Ələt İqtisadi Zonası - azad iqtisadiyyata açılan yeni pəncərə

15:26 05.08.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu gün dünyanın aparıcı ölkələrində azad sahibkarlığın inkişaf etdirilməsi, liberal iqtisadiyyatın təşviqi üçün müxtəlif iqtisadi modellər tətbiq olunur. Azərbaycanda da sahibkarlığın inkişafının yeni modellərinin tətbiqi, bu istiqamətdə ən yaxşı təcrübələrin öyrənilərək həyata keçirilməsi istiqamətində zəruri addımlar atılır.

Bu yaxınlarda Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan Ələt Azad İqtisadi zonası da dünyanın ayrı-ayrı ölkələrindəki oxşar qurumların müsbət təcrübəsindən bəhrələnməklə yeni yanaşma nümayiş etdirir. Belə ki, burada həm ölkəmizin regional inkişaf amili, həm də investorların rahatlığının təmin edilməsi maksimum dərəcədə nəzərə alınıb. Ələt Azad İqtisadi Zonasına yatrım edəcək investorlar, eyni zamanda, mükəmməl infrastruktura malik iki transmilli nəqliyyat marşrutuna çıxış imkanı qazanacaqlar. Prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının funksionallığının təmin olunması üçün geniş fəaliyyət planının olduğunu diqqətə çatdıraraq yeni zonanın önəmini vurğulayıb: “Bu zonanın yaradılması ideyasının təməlində bizim siyasətimiz dayanır. Xüsusilə son illər qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən işlər bu zonanın yaradılmasına təkan vermişdir. Biz gördük ki, qeyri-neft sektoruna qoyulan sərmayə daha çox dövlət sərmayəsidir, yaxud da ki, yerli şirkətlərin sərmayəsidir. Xarici şirkətlər daha çox neft-qaz sektoruna sərmayə qoymağa meyillidirlər. Ona görə, bu zonanın yaradılması, əminəm ki, Azərbaycanın qeyri-neft sektorunun, iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına xidmət göstərəcəkdir. Eyni zamanda, burada yaradılacaq infrastruktur investorlar üçün cəlbedici olacaq, ölkəmizə yeni texnologiyalar gələcək, yeni iş yerləri yaradılacaq və burada işləyəcək Azərbaycan vətəndaşlarının əməkhaqqı yüksək olacaq, rəqabətqabiliyyətli məhsul istehsal ediləcək və bizim qeyri-neft sektorumuzun ixrac imkanları genişlənəcək. Beləliklə, bir ildən sonra - gələn ilin iyul ayında zona investorları qəbul etməyə hazır olacaq. Əminəm, biz görəcəyik ki, bax, burada göstərilən mənzərə həyatda öz əksini tapacaq. Çünki bu günə qədər bütün təşəbbüslərimiz, bütün planlarımız həyatda öz əksini tapıb. Elə bir təşəbbüs olmayıb ki, o, reallığa çevrilməsin. Ən çətin layihələr, transmilli layihələr, çox çətin geosiyasi vəziyyətdə həyata keçirdiyimiz layihələr uğurla başa çatıb. Bunları sadalamağa ehtiyac yoxdur, hər kəs bilir söhbət nədən gedir. Ona görə, bu zonanın yaradılması, əminəm ki, uğurumuzun növbəti addımı olacaqdır”.
Məlumat uçün bildirək ki, Dünya Bankının hesabatlarına əsasən, hazırda dünyanın 130 ölkəsində 4000-dən çox xüsusi iqtisadi zona mövcuddur . Bu zonaların  qlobal ixracda çəkisi 200 milyard dollardan artıqdır. Azad İqtisadi Zonanın fəaliyyəti yalnız yerləşdiyi ölkənin ərazisinə deyil, qonşu ölkələrində iqtisadiyyatına müsbət impuls verməkdədir.Qeyd edək ki, Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektar olacaq. İqtisadi zonanın ümumi sahəsinin 60 hektarında layihələndirilmə artıq başa çatıb və inşaat işləri başlayıb, bütün infrastrukturun yaradılması üçün zəruri addımlar atılıb.

Azərbaycan İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru Əli Əlirzayev deyir ki, Azərbaycan tək Ələtdə deyil, digər regionlarda da bu cür azad iqtisadi zonalar yarada bilər:

“Azad iqtisadi zonanı yaratmaq üçün müəyyən potensial olmalıdır. Bu layihəni həyata keçirən ölkə investisiya axınını gücləndirməlidir. Azad iqtisadi zonaların yaradılması Azərbaycan iqtisadiyyatının mühüm istiqamətlərindən biridir. Bu cür layihələrin Azərbaycan üçün xeyri ondan ibarətdir ki, investisiya axını təmin olunacaq. Azad iqtisadi zonada əsas şərtlərdən biri də vergi amilini tənzimləməkdir. Yəni müəyyən mənada vergilərin ləğv olunması deməkdir. Burada əsas məqsədlərdən biri də keyfiyyətli məhsul istehsal edib dünya bazarına ixrac etməkdir. Ölkəmiz üçün bu cür layihələrin həyata keçirilməsinin böyük əhəmiyyəti var. Bizim əsas məqsədlərimizdən biri qeyri-neft sektorunu inkişaf etdirməkdir. Bunu da yalnız neft sektoru ilə deyil, qeyri-neft sektoru ilə də həyata keçirməliyik. Biz digər sahələrə önəm verdikcə iqtisadiyyatımız daha da inkişaf edəcək”.

