Əgər Fransa prosesə təzyiq etməsə, Brüsseldə irəliləyiş əldə edilə bilər - Ekspert

10:52 12.10.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Oktyabr ayının sonlarında Azərbaycan və Ermənistan liderlərinin yenidən Brüssel formatında görüsü gözlənilir. Avropa Parlamentində Azərbaycana qarşı qəbul olunan qərəzli qətnamədən sonra, Avropanın belə görüşlərdə nə dərəcədə ədalətli olacağı şübhə doğurur. Eyni zamanda, bu cür formatlarda görüşlərin keçirilməsi birmənalı qarşılanmamaqla yanaşı, Avropanın region xatirinə manevr imkanlarının əldən verilməməsi kimi dəyərləndirilir. Qərbdə bəzi ermənipərəst mövqedən çıxış edən dövlətlər Azərbaycana qarşı haqsız iddialar sürdürsə də, digər qisim Azərbaycanın əhəmiyyətini unutmur, danışıqlar prosesində vasitəçiliyini əldən verməmək üçün addımlar atır. Bütün hallarda növbəti Brüssel görüşü nə vəd edir?

Politoloq Elxan Şahinoğlu hesab edir ki, Brüssel görüşünün effektiv alınması Ermənistanın baş naziri Nikol Paşinyanın mövqeyindən asılıdır: “Paşinyan dediyini etməlidir. Əgər “Qarabağdaxil Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırıq” deyirsə, bu məsələyə son verilməlidir”.

Politoloq hesab edir ki, Brüsseldə hər hansı sənədin qəbul olunacağını söyləmək çətindir. E.Şahinoğlu bildirir ki, danışıqlar davam edəcək, yenə də sərhəd məsələləri, dəhlizin açılması müzakirə ediləcək. Hər şey Paşinyanın mövqeyindən asılı olacaq. İlin sonuna qədər sülh müqaviləsi imzalana bilər:

“Paşinyan üçün sülh müqaviləsinə imza atmağa münbit şərait yaranıb. O, Qarabağ yükündən azad olub. Qarabağ məsələsini Azərbaycan özü həll edib. Əgər Fransa prosesə təzyiq etməsə, Brüsseldə irəliləyiş əldə edilə bilər. Eyni zamanda, Şarl Mişelin Makronun təsiri altına düşüb-düşməməsindən də asılı olan məqamlar var”.