Bakıda 29-cu Beynəlxalq Xəzər Neft və Təbii Qaz Sərgisi işə başlayıb”, “Azərbaycan Prezidenti Əliyev: Azərbaycan qaz təchizatı məsələlərində özünü etibarlı tərəfdaş kimi artıq sübut edib”, “Prezident Əliyev Bakı Enerji Həftəsində çıxış etdi: Azərbaycan Avropanın qaz təchizatçısıdır” və digər sərlövhələrlə yayımlanan xəbərlərdə Azərbaycan Prezidentinin tədbirdəki çıxışı xüsusilə diqqət mərkəzində saxlanılıb.
Dövlətimizin başçısının fikirlərinə istinadla bildirilib ki, “Şahdəniz” layihəsi Azərbaycanda qaza olan qıtlığı aradan qaldırdı. Bu gün 8 ölkə Azərbaycan qazını idxal edir. Bunlardan 6-sı Avropa ölkəsidir və Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırır: “Bu il 24 milyard kubmetrdən artıq olacaq. Səkkiz ölkə Azərbaycandan qaz alır və Azərbaycan qaz təchizatında etibarlı tərəfdaş olduğunu bir çox ölkələrə sübut etdi”.
Yazılarda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərlə bağlı qeyd edilib ki, son 30 il ərzində Azərbaycanın imzaladığı bütün müqavilələr tam həyata keçirilib: “Onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu etibar onilliklər ərzində qazanılıb. Bunun nəticəsidir ki, biz bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik”.

Türkiyə mətbuatında Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərdə bərpaolunan enerji potensialı barədə fikirləri xüsusilə diqqət mərkəzində saxlanılıb: “2027-ci ilədək 2 qiqavat həcmində bərpaolunan enerjinin əldə edilməsi tamamilə real hədəfdir. Bir daha təkrar edirəm ki, bu, sadəcə, başlanğıcdır”. Bundan başqa, qardaş ölkə mediası dövlət başçısının “Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərinin nəhəng hidroelektrik potensialı var. 2020-ci ilin noyabrında həmin ərazilər azad ediləndən sonra orada 270 meqavat həcmində hidroelektrik stansiyalar istifadəyə verilib. 3-5 il ərzində bu rəqəm 500 meqavata çatacaqdır. Beləliklə, bərpaolunan enerjinin 1 qiqavat həcmi bizə yarım milyard kubmetr qaza qənaət etməyə imkan verəcək ki, bazarın bu qaza ehtiyacı var və bu ehtiyac davam edəcəkdir” fikri də oxucuların diqqətinə çatdırılıb.
Yazılarda ildən-ilə miqyası genişlənərək Bakı Enerji Həftəsi adlandırılan bu tədbirin ilk dəfə 1994-cü ildə keçirildiyi və o vaxtdan bəri Azərbaycanın enerji sektoruna birbaşa xarici sərmayənin cəlb edilməsində çox vacib rol oynadığı qeyd olunub. Xəbərlərdə 30-dan çox ölkədən 300 şirkətin iştirak etdiyi sərgilərdə neft hasilatı və enerji nəqli, neft və təbii qazın saxlanması və xidmətlərinə dair innovativ texnologiyaların nümayiş etdirildiyi bildirilir.

Rusiya mediası da Prezident İlham Əliyevin çıxışını geniş işıqlandırıb. Bu ölkə mətbuatında yayımlanan materiallarda Azərbaycanın dövlət başçısının qaz ixracının coğrafiyasının genişləndirilməsi ilə bağlı bəyanatına xüsusi diqqət yetirilib. Azərbaycan lideri vurğulayıb ki, bu gün bizim təbii qazı alan səkkiz ölkədən altısı Avropa ölkəsidir. “Hazırda öz enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan təbii qazına ehtiyacı olan daha bir neçə ölkə ilə danışıqların aktiv fazası gedir”, - TASS Agentliyi Prezident İlham Əliyevin çıxışından sitat gətirib.
“PRIME” İqtisadi İnformasiya Agentliyi dövlət başçısının bu il Azərbaycandan qaz ixracının həcminin 24 milyard kubmetrdən çox olacağı barədə dediklərinə istinad edib.
“Neft i kapital” nəşri yazıb ki, Azərbaycan 5 ildən sonra bərpaolunan enerji gücünün 2 qiqavatını təqdim edəcək. Nəşrin Azərbaycan Prezidentinin çıxışına həsr olunmuş materialında, həmçinin bildirilib ki, Qarabağ və Şərqi Zəngəzur regionları böyük hidroenergetika potensialına malikdir.
“Vestnik Kavkaza” agentliyi Azərbaycan Prezidentinin çıxışından çıxarışlar dərc edərək, ölkəmizin son 30 ildə imzaladığı bütün razılaşmaların tam şəkildə yerinə yetirildiyini xüsusi vurğulayıb. Bunun sayəsində respublika yaşıl enerji və bərpaolunan resursların istehsalını inkişaf etdirməyə müvəffəq olub. “Şahdəniz” layihəsi Azərbaycanda qaz qıtlığına son qoydu”, - agentlik əlavə edib.
İspandilli mediada da Bakı Enerji Həftəsinə və dövlətimizin başçısının çıxışına dair məqalələr yayımlanıb. İspaniyanın “Invest.com”, “El Periódico de la Energía” nəşrlərində, eləcə də İsveçrənin ispan dilində yayımlanan “Swissinfo” portalında yer alan yazılarda Azərbaycan qazının altısı Avropada yerləşən səkkiz ölkəyə ixrac olunmasından, ölkəmizin qaz ixracının coğrafiyasını genişləndirməyi planlaşdırmasından və enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan qazına ehtiyacı olan bir neçə ölkə ilə fəal danışıqların aparılmasından söz açılıb. Məqalələrdə bu il ölkəmizin 24 milyard kubmetrdən çox qaz ixrac edəcəyi, 2020-ci ilin dekabrında istifadəyə verilən TAP kəmərinin Azərbaycan qazını Xəzər dənizindəki yataqlardan Avropaya nəql etməsi və onun Cənub Qaz Dəhlizinin bir hissəsi olması xüsusi vurğulanıb. Bundan başqa, yazılarda dövlətimizin başçısının 2023-cü ildə Azərbaycanın TAP vasitəsilə Avropaya 11,8 milyard kubmetr qazın nəql etməsi, ümumilikdə ixracı nəzərdə tutulan 24 milyon kubmetr qazın təxminən 12 milyard kubmetrinin Avropanın payına düşməsi, bu göstəricinin 2021-ci ildə 8 milyard kubmetrdən çox olması barədə fikirləri diqqətə çatdırılıb. İspandilli media qurumları Azərbaycanın TAP vasitəsilə qaz tədarükünü artırmaq üçün səylərini daha da artırması barədə Prezidentin fikirlərinə xüsusilə geniş yer verib.
Enerji məsələləri ilə bağlı ərəb dilində yayımlanan nüfuzlu “Attaqa.net” nəşri də dövlətimizin başçısının çıxışında səsləndirdiyi fikirlər, Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər, Azərbaycanın yaşıl enerji siyasəti barədə xəbərlər dərc edib. Xəbərlərdə dünyada enerji böhranının yaşandığı bir dövrdə Azərbaycanın ev sahibliyi etdiyi bu mötəbər tədbirdə 30-dan çox ölkədən 300-dək şirkətin qatıldığı və mühüm müzakirələrin aparıldığı, eləcə də ABŞ və Türkiyə prezidentlərinin tədbirlə bağlı təbrik məktubları ünvanladıqları bildirilib. Nəşrdə dövlətimizin başçısının Azərbaycanın qaz ixracını artırması planları ilə yanaşı, ölkəmizin bərpaolunan enerji potensialından istifadə istiqamətində atdığı addımlar barədə də məlumat verilib və Prezident İlham Əliyevin çıxışında Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərinin nəhəng hidroelektrik potensialı, həmin ərazilərin azad edilməsindən sonra orada 270 meqavat həcmində hidroelektrik stansiyaların istifadəyə verilməsi və 3-5 il ərzində bu rəqəmin 500 meqavata çatacağı barədə fikirləri əksini tapıb. Məqalələrdə Azərbaycanın bərpaolunan enerji sahəsində əməkdaşlığı inkişaf etdirməsi, Prezident İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin Bakı Enerji Həftəsi çərçivəsində iki günəş və bir külək elektrik stansiyasının təməlini qoyması barədə məlumat verilib. Bundan başqa, SOCAR ilə Türkiyənin BOTAŞ şirkəti arasında təbii qaz təchizatı, nəqli və tranziti sahəsində bir sıra müqavilələrin imzalandığı da qeyd olunub.