Erməni revanşistləri həvəsləndirən "yardım"

15:15 03.08.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Qərbin, Avropanın Ermənistanı silahlandırması, bu məqsədlə ayırdığı maliyyə Ermənistan hakimiyyəti və cəmiyyətini revanşist siyasətlərini davam etdirməyə ilhamlandırır. Üstəlik, Avropa İttifaqının Avropa Sülh Fondu vasitəsilə Ermənistana 10 milyon avro ayırması Ermənistanı yeni müharibəyə həvəsləndirir.  Azərbaycanla sərhəddə  müxtəlifçaplı silahlardan istifadə edərək təxribatlar törədilir. Mövcud vəziyyət nədən xəbər verir?

Hərbi ekspert Ədalət Verdiyev Ermənistanın son bir neçə ayda vəziyyəti gərginləşdirmək üçün əlindən gələni etdiyini bildirib. Ekspert  qeyd edir ki, Tovuz ərazisində Ermənistan tərəfindən qaldırılan kvadratopter Azərbaycan ərazilərinin kəşfiyyatını aparmağa, əməliyyatlar zonasında yerləşən atəş vasitələrimizin mövqelərini və koordinatlarını dəqiqləşdirməyə yönəlib ki, bu da ciddi hərbi hazırlıqların getdiyini söyləməyə əsas verir. O, digər tərəfdən ABŞ-nin erməni ordusuna hərbi təlimlər keçirməsi fonunda Ermənistanın bir neçə istiqamətdə atəşkəsi pozmasını, eləcə də silahlanma ilə bağlı ardıcıl olaraq 100 milyonluq müqavilələrin bağlanması haqqında məlumatları təsadüfi saymayıb.  

“Ermənistan Avropa İttifaqı, ABŞ-dən gələn maliyyə və silah-sursatla həvəslənərək atəşkəsi pozur və Azərbaycan tarixi torpaqlarından ərazilərimiz atəşə tutulur. Bütün bunlar Ermənistanın törətdiyi təxribatların getdikcə artan dinamikliyini müşahidə etməyə imkan verir. Böyük ehtimalla, Ermənistan növbəti genişmiqyaslı təxribatlara və eskalasiyaya hazırlaşır. Yaxın günlərdə Ermənistanın Azərbaycanla şərti dövlət sərhədinin bir və ya iki istiqamətinə qoşun cəmləşdirilməsi də gözləniləndir. Beləliklə, yaxın perspektivdə Ermənistan silahlı qüvvələri, həm də başqa dövlətlərin təzyiqi altında Azərbaycana qarşı  geniş təxribatlar törədəcəyini, eskalasiya yaradacağını ehtimal edərək fəaliyyətimizi buna qarşı yönəltməliyik. Düşmənin cəmləşdiyi müəyyən istiqamətlərdə isə perementiv tədbirlər görə biərik”.

Deputat Arzu Nağıyev bildirir ki, Avropa Sülh Fondundan ayrılmış 10 milyon avro  Ermənistanın silahlı qüvvələrində modernləşmə prosesinin, yeni silahların alınması, yeni alayların qurulması və sair istiqamətdə xərclənəcək vəsaitdir. Avropa İttifaqı “Avropa Sülh Fondu” adı ilə Ermənistanı maliyyələşdirsə də, məlumdur ki, bu vəsait sülhün bərqərar olunması üçün istifadə edilmir.

Onun sözlərinə görə, bu, Ermənistandan istifadə edilərək regiona nəzarəti ələ almaq, Cənubi Qafqazda nüfuz sahibi olmağa hesablanır. Bütün hallarda Ermənistanın maliyyələşdirilməsi, silahlandırılması Azərbaycana qarşıdır.

A.Nağıyev eyni zamanda bunun Rusiyanın Cənubi Qafqazda nüfuzunun aşağı salınması ilə bağlı olduğunu qeyd edib:

"Ermənistan Kollektiv Təşkilatı Müqaviləsi Təşkiatında təmsil olunmaqdan imtina edir, eyni zamanda, Fransa ilə hərbi müqavilələr bağlayır. İran sərhədləri yaxınlığında NATO-nun hərbi qüvvələri artır. Rusiya bəyanatlarında bunu özünə və Cənubi Qafqaza qarşı atılan addımlar kimi dəyərləndirir. İran özü susur. Bunun özü də gərginliyi ifadə edən elementlərdir”.

A.Nağıyev bildirir ki, Qərbin, Avropanın Ermənistanı silahlandırması Azərbaycanda diqqətlə izlənilir və təhdidlərin qarşısını almaq üçün adekvat addımlar atılır. Ermənistanın müstəqil siyasəti olmadığı üçün Qərbin atdığı bu addımların nə ilə nəticələnəcəyini dərk etmir. “Həmin Avropanın Sülh Fondu öz pullarını Ukrayna və digər müharibə ocaqlarında istifadə edib: "Bu gün də hərbi plasdarm kimi Ermənistanı seçməklə regionda sülhün pozulmasına, gərginliyə və regiona nəzarət rıçaqlarını ələ keçirməyə çalışırlar. Avropa Ermənistanın maliyyələşdirilməsinə “sülh naminə” deyib müxtəlif adlar verə bilər. Ermənistanda silahın artırılması hələ də qalan münaqişə ocağının alovalanmasına və sülhə maneə kimi nəzərə alınmalıdır. Bir sözlə, Qərbin bu addımı sülhə deyil, müharibə ocaqlarının alovlanmasına xidmət edir”.