İqisadçı-ekspert Rəşad Həsənovun fikrincə isə sözügedən zona müasir texnologiyalara əsaslanan və daha yüksək dəyərtutumlu iqtisadiyyatın formalaşması üçün bir baza rolunu oynaya bilər: Azərbaycanda əslində xüsusi iqtisadi zona uzun illərdir tətbiq olunur. Məsələn, sənaye məhəllələri, sənaye parkları, aqroparklar, turizm rekreasiya zonaları və s. Bunlar əslində xüsusi iqtisadi zona anlayışlarının bu günə qədər tətbiq olunmuş və tətbiq olunmaqda olan növlərindəndir. Azad iqtisadi zona olaraq Ələt İqtisadi Zonası Azərbaycanda tətbiq olunan ilk model olacaq. Bura sahibkarlıq subyektlərinə, xüsusən də xarici investorlara gömrük vergi güzəştləri təmin etməklə və eyni zamanda müəyyən infrastruktur formalaşdırmaqla və həmin sahibkarlıq subyektlərinin nəqliyyat-kommunikasiya imkanlarına çıxış imkanlarını asanlaşdırmaqla iqtisadi fəaliyyətlərlə məşğul olmaları üçün nəzərdə tutulmuş zonadır. Bu zonanın fəaliyyəti haqqında bildiyiniz kimi qanun da qəbul olunub. Bu qanunun qəbul edilməsi üçün zərurət var idi. Xüsusən də xarici sərmayədarlar sürətli qanun dəyişikliyi halında uzunmüddətli investisiya planlaşdırmasını apara bilmirlər. Onlara daha etibarlı, uzunmüddətli dövrdə daha dayanıqlı olan biznes mühiti lazımdır. Məhz bu zərurət azad iqtisadi zona haqqında qanunun qəbul olunmasını şərtləndirdi. Qanun zonada fəaliyyət göstərən rezidentlərin mülkiyyət hüququ, onların investisiyalarının repatriasiyası şərtləri və eyni zamanda fəaliyyətləri zamanı yaranan vergi və gömrük öhdəlikləri üzrə güzəştləri özündə ehtiva edir. Bundan başqa onların xüsusi şərtlər daxilində arbitraj məhkəməsi olacaq. Bura həm də müasir texnologiyalara əsaslanan və daha yüksək dəyərtutumlu iqtisadiyyatın formalaşması üçün bir baza rolunu oynaya bilər. Xarici bazarlarla əlaqələrin genişlənməsinə ciddi töhfə verəcək. Azərbaycanlı sahibkarlar xarici bazarlarla daha yaxşı işləyə bilmirlər. Bu istiqamətdə təcrübə zəifdir. Qeyd edilən xarici sərmayədarların hazır təcrübələri, hazır bazarları var. Eyni zamanda təbii ki, vəsaitlə birlikdə bütövlükdə bu üç komponenti özündə birləşdirən ciddi iqtisadi imkan formalaşdıracaq. Azərbaycan iqtisadiyyatı ilə münasibətdə mal və xidmətlərə yaranan tələb fonunda müəyyən multiplikativ effekt yaradacaq. Eyni zamanda Azərbaycanın əsas iqtisadiyyatının iştirakçıları üçün Ələt Azad İqtisadi Zonasında təşkil olunan mal və xidmətlər daha aşağı qiymətlə əldə etmək imkanı yaranacaq”.

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vüqar Bayramov da hesab edir ki, Ələt Azad İqtisadi Zonası Azərbaycanda qeyri-neft sektorunun inkişafı və bütövlükdə Azərbaycan iqtisadiyyatına investisiyaların cəlb edilməsi baxımından vacib layihədir: “Ümumiyyətlə, iqtisadi zonalarla bağlı xüsusi qanun qəbul olunduğundan Ələt Azad İqtisadi Zonası praktik olaraq beynəlxalq hüquqla tənzimlənir. Bu hasilatın pay bölgüsünə uyğun statusun verilməsidir. Bu da sərmayələrin cəlb edilməsi, xüsusən aparıcı xarici şirkətlərin Ələt Azad İqtisadi Zonasına investisiya qoyuluşunun təşviq edilməsi baxımından vacibdir. Eyni zamanda Azərbaycan höküməti tərəfindən burada ilkin infrastruktur formalaşdırılır. Bu da məhz xarici investisiyaların cəlbi baxımından vacibdir".

Onun fikrincə, Ələt Azad İqtisadi Zonasının xüsusən qeyri-neft məhsulların istehsalı baxımından yeni sərmayələrin cəlb edilməsinə imkan verəcəyi gözlənilir:

"Bu, istehsal olunan məhsulların bir qisminin daxili, bir qisminin xarici bazarlara çıxışını təmin edəcək. Eyni zamanda Ələt İqtisadi Zonası Azərbaycan üçün texnoloji investisyaların cəlb edilməsi baxımından vacib hesab olunur. Güman olunur ki, yeni iş yerlərinin, xüsusilə ixtisaslı kadrların işlə təmininə müsbət təsir göstərəcək. Bütövlükdə Ələt İqtisadi Zonasının yerləşmə coğrafiyası elədir ki, orada istehsal edilən məhsulların ixrac baxımından kifayət qədər böyük üstünlükləri var. Bu, bir tərəfdən qeyri-neft sektorunda istehsal edilən məhsulların həcminin artmasına və bütövlükdə sektorun inkişafına zəmin yaradacaq. Həmçinin daxili bazara daha çox yerli istehsal olan məhsulların çıxarılmasına imkan verəcək. Nəzərə alsaq ki, Ələt paytaxta yaxın ərazidir, təbii ki, ixtisaslı kadrların daha yüksək maaşlı işlə təmin olunmasına şərait yaradacaq. Bura xüsusən aparıcı şirkətlərin sərmayə yatıracağı proqnozlaşdırılır".

Oxunma sayı 2003