Dünya ictimaiyyətinin diqqətini BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının qarşıdan gələn 29-cu sessiyasının (COP29) əhəmiyyətinə cəlb etmək üçün ekofəallardan ibarət 40 nəfərlik qrup velosipedlə Ankaradan Azərbaycana yola düşüb.
Hafta.az xəbər verir ki, Ankaranın Ulus rayonundakı “Zəfər” heykəli qarşısında jurnalistlərlə söhbətində ekofəallar “Pedalı fırlat, amma dünyanı dəyişmə” şüarı ilə keçirilən aksiyanın Parisdən başladığını və son mənzilin Bakı olduğunu bildiriblər.
Onlar bəyan ediblər: “Biz bəşəriyyətin diqqətini ətraf mühitə hörmətlə yanaşmağa və iqlim dəyişikliyi ilə mübarizəyə cəlb etmək məqsədi daşıyırıq”. Ekofəallar planetimizin sakinlərini avtomobil nəqliyyatından imtina etməyə və velosipedlərə keçməyə çağırıblar ki, bu da atmosferə buraxılan 80 faiz zərərli maddələrin miqdarını azaldacaq. “Biz dünyada velosiped yollarının sayını mümkün qədər artırmalıyıq”, -deyə velosiped yürüşü iştirakçıları qeyd ediblər.
Aksiya iştirakçıları Azərbaycanda 10 bəndlik ekoloji müraciət dərc etməyi planlaşdırdıqlarını bildiriblər.