Politoloq Rauf Məmmədovun qənaətincə, Qərbin, Avropanın Azərbaycana qarşı Ermənistanı silahlandırması və maliyyələşdirməsinin əsas düyün nöqtəsi Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi açılarsa, şərq-qərb, şimal-cənub logistika xətləri Azərbaycanda kəsişərək keçəcək. Dəhliz açılarsa, bütün logistik xətlər işləyəcək və dünyanın yeni iqtisadi, siyasi damarı burada formalaşacaq. Ona görə də dünyanın qlobal gücləri dəhlizi idarə etmək və nəzarəti ələ keçirmək üçün çırpınırlar.

Politoloq 44 günlük müharibədən sonra imzalanan bəyanatda Zəngəzur dəhlizinin açılması və Rusiya qoşunlarının ona nəzarəti həyata keçirməsi ilə bağlı razılaşmaya diqqət çəkib. O, bu məsələdə ABŞ, Fransa, Böyük Britaniyanın maraqlarının toqquşduğunu qeyd edib:

“Bu güclər Rusiyanın Zəngəzura nəzarət etməsini istəmir. Bu kontekstdə Azərbaycana təzyiqlər göstərirlər. Ona görə də İranı da bu məsələyə cəlb edirlər. Bu, təkcə Azərbaycana qarşı yönələn məsələ deyil. Logistik xətlər Azərbaycan üzərindən keçdiyi üçün hədəf Azərbaycan və regionun Ermənistan vasitəsi ilə gərginləşdirilməsi, yeni müharibə ocağının yaradılması ilə müşahidə olunur”.

Politoloq bildirir ki, dəhlizdən keçən logistik xətlərin regionda idarəçiliyi Azərbaycanla Türkiyənin üzərindədir. İdarəetmə mərkəzi isə Böyük Britaniya olacaq:

“Dəhlizin açılması prosesində Azərbaycanla Türkiyə möhkəm dayanıb. Geriyə addım yoxdur və məsələ uzandıqca gərginlik də artır. Britaniyanın qarşısında olan ABŞ, Fransa kimi güclər isə Ermənistanı silahlandırıb vəziyyəti gərginləşdirməklə məqsədlərinə nail olmağa çalışırlar. Bu, yeni dünya nizamının mərkəzinə çevrilmək, siyasi proseslərə nəzarət etməkdir. Təsəvvür edin, bununla Avropa, Çin Zəngəzur üzərində olan regionun əsas dövlətlərindən asılı vəziyyətdə qalır. ABŞ, Fransa, Avropa ittifaqı dəhliz üzərində məhz özünün idarəçiliyini təmin etmək üçün çapalayır”.

R.Məmmədov bildirir ki, Ermənistan ona silah daşıyan Avropa və Qərbin gücləri qarşısında heç nə edə bilmir. Lazım olarsa, “Müharibəyə başla“ əmrinə də itaət edəcək. Eləcə də PKK-nın Ermənistana döyüşlərə gətirilməsi və sair yollarla gərginliyin artırılması da mümkündür. Politoloq qeyd edib ki, Azərbaycan bütün bu niyyətləri bilir və vəziyyətə nəzarət var:

“Əgər hərbi balans dəyişərsə, Azərbaycanla Türkiyə birgə planlar qura bilər. Əbəs yerə deyil ki, Azərbaycan bölgədə yaranmış vəziyyətin məsuliyyətini Ermənistanın və onun havadarlarının daşıyacağını bəyan etdi. Eyni zamanda, Pakistanla qurulan əməkdaşlıq da bu kontekstə öz sözünü deyəcək”.

R.Məmmədov qeyd edir ki, vəziyyət ABŞ-də keçirilən seçkilərin nəticələrinə əsasən qismən dəyişə bilər. Onun fikrincə, erməniləri dəstəkləyən demokratlar hakimiyyətdən getsə, bu, bizim üçün sərfəli olacaq. Ümumən yeni hökumət Amerika siyasətini çox dəyişdirməsə də, prosesə təsiri ola bilər:

“Ermənistanda bir çoxları arxayındır ki, Avropa və Qərbin region maraqları kontekstində gec-tez ərazi iddilarında üstünlük əldə edə biləcəklər. Avropa İttifaqı, Fransa, ABŞ, Ermənistana dəstək verməsəydi, çoxdan regionda sülhə imza atılmışdı. Lakin müşahidə etdik ki, Ermənistan baş naziri Böyük Britaniyada Azərbaycan prezidenti ilə keçirlən görüşə getmədi. Bu da onunla bağlıdır ki, ABŞ və regionda maraqlı güclər Ermənistanı sülhdən yayındırır. Ona görə də Paşinyanın bir çıxış yolu qalıb - oyun oynasın və burada bir söz, başqa yerdə bir söz deməklə baş qatsın”.