Bakıda tanınmış özbək alimi, filologiya elmləri doktoru, professor Nurbay Cabbarovun “Əmir Əlişir Nəvainin irfani dünyası” adlı monoqrafiyası Azərbaycan dilində nəşr olunub.
Hafta.az xəbər verir ki, kitab Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı ilə “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.
Fundamental tədqiqat əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəyli, rəyçisi professor Yaşar Qasımbəyli, redaktoru isə dosent Siracəddin Hacıdır. Özbək dilindən Azərbaycan dilinə tərcümənin və "Ön söz"ün müəllifləri professor Almaz Ülvi Binnətova və Təbriz universitetinin professoru Hüseyn Xoşbatindir.
Monoqrafiyada böyük şair və mütəfəkkir Əmir Əlişir Nəvainin şəxsiyyəti, dövlətçilik xüsusiyyətləri, zəngin irfani dünyası və ədəbi-estetik baxışları yeni tədqiqatlar əsasında təhlil edilir. Kitabda Nəvainin türk xalqlarını vahid ədəbi dil ətrafında birləşdirmək missiyası, onun şah əsəri olan “Xəmsə”dəki bədii anlayışlar, həmçinin “Ərbəin” və “Siraçül-müslimin” kimi dini-maarifçi əsərlərinin mahiyyəti geniş işıqlandırılır. Eyni zamanda, əsərdə XIX əsrdən müasir dövrə qədər özbək ədəbiyyatında mövcud olan “Nəvaiyə varislik” ənənələri sistemli şəkildə araşdırılır.
Monoqrafiyanın müəllifi Nurbay Cabbarov Özbəkistan klassik ədəbiyyatşünaslığı üzrə elmi məktəbin yaradıcısı, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin elmi işlər və innovasiyalar üzrə prorektoru, həmçinin Özbəkistan Yazıçılar Birliyinin Ədəbi Tənqid Şurasının sədridir. O, Özbəkistanın “Şöhrət” medalı və “Dostluq” ordeni ilə təltif edilib. Alimin fundamental tədqiqatları ABŞ, Türkiyə, Azərbaycan, Rusiya və Çin kimi ölkələrin nüfuzlu elmi nəşrlərində ("Scopus" və s.) işıq üzü görüb.
Professor N.Cabbarov Azərbaycan-özbək ədəbi əlaqələrinin inkişafındakı xidmətlərinə görə Azərbaycanın “Nizami Gəncəvi” xatirə nişanı (2021) və AMEA-nın “Ədəbiyyatşünaslıq elminə dəstək” diplomu (2023) ilə təltif olunub.
Nəşr Azərbaycan ilə Özbəkistan arasındakı tarixi-mədəni dostluğun, elmi inteqrasiyanın güclənməsinə və milli nəvaişünaslıq sahəsindəki boşluqların doldurulmasına mühüm töhfədir. 324 səhifədən ibarət olan bu qiymətli mənbə ədəbiyyatşünaslar, tədqiqatçılar, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.