Əfqanıstanda təhlükəsizlik qüvvələrinin 14 əməkdaşı həlak olub

15:20 06.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əfqanıstanın şimal-qərbində, Faryab əyalətində “Taliban” hərəkatı silahlılarının hücumu nəticəsində yerli polis rəisi də daxil olmaqla, güc strukturlarının azı 14 əməkdaşı öldürülüb.

Hafta.az xəbər verir ki, Tolo News telekanalının əyalət şurasının üzvü Nadir Saidiyə istinadla yaydığı məlumata görə, taliblər şənbə günü axşam saatlarında Kaysar uyezdinin baş polis idarəsinə hücum ediblər.

“Daha 30-dan çox hərbçi və polis əməkdaşı “Taliban” silahlıları tərəfindən mühasirəyə alınıb. Əgər əlavə kömək gəlməsə, onlar da əsir götürüləcək”, - deyə Saidi bildirib.

Son iki gündə Əfqanıstanın güc strukturları ilə taliblər arasında qarşıdurmaların gücləndiyi müşahidə olunur. Cümə günü Baqlan əyalətində “Taliban” hərəkatı silahlılarının hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin azı səkkiz əməkdaşının həlak olduğu barədə məlumat yayılmışdı.