Əlcəzairdə Fransaya qarşı imzatoplama kampaniyasına start verilib

18:10 07.02.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əlcəzairdə Fransanın işğal dövründə insanlara qarşı törədilən kütləvi qırğınları cinayət olaraq tanımasını nəzərdə tutan qanun layihəsini dəstəkləmək məqsədilə imzatoplama kampaniyasına start verilib.

Hafta.az-ın yazdığına görə, əlcəzairli millət vəkili Bilarbi Kamal deyib ki, əslində sözügedən qanun layihəsini ötən il yanvarın 28-də hazırlayaraq parlamentə təqdim ediblər, amma müəyyən səbəblərdən müzakirəyə çıxarılmayıb.

Bu yerdə qeyd edək ki, Prezidentin İşğal Dövrü ilə bağlı işlərə baxan yardımçısı Əbdülməcid Şeyxi, Fransanın Əlcəzairdəki müstəmləkəçiliyinin cinayət sayılmasına qanuni qiymətin verilməsinə ehtiyac olmadığını demişdi. Millət vəkili B.Kamal bildirib ki, Fransanın Əlcəzairdə törətdiyi cinayətləri tanıması vacibdir. Çünki bundan sonra Fransadakı arxiv materiallarının və maddi təzminatın tələb edilməsi asanlaşacaq. O, bunun üçün ölkədə imza kampaniyasına başlanıldığını və ən azı bir milyon imzanın toplanmasını hədəflədiklərini əlavə edib.

Qeyd edək ki, Fransa Əlcəzairi işğal etdiyi 1830-cu illərdən başlayaraq 1 noyabr 1954-cü ilədək bu ölkədə sözün əsl mənasında insanlıq dramı yaşanıb, minlərlə günahsız insan qətlə yetirilib. Əlcəzairdə, 1954-cü ildə başlayaraq 8 il davam edən və 1962-ci ildə müstəqillik aktı elan edilincə, Fransa ordusu tərəfindən 1,5 milyon əlcəzairli öldürülüb. Rəsmi Paris Əlcəzair torpaqlarında 1960-1966-cı illərdə 17 nüvə sınağı keçirdiyini iddia edir, amma Əlcəzair hökuməti bu sayın 57 olduğunu bildirir.

Fransa, Afrikadakı müstəmləkə tarixinin ən qanlı nümunəsi olan Əlcəzairdə törətdiyi qətliamları hələ də rəsmi şəkildə qəbul etməyib.