Əl-Qaida” Əfqanıstanda 8 yeni düşərgə açıb

10:41 05.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Long War Journal"ın dərc etdiyi hesabata görə, terror təşkilatı “Əl-Qaida” 8 yeni təlim düşərgəsi açıb.

Hafta.az-ın yazdığına görə, Demokratiyaları Müdafiə Fondundan tədqiqatçı Bill Roggio tərəfindən yazılan hesabat BMT-nin Analitik Dəstək və Sanksiyalar Monitorinq Qrupunun yanvarın 29-da dərc etdiyi qiymətləndirməyə əsaslanır. BMT komandası bu yeni “Əl-Qaida” düşərgələrinin Qəzni, Lağman, Pərvan və Uruzqan əyalətlərində yerləşdiyini, bəzilərinin müvəqqəti olacağını bildirərək, Taliban-la “Əl-Qaida” arasında münasibətlərin hələ də şərti olduğunu qeyd edib.

Təşkilatın hazırda Əfqanıstandakı 34 əyalətdən 10-da təlim düşərgələri var. Hesabatda "Həkim əl-Misri" kimi tanınan “Əl-Qaida” liderlərindən birinin "təlim düşərgələrinə rəhbərlik etdiyi" ehtimal olunurdu.

Hesabatda “Əl-Qaida”nın Laqman, Kunar, Nangarhar, Nuristan və Pərvan əyalətlərində beş dini məktəb fəaliyyət göstərdiyi də üzə çıxıb. “Əl-Qaida” ilə İran arasındakı əlaqəni vurğulayan Roqqio BMT-nin Monitorinq Qrupunun hesabatına əsaslanaraq bildirib ki, “Əl-Qaida” Əfqanıstanla İran arasında üzvlərinin hərəkətini asanlaşdırmaq üçün Herat, Farah, Helmand və Kabildə təhlükəsiz evlər saxlayır